Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
16:23
2768
Şərqi Quta barədə xəbərlər necə təhrif edilir? - ARAŞDIRMA

Yazının əvvəli

Qətər-Səudiyyə rəqabəti Şərqi Qutanı necə vurdu?

Suriya ordusu ölkə boyu vəziyyəti xeyrinə dəyişdiyi bir vaxtda Şərqi Qutadakı terrorçular da bir-birini qırırlar. Bu münaqişələrin ən qanlısı 2017-ci ilin aprel ayında "Əhraruş Şam" və "Heyətu Tahriruş Şam"dan dəstək alan "Rəhman Korpusları" ilə "Ceyşul İslam" arasında baş verib. Bir aylıq münaqişələrdə aralarında mülki şəxslərin də olduğu, əksəriyyəti terrorçu olan 400 nəfər ölüb. Hazırda da Şərqi Qutada Səudiyyə Ərəbistanı ilə Qətər arasında rəqabət gedir. Silahlı qrupların bu toqquşmalarının ən böyük qurbanı isə dinc sakinlərdir. Bu gün Şərqi Quta "Ceyşul İslam" və "Rəhman Korpusları" arasında faktiki olaraq ikiyə bölünmüş vəziyyətdədir və hər iki qrup da qarşı tərəfin nəzarətindəki şəhərlərdən gələn vətəndaşları oğurlamaq, işgəncə vermək və hətta öldürməkdə günahlandırır. Paralal olaraq isə Bəşər Əsədə qarşı mübarizə aparan ölkələr də hər iki terror qruplaşımasının öldürdüyü dinc sakinlərin Suriya Ordusu tərəfindən öldürüldüyünü tirajlayırlar.

Şərqi Qutadakı terrorçular necə tək qaldı?

Suriya hökuməti paytaxt Dəməşqin müdafiəsi daha önəmli olduğu üçün ən yaxşı təchizata malik qoşunları burada saxlayır. Və Uteybənin alınması kimi strateji əməliyyatlarla koordinasiyasız hərəkət edən terrorçulara qarşı getdikcə üstünlük əldə etdilər. Ancaq Dəməşqin bu gün Şərqi Quta ilə sona yaxınlaşan Dəməşq cəbhəsində Milli Dialoq Komitəsinin apardığı danışıqlar da bugünkü mənzərənin ortaya çıxmasına böyük təsir göstərib. Məsələn, Şərqi və Qərbi Qutanı bir-birinə bağlayan Yelda və Qabunda olan terrorçular silahlarını orduya təslim edərək Dəməşq rəhbərliyi ilə atəşkəsə üstünlük verdilər. Qərbi Qutanın ən mühüm cəbhəsi olan Derayada isə terorçular avtobuslarla İdlibə göndərilməyi qəbul etdilər. Beləliklə, 2017-ci ildə Dəməşq cəbhəsindəki silahlı qruplar Şərqi Qutadan  təcrid oldular. Suriya ordusu Mərci əs-Sultan, Mleyha və Deyir Əssəfir kimi kritik qəsəbələri alaraq Şərqi Quta cəbhəsini daraltdı. Bu, terrorçuların tunellərlə silah daşımasına da zərbə vurdu. 

Şərqi Qutadakı terrorçular qulaqardına vurula bilərmi?

Şərqi Qutadakı terrorçu qrupların həmfikir olduğu yeganə mövzu isə Dəməşqə qarşı mülki əraziləri hədəf alan qaubitsa və raket hücumlarıdır. Suriyanın rəsmi açıqlamasına görə, son 5 ildə terrorçuların hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 10 minə çatır. Təkcə son üç gündə Dəməşqə edilən hücumlarda ölən mülki vətəndaşların sayı 25 nəfərdir. Terrorçuların son bir ayda vurduğu məktəblər və xəstəxanalarla yanaşı Rusiya Səfirliyi və Rusiya ordusunun humanitar yardım payladığı idarə də vurulub. Terrorçular Rusiyanın İdlib və ya Deraya təhlükəsiz keçid təklifini də rədd ediblər. Etibarlı təxliyəni qəbul edən yeganə qrup isə "Heyətu Tahriruş Şam" oldu. "Ceyşul İslam"la münaqişələrdə bu qrupa əsir düşən üzvlərinin sərbəst buraxılması şərtini irəli sürən "Heyətu Tahriruş Şam" mənfi cavab aldığı üçün Şərqi Qutada qaldı.

Digər tərəfdən, terrorçuların ən böyük arxalanacağı isə Şərqi Qutada olan təxminən 250 min nəfərlik mülki əhalidir. Suriya təyyarələrindən Şərqi Quta bölgəsindəki etibarlı çıxış nöqtələrinin xəritələri atılsa da, bu günə qədər bölgədən böyük bir vətəndaş çıxışı olmayıb. BMT-nin REACH təşkilatının yayımladığı hesabatda bildirilir ki, terrorçular qalxan kimi istifadə etdikləri mülki vətəndaşların Qutadan çıxışına zorla mane olurlar. Suriya ordusunun İsrail sərhədinə yönəlməyi planlaşdırdığı bir vaxtda, Dəməşq rəhbərliyi paytaxtı təhdid edən və böyük bir təhlükəsizlik riski yaradan Şərqi Qutadakı terrorçuları qulaqardına vurulması artıq mümkün deyil. Bildirilir ki, ilk mərhələdə Suriya ordusu Şərqi Qutanın Dəməşq mərkəzinə sərhəd olan və "Rəhman Korpusları"nın yerləşdiyi bölgəni nəzarət altına almağı hədəfləyir. Çərqi Qutanın mərkəzi sayılan və "Ceyşul İslam"ın əlindəki Dumanın danışıqlar yolu ilə nəzarət altına alınması üçün isə Rusiyanın Səudiyyə Ərəbistanını inandırmağa yönəlmiş proseslər davam edir.

Kimdir bu fəallar?

Qərb mətbuatının Şərqi Quta məlumatlarının mənbəyi terrorçularla birlikdə hərəkət edən fəallardır. Qərb mediası bu anonim fəalların iddialarını 100% doğru qəbul edərək, onların göndərdiyi görüntülərdən istifadə edir və yayımlayırlar. Anonim fəallardan başqa mənbələr isə, "Ağ dəbilqəlilər" və "Syrian American Medical Society" (SAMS) üzvləridir. Onlar Suriyada hakimiyyət dəyişikliyi üçün gücünü ortaya qoyan Böyük Britaniya və ABŞ-dan 90 milyon dollar yardım alan humanitar "yardım" təşkilatlarıdır.

Terrorçu qruplarla yaxın münasibətlərinə görə tez-tez gündəmə gələn "Ağ dəbilqəlilər" bu iddiaları Əsəd hökumətinin "qaralama kampaniyası" adlandırsa da, "Heyətu Tahriruş Şam"ın mükafatını almaqdan imtina etməmişdi. "Heyətu Tahriruş Şam"ın o vaxtkı lideri olan Əbu Cabir mükafatlandırma mərasimində "Ağ dəbilqəlilər"i "İnqilabın gizli əsgərləri" adlandırmış və onlara təşəkkürünü çatdırmışdı.

"Syrian American Medical Society" isə Hələbdən sonra Şərqi Qutada da "Əsəd son xəstəxanı da bombaladı" xəbərlərinin əsas mənbəyidir. Qrup sonuncu dəfə Şərqi Qutada işlətdikləri 13 xəstəxananın hamısının Suriya ordusuna məxsus təyyarələr tərəfindən vurulduğu xəbərini yayımlamışdı. Ancaq SAMS-ın Suriyada fəaliyyət göstərən "Müsəlman Qardaşları" ilə gizlətməyə ehtiyac görmədiyi əlaqələrinə görə, qrupa bağlı həkimlərin açıqlamaları Qərb mətbuatında çox vaxt anonimləşdirilərək istifadə edilir. Belə ki, "Suriyanı ələvi qəbiristanlığına çevirəcəyik" kimi radikal çxışlar edən "Müsəlman Qardaşları" ABŞ-ın Suriyaya müdaxiləsi üçün dəridən-qabıqdan çıxırlar.

Xəbərlər necə təhrif edilir?

"Müxaliflər"in xəbər mənbəyi kimi istifadə edilməsi Qərb mətbuatını Şərqi Quta xəbərlərində bu qrupların siyasi məqsədlərinin vasitəsinə çevirib. Dəstək o qədər güclüdür ki, "Ağ dəbilqəlilər"in "Şərqi Quta Srebrenitsadır" açıqlamasından dərhal sonra İngiltərənin "Guardian" qəzeti, ardınca isə digər Qərb mediasında Şərq Qutanın Srebrenitsaya bənzədilməsi epidemiya halına çevrildi. Maraqlıdır ki, Suriya ordusunun Şərqi Qutada dinc xalqa qarşı müharibə apardığını söyləyən media orqanları, nədənsə Şərqi Qutada əllərində tanklar, minaatanlar, qaubitsalar və hətta raketlər olan terrorçuların varlığını gizlədirlər. Hətta Şərqi Qutadan Dəməşqin mərkəzinə terrorçular tərəfindən atılan raketlər barədə xəbərlər də ya yayımlanmır, ya da sətirlər arasında gizlədilir. Şərqi Qutadakı terrorçuların hücumlarında baş verən dəhşət anlarının görüntüləri isə vaxtaşırı olaraq Şərqi Qutaya qarşı Suriya ordusunun təcavüzünün görüntüləri kimi oxuculara təqdim edilir. Məsələn, Dəməşqdəki orta məktəbə Şərqi Qutadan atılan raket görüntülərini FOX TV Suriya ordusunun Şərqi Qutadakı ibtidai məktəbi bombalaması kimi təqdim edilmişdi. Suriya rəhbərliyi isə Şərqi Quta əməliyyatlarında mülki itkilər olduğunu qəbul etsə də, hücumlarda qəsdən mülki vətəndaşların hədəf alındığı iddialarını təkzib olunur. Dəməşq rəhbərliyi, "Heç bir ölkənin paytaxtında silahlı dəstələrin varlığına tolerantlıq nümayiş etdirilmir", söyləyir və terrorçuların təhlükəsiz keçid təkliflərini və vətəndaşların təxliyəsini rədd etdiyini xatırladır.

İkinci Hələb ola bilərmi?

Qərb mətbuatı Şərqi Quta xəbərlərində tez-tez Hələb bənzətməsi edirlər. Ancaq xatırladılmayan həqiqət, Hələbin silahlı qrupların nəzarətindəki şərqində yaşadığı bildirilən 300 min suriyalının, silahlı hərbiçilər və qohumları da daxil olmaqla yalnız 34 min terrorçu ilə birlikdə İdlibə getməyi seçməsidir.

BMT-nin rəqəmlərinə görə, Suriya ordusunun Hələbə nəzarəti təmin etdikdən sonra bu şəhərə geri qayıdan qaçqınların sayı 400 min olub. Hələb həmçinin hücumlarda ölən və ya yaralanan mülki şəxslərin görüntülərinin müharibənin bütün ölçülərinə nə qədər uyğun gəlməsi ilə bağlı da mühüm təcrübə oldu. Qeyd edək ki, Suriya təyyarələrinin hava hücumunda yaralanan hələbli kiçik Ümran, "Əsəd zülmünün simvolu" halına gətirilmişdi, ancaq daha sonra Ümran ailəsinin Əsəd tərəfdarı olduğu ortaya çıxmışdı. Şərqi Hələb terrorçuların nəzarətində olduğu vaxt minlərlə dollarlıq müsahibə təkliflərini və daha sonra da terrorçularla birlikdə şəhərdən ayrılmağı rədd edən Dakniş ailəsi də hələ yadan çıxmayıb.

Kampaniya iştirakçıları mülki vətəndaşların dərdini çəkirmi?

Şərqi Quta kampaniyalarını idarə edən ölkələrin bu mövqeyi, Səudiyyə Ərəbistanının ağır blokada və intensiv hücumlarla yox etdiyi Yəmənlə bağlı davranışları ilə böyük təzad yaradır. Şərqi Quta məsələsində ən fəal ölkələrdən olan Fransa, Böyük Britaniya və ABŞ Yəməndə aparılan müharibədə Səudiyyə Ərəbistanına hərbi dəstək verir. Əsədi Şərqi Qutada qətliamda günahlandıran digər ölkələr də Yəmən məsələsində Səudiyyə Ərəbistanına hərbi dəstək təklif etmişdi. Ancaq təzad yalnız bu ölkələrə aid deyil. Məsələn, Şərqi Qutada Suriya hökumətini qətliamda günahlandıran Beynəlxalq İnsan Haqları Təşkilatı (Human Right Watch) ötən ilin noyabr ayında Yəməndə Husilərin Səudiyyə Ərəbistanına raket atmasını "Müharibə cinayəti" kimi səciyyələndirmişdi. Şərqi Quta əməliyyatının dayandırılması üçün kampaniyaya başlayan Beynəlxalq Amnistiya Təşkilatı da Yəmənin paytaxtı Sənada vətəndaş ölümlərinin ən böyük mənbəyinin Səudiyyə təyyarələrinə açılan atəş olduğunu iddia edən hesabat dərc etdi. Husilərin Səudiyyə Ərəbistanına aid döyüş gəmisini vurmasının "terror hücumu" kimi göstərilməsi isə başqa bir təzaddır.

FaktXəbər

Məqalədə : Şərqi Quta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 22:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com