Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
10:28
Ombudsman Aparatında seçki hüquqları ilə bağlı treninq keçirilib

Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə Ombudsman Aparatının əməkdaşları və Müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək, Azərbaycanda seçki hüququnun təmini sahəsində atılan mühüm addımlar, həyata keçirilən islahatlar, seçki qanunvericiliyinin təkmilləşdirildiyini, Müvəkkilin seçki hüquqları istiqamətində MSK ilə uzun müddət səmərəli əməkdaşlığı, Ombudsmanın və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq, habelə 2009-cu və 2016-cı illərdəki referendumları Bakıda və rayonlarda, o cümlədən qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, bir sıra hərbi hissələrdə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında müstəqil müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını diqqətə çatdırıb.

Aparatın rəhbəri bildirib ki, Müvəkkil ötən müddət ərzində MSK ilə birgə müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra hakimiyyəti, bələdiyyələrin, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in, geniş ictimaiyyətin iştirakı ilə əhali arasında seçki hüquqları, seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət edən silsilə maarifləndirmə tədbirləri təşkil edib.

Prezidentin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.

Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və Aparatın əməkdaşlarının, o cümlədən Ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin qarşıdakı prezident seçkilərini də müstəqil müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb.

MSK-nın Media və İctimai Əlaqələr şöbəsinin müdiri Şahin Əsədli prezident seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, Müvəkkilin seçki hüquqları sahəsində fəaliyyətini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını və monitorinqlərini yüksək dəyərləndirib. O, seçki qanunvericiliyi və təcrübəsi, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, habelə MSK tərəfindən həyata keçirilən silsilə maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib.

Ombudsman Aparatı əməkdaşlarının seçki prosesinin həyata keçirilməsi, müşahidəçi kimi hüquq və vəzifələri, habelə müşahidə aparılması ilə bağlı çoxsaylı sualları ətraflı cavablandırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 16:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com