Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
12:32
Şairlərimiz beynəlxalq poeziya festivalında

Təbrizdə  XII Fəcr Beynəlxalq Şeir Festivalı keçirilib.

FaktXəbər-in məlumatına görə, festivala iki azərbaycanlı şair də qatılıb.

AYB Xəzər filialının sədri Arif Buzovnalı və şair-publisist Qurban Cəbrayıl İran İslam Respublikasında fəaliyyət göstərən Şeir və Ədəbiyyat Dastanları Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan festivalda iştirak ediblər.

Şair Qurban Cəbrayıl festival haqqında bunları deyib:

“Builki festival Şərqin dahi şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsinə həsr olunmuşdu. Elə tədbirin açılışı da böyük “Şəhriyar” mehmanxanasının akt zalında baş tutdu. İran Şeir və Ədəbiyyat Dastanları Mərkəzinin sədri Mehdi Qızıli giriş nitqi söylədi və görkəmli din alimi Ayətullah Cəfər Sübhaninin təbrik məktubunu çatdırdı. Vurğuladı ki, İslam İnqilabının qələbəsindən sonra təxminən 150 min türkcə (azəricə) şeir kitabı nəşr edilb. Bu il İslam İnqilabının 40-cı ildönümü ərəfəsində nəşr olunan ən yaxşı türkdilli şeir kitabları və müəlliflər də müəyyənləşdiriləcək.

Təbrizin 2018-ci il üçün İslam Ölkələri Turizm Paytaxtı seçilməsinə də toxunan ağaye Qızıli qeyd edib ki, Fəcr Festivalının burada keçirilməsi həm də qədim şəhərin və bölgənin bütün dünyaya tanıtdırılması məqsədi daşıyır.

Fəcr Şeir Festivalı Təşkilat Komitəsinin rəhbəri söyləyib ki, festival üçün 3400 şeir kitabı “Yetkinlər”, təxminən 670 əsər "Uşaq və yeniyetmələr, 200 şer isə “Poeziya” bölməsində iştirak məqsədilə təqdim edilib. Digər tərəfdən müsabiqədən sonra seçiləcək türk (Azərbaycan) ədəbiyyatı bölməsində də 200 əsər toplanıb”.

Qurban Cəbrayıl qeyd edib ki, festival Təbriz neft-qaz konsorsiumunun nəhəng “Petroşimi” salonunda yekunlaşıb: “İranın hər yanından fars və türkdilli yazarlar - Kərimi, Mühəqqiq, Təriqi, Mustafa Quluzadə, Babək İslami, Xosrov Sətribi, Sədr Məhəmmədi, Arif Zamani, Məhəmməd Rənci.., o cümlədən də Türkiyə Cümhuriyyətindən şairlər iştirak edirdilər. Çox təəssüf, İraqdakı qələm dostlarımız gəlib çata bilməmişdilər. Əruz, sərbəst və heca vəznində şeirlər səsləndirildi. Arif bəylə ümumi mövzudan əlavə, Qarabağın işğalı, Xocalı soyqırımı barədə də şeirlər oxuduq və çıxışımız iştirakçılar tərəfindən yüksək dəyərləndirildi. Təbrizin, ümumiyyətlə Şərqi Azərbaycan Ostandarlığının rəhbər şəxsləri xeyir-dua verdilər. Məşhur İran müğənnisi Əmir Sipehrinin ifasında “Azərbaycanım”, “Sarı gəlin” və digər mahnılar hərarətli alqışlarla qarşılandı. Asudə vaxtlarda şəhərin qədim və məşhur məkanlarına, o cümlədən Şairlər Məqbərəsinə, muzeylərə, El gölünə ekskursiyalar səfəri daha da maraqlı və rəngarəng etdi. Sonda qiymətli hədiyyələrlə mükafatlandırıldıq və təqdim olunan əsərlərin nəşri, işlərin bu istiqamətdə daha geniş miqyasda davamı qərara alındı.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Təbriz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 10:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com