Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2018
15:49
Aprel qazisi pensiya ala bilmir - FOTO

“Həqiqi hərbi xidmətdən sonra 2016-cı il aprelin 4-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin tərkibində ön cəbhədə xidmətimi davam etdirmişəm. Manqa başçısı olmuşam. Aprel döyüşlərində sağ ayağımdan ağır yara aldım. Bir neçə güllə sağ ayağımı dizdən yuxarı tamamilə dağıtmışdı. Müdafiə Nazirliyinin hospitalında 1 il 2 ay yatmalı oldum. 2 dəfə əməliyyat edildim. İlizarov üsulu ilə 9 sm-ri tamamilə sıradan çıxmış bud sümüyümü bərpa etməyə çalışsalar da nəticə həkimlərin gözlədiyi kimi olmadı. Dizim qatlanmır. Əzələ toxumalarım da bərpa olmayıb. Həkimlər sağlamlığımın bundan artıq bərpasının mümkün olmayacağını bildirirlər. Qanun mənə əlillik dərəcəsi və pensiya almaq hüququ versə də bu hüququmdan yararlana bilmirəm”.

Bu sözləri Musavat.com-a açıqlamasında aprel qazisi Emin Əliyev deyib.

Qazinin sözlərinə görə, müraciət etdiyi hökumət strukturları bu məsələni axıra çatdırmırlar:“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə edilən müraciətlərim nəticəsizdir. Mənə bildirirlər ki, sənədlərimdə yetərsizlik var. 1 il 2 aylıq xəstəxana həyatımda baş verənlərin hamısı epiqrizdə yazılsa da onlar yenidən müayinə tələb edirlər. Buna da hazıram. Ancaq mənə vəzifəm və hüquqlarım aydın izah edilmir. Məqsədi anlamaqda çətinlik çəkirəm”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Emin Əliyevə göndərdiyi sənəddə sənədlərin yetərsizliyi qeyd olunsa da söhbətin hansı “çatışmayan” sənəddən getməsi haqqında heç bir açıqlama yoxdur. Qazinin israrlı suallarına cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin hospitalından göndərilən sənədlərdə “xəstə orqan müalicəyə cavab vermir” ifadəsi olmadığı üçün ona əlillik dərəcəsi verilməsi və pensiya kəsilməsi hələlik mümkün deyil. Müalicə orqanı isə bildirir ki, Emin yeni müayinə olunub. Onun hospitalda, ya da Əlillərin Bərpa Mərkəzində yenidən müayinə olunması bir neçə aydan sonra mümkündür. Keçmiş döyüşçü bu yanaşmanı ədalətsiz sayır:“Epiqrizdə açıq yazılıb. Ayğımda 9 sm sümük yoxdur, toxumalar da yoxdur, dizimin fəaliyyəti məhduddur. Məgər yenidən müayinə üçün gözləməli olduğum 2 ayda sümük yerinə gələcək, ya da dizim öz-özünə düzələcək? Mən bu suallarıma cavab tapa bilmirəm”.

Əsanın köməyi ilə çətinliklə gəzən qazi uyğun qurumlardan hüququnun bərpasını tələb edir:“Sağlamlığım imkan vermədiyi üçün saatlarla qəbullarda gözləyə bilmirəm. 

Uzun müddət ayaq üstə qalmaq ayağıma pis təsir edir – şişkinlik gəzməyimi tamamilə məhdudlaşdırır. Ailəmin mənim müalicəmə ayıracaq vəsaiti çox azdır. Mən davamlı sakitləşdiricilər, ağrıkəsicilər qəbul etməliyəm. Ümid edirəm, pensiya hüququmu bərpa edəndən sonra apteklərə olan borclarımı da ödəyə biləcəyəm”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Aprel qazisi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 03:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com