Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
16:08
Ayna Sultanova parkı kimin güdazına gedib? – FOTO

Bakının Binəqədi rayonunda yerləşən Ayna Sultanova parkını tanımayan yoxdur. Sözügedən park 2014-cü ilin dekabr ayından hasara alınıb. Binəqədi rayon İcra Hakimiyyətindən həmin zaman verilən açıqlamada belə deyilirdi: “Park istifadəyə verildiyi müddətdən indiyə kimi heç bir təmir işləri aparılmayıb və indi park ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir.

Eyni zamanda sakinlərin nəzərinə çatdırılır ki, parkın planlaşdırılan təmiri zamanı Ayna Sultanovanın heykəlinin götürülməsi nəzərdə tutulmayıb.

Artıq parkın ətrafı hasarlanıb və əsaslı təmir işlərinə başlanılıb. Ərazidə parkın layihəsini əks etdirən şəkillər yerləşdirilib. Layihəyə əsasən, Ayna Sultanovanın heykəlinin ətrafı yüksək zövqlə yeni tərtibatda yenilənəcək.

"Bakı-2015" Avropa Oyunlarına hazırlıq çərçivəsində aparılan təmir işlərinin vaxtında və keyfiyyətlə görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti parkın yenidən qurulması prosesini nəzarətdə saxlayır.”

Sakinlərin müraciəti əsasında FaktXəbər olaraq sözügedən əraziyə baş çəkdik. 4 il bundan əvvəl, “əsaslı təmir işlərinə başlanılıb”, - deyilən yerdə nəinki təmir aparılmayıb, əksinə, böyük bir zibillik yaranıb desək, daha doğru olardı. Ərazidəki çoxillik ağaclar da 4 ildir suvarılmır. Bunu da sakinlər bildirdilər. Sakinlər ona da vurğulayırlar ki, hər ağacı kəsməyə görə 5-7 min manat cərimə edirlər, amma burada park məhv edilir, heç kim məsuliyyət daşımır.

Binəqədi Rayon İcra Hakimiyyətinə etdiyimiz müraciətə isə nədənsə cavab verən olmadı. İcra Hakimiyyətinin “Qaynar xətt”inin bizi yönləndirdiyi  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev bildirdi ki, sözügedən məsələyə təsərrüfat şöbəsi baxır və “ərazi hasarlanandan bu yana 4 il keçməsinə baxmayaraq, nə üçün hər hansı bir təmir işi aparılmayıb” sualına onlardan cavab alıb, bizə təqdim edəcək. Amma o, cavabı təqdim etmədi. Nə zaman etsələr, onların da fikirlərini yayımlayacağıq.

22 dekabr 2014-cü il tarixində FaktXəbər olaraq Ayna Sultanova parkının yenidənqurmadan sonra necə görünəcəyinə dair fotolar təqdim etmişdik. Xəbərdə bildirilirdi ki, parkakı heykəl götürüləcək. Bunu deməyə səbəb isə layihənin görüntülərində Ayna Sultanovanın heykəlinin yerində hansısa fiqurun yerləşdirilməsi idi. Fotoları “Global Construction” şirkəti yaymışdı.

“Global Construction” şirkəti oxuculara heç nə xatırlatmasa da, kiçik bir açıqlama hər şeyi aydınlaşdırmağa kömək edə bilər. Misal üçün bu şəkildə: Binəqədidə yanan və 15 nəfərin ölümünə səbəb olan binanın üzlüklərini “Global Construction” şirkəti istehsal etmişdi.

Baş prokuror Zakir Qaralov yanan bina ilə əlaqədar Prezident İlham Əliyevin yanındakı toplantıda bildirmişdi ki, “Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib və hər il həmin sertifikat yenilənib: “Həmin sertifikatda yazılıb ki, bu üzlüklər inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər. Ən əsas məsələ ondadır ki, bu işləri görən şirkət rayon İcra Hakimiyyəti ilə müqavilə bağlamadan fəaliyyət göstərib. Müəyyən edilib ki, müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Məlum məsələdir ki, bu işə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmalıdır. Bu layihələr Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır və nazirlik layihələndirməyə razılıq verəndən sonra bu işlər davam etdirilməlidir. Eyni zamanda ilkin baxış zamanı müəyyən edilib ki, binanın üzlənməsində tək bir materialdan istifadə olunmamalıdır, onların arasında izolyasiya materiallarından da istifadə edilməlidir. Təəssüf ki, bu materiallardan istifadə olunmayıb. Əvvəllər də adıçəkilən şirkətin gördüyü işlər üzrə əlavə iki hadisə olub. Birinci hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində baş verib. Həmin hadisə zamanı tələfat olmayıb. İkinci yanğın hadisəsi isə 27 fevral, 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb”.

“Global Construction” şirkətinin adı ilk dəfə 2011-ci ildə kredit qalmaqalında çəkilmişdi. Baş prokuror Zakir Qaralovun sözügedən şirkətin rəhbəri  Xaqani Bəşirov saxlanılması ilə bağlı təqdimatında bildirilir ki, o, Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (təqribən 230 milyon dollar) kredit alıb və qaytarmayıb. 

Görünür, Ayna Sultanova parkının qaranlıq taleyi məhz  “Global Construction”la bağlıdır. Məntiq bunu deyir ki, parkın yenidən qurulması üçün bir neçə milyon manat ayrılıb və pul şirkətin hesabına köçürülüb. Çünki İcra Hakimiyyətinin saytındakı 25.12.2014-cü tarixli məlumatda deyilir ki, parkda təmir işləri aparılır. Təmir işləri aparılırsa, demək pul köçürülüb və buna görə də iş gedir. Və qəfildən 19 may 2015-ci il tarixində Binəqədidə 15 nəfərən ölümünə səbəb olan faciə baş verir. Bununla da “Global Construction” məsələsi birdəfəlik bağlanır. Şirkətin hesabına köçürülən, böyük ehtimalla hesabdan çıxarılan pulların da taleyi də həmçinin. Paralel olaraq isə Ayna Sultanova parkının təmiri məsələsi.

Məhz buna görə də, Binəqədi rayon İcra Hakimiyyəti bir neçə media orqanının ayrı-ayrı vaxtlarda sözügedən parkla bağlı ünvanladığı suala cavab vermir.

Xatırladaq ki, bu heykəl 1986-cı ildə ucaldılıb.

Vaxtilə Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Ayna Sultanova Kommunist Partiyasının ideyalarını həyata keçirən siyasi və ictimai xadimlərindən biri olub.

O, Azərbaycanın sovet dövrü tarixinin tanınmış simalarından olan Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub. Ayna Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ayna Sultanova 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 01:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com