Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
21:06
Beynəlxalq tədbirdə Bakı Bəyannaməsi qəbul olundu

ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransı başa çatıb.

Konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrini müavini Bahar Muradova, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustanın xarici işlər naziri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Miçea Çiopraqa, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrpunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Onlar çıxışlarında layihənin önəmindən danışıblar. Qeyd olunub ki, bu cür layihələr ölkələrarası əməkdaşlığa təkan verir.

Qeyd edək ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.

Bəyannamədə qeyd olunub ki, Beynəlxalq Konfransın iştirakçıları qədim İpək Yolunun yenidən işə salınmasının əhəmiyyətini, mövcud nəqliyyat və enerji dəhlizlərinin səmərəli istismarının, eləcə də “Müasir İpək Yolu” vasitəsi ilə sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsiz hərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı iqtisadi inkişafı məqsədlərinə uyğunluğunu  nəzərə alıb. 

Bildirilib ki, qədim İpək Yolu boyunca yerləşən və həmin yolun bərpasından yenidən işə salınmasından (GEO) faydalana bilən ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı və möhkəmlənməsi üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləməyin vacibliyi qeyd edilib. 

Daha sonra bildirilib: 

"Helsinki Yekun Aktının prinsiplərinə, eləcə də müvafiq qanuni çərçivələrə və ATƏT öhdəliklərinə uyğun olaraq ATƏT regionunda sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı inkişafın və sosial rifahın  təmin edilməsinə yönələn layihələrin, o cümlədən ATƏT-in Nazirlər Şurasının 4/16 nömrəli “Yaxşı idarəetmənin gücləndirilməsi və əlaqələndirilmənin təbliği”nə dair Hamburq Qərarına uyğun olaraq Avropa və Asiya arasında əlaqələndirilmənin möhkəmlənməsi məqsədinin həyata keçirilməsində parlament üzvlərinin köməyinin əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:

1. Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri bütünlüklə dəstəkləyirik.

2. İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələrin iqtisadi subyektləri, o cümlədən biznes qurumları arasında əməkdaşlığın genişlənməsinə və təşviqinə töhfə verməyə çalışacağıq.

3. Davamlı, təhlükəsiz və çevik nəqliyyat və enerji dəhlizlərinin inkişafı və funksionallığının artması üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına  kömək edəcəyik.

4. Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən Qədim İpək Yolunun bərpası çərçivəsində effektiv nəqliyyat dəhlizlərinin, tranzit şəbəkələrinin və logistika infrastrukturlarının inkişafına ümdə əhəmiyyət verməyə çağırırıq.

5. İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələr arasında mədəni əlaqələrin, qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri, o cümlədən Monqolustanın irəli sürdüyü “Bir Kəmər və Bir Yol səyahətlərin sadələşdirilməsi” layihəsini MON dəstəkləyirik.

6. Biz Monqolustan tərəfdən İpək Yolu ilə əlaqəli təşkilatlar və təşəbbüslər çərçivəsində kiçik diplomatlar və tədqiqatçılar üçün irəli sürülmüş Sülh, Tərəqqi, Rifah, Vəd Mükafatına dair  təşəbbüsü alqışlayırıq və önümüzdəki illərdə onun sürətlə həyata keçirilməsinə tam dəstək verəcəyik.

7. Biz İpək Yolunun hədəflərinin əsasında olan Qərb-Şərq özəl və dövlət sektorlarının məlumat mübadiləsinə və məlumat ticarət platformalarına dair təşəbbüsləri dəstəkləyirik.

8. Biz İpək Yolu boyunca sərbəst, ədalətli və şəffaf dövriyyənin asanlaşdırmasını, eləcə də 21-ci əsrin yeni İpək Yolunun əsaslı davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin etmək üçün maliyyə inteqrasiyasını gücləndirmək üçün bütün səyləri dəstəkləyirik.

9. İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə ev sahibliyi etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə heyətlərinin təşəbbüslərini alqışlayırıq".

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib.

Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb.

Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ATƏT konfrans 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 04:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com