Prezident `Xruşkovkaları sökün deyir`, bunlar isə tarixi sökürlər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
14:33
3688
Prezident `Xruşkovkaları sökün deyir`, bunlar isə tarixi sökürlər

“İH-nin funksiyalarının genişləndirilməsi haqqında hökumətin qərarı sosial kataklizmlərə gətirib çıxara bilər”, Memarlar İttifaqının sədri belə hesab edir

Fevralın 18-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov dünyasını dəyişib, fevralın 19-da Nazirlər Kabineti bu komitədən tikinti şirkətlərinin tikinti üçün mütləq icazə alması təcrübəsinin ləğvi haqqında qərar qəbul edib.

Fevralın 19-na qədər tikinti DŞAK layihə sənədlərini yoxladıqdan və tikililərin sıxlığı, yaşıllaşdırma, kommunikasiyalar, sosial obyektlər və s. ilə bağlı tələblərə riayət olunduğunu təsdiq etdikdən sonra başlaya bilərdi. Nazirlər Kabinetinin qərarında deyilir ki, bu normalara riayət olunub-olunmadığına rayon icra hakimiyyəti nəzarət edəcək.

Fevralın 26-da telekanallardan biri tikinti şirkətlərinin rəhbərlərinin Nazirlər Kabinetinin qərarından məmnunluq ifadə etdikləri süjet nümayiş etdirib. Bu qərarın qəbulu ilə onlar işlərini sürətləndirəcəklər, belə ki, layihələri Dövlət Komitəsi ilə razılaşdırmayacaqlar. Müsahibə verənlərdən biri deyirdi ki, o, iki ay köçürülmüş sakinlərə kirayə pulu ödəyir, baxmayaraq ki, yeni binanın tikintisi getmir, çünki Dövlət Komitəsinin icazəsini gözləyirlər.

Memarlar İttifaqı Nazirlər Kabinetinin qərarına qarşı çıxır. İttifaqın sədri Elbəy Qasımzadə Turan-a müsahibəsində bədii surətdə hökumətin Dövlət Komitəsini sədri ilə birlikdə dəfn etdiyini deyib. A.Ələsgərovun dəfn edildiyi gün Nazirlər Kabineti faktiki olaraq Dövlət Komitəsini də dəfn edib, bu qərara başqa ad vermək olmaz, - deyə E.Qasımzadə qeyd edib.

Hökumət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əhəmiyyətini başa düşmür, bu quruma köməkçi təsərrüfat qurumu kimi yanaşır, baxmayaraq ki, DŞAK şəhərsalmada əsas rolu oynamalıdır, deyə o əlavə edib.

E.Qasımzadə tikilən yaşayış evlərinin maraqsız görünüşünə diqqət çəkib, bunu lövhələrdə əks olunmuş layihələrdən də görmək olar. "Ölkə prezidenti vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çirkin "Xruşovkaları" sökmək üçün "Pilot layihə" haqqında fərman imzalayıb. Amma Bakının mikrorayonlarında ömrü bitmiş binalar var, əvəzində isə "Pilot layihə" həyata keçirilməsi nəzərdə tutulmayan şəhərin mərkəzində tarixi binalar sökülür".

Nazirlər Kabinetinin qərarında əvvəllər Dövlət Komitəsinin nəzarət etdiyi normalara riayət olunması yerli icra hakimiyyətlərinin üzərinə qoyulub. E.Qasımzadə bu bəndə etiraz edir və bildirir ki, rayon icra qurumlarında ixtisaslaşmış memarlar çox azdır, bəzi icra hakimiyyətlərində isə bu vəzifələri tamamilə başqa peşələrin mütəxəssisləri - iqtisadçılar tutur, hətta zootexnik belə var.

Onlar Dövlət Komitəsinin onlarla mütəxəsisdən ibarət aparatının yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilməzlər. "Yerli hakimiyyət orqanlarında işləyənlər bütün şəhərsalma normalarına riayət edilməsinə nəzarət etmək iqtidarında deyillər. DŞAK ən azı gələcək binanın eskizinə icazə verməlidir, əks halda Bakının görünüşü korlanacaq. Rayon hakimiyyəti tikinti normalarına hazırda şəhər gigiyenası qaydalarına riayət etdikləri kimi riayət edəcəklər. İndi onlar evləri daha tez tikəcəklər və köhnə yaşayış binalarının sakinlərini daha uğurla bayıra atacaqlar", deyə Memarlar İttifaqının sədri qeyd edib.

Amma axı fevralın 19-na qədər tikinti şirkətləri rayon hakimiyyət orqanları ilə birlikdə binaları, bəzən içində yaşayan insanlarla birlikdə sökürdülər, dedik.

"Mərhum DŞAK rəhbəri Abbas Ələsgərov son üç həftədir ağır xəstə idi, bu müddət ərzində onun enerjili müavinləri bir neçə şirkətin layihələrini tamamlanması üçün qaytardılar. Deməli, Dövlət Komitəsi yenə də qaydaların pozulmasına mane olurdu. Məndə olan məlumata görə, tikinti şirkətləri arasında DŞAK-ın nəzarət öhdəliklərindən narazılıq çox yüksək idi, onlar hökumətin onlar üçün sərfəli olan qərar verməsinə nail oldular. Yerli hakimiyyətin üstünə qoyulmuş nəzarət funksiyaları isə məşhur "toydan sonra nağara" atalar sözünü yada salır - yəni indi binalar tikinti şirkətlərinə necə rahatdırsa, elə tikiləcək. Dövlət Komitəsi tikinti normalarına qorxulu etinasızlığı görüb etiraz etsə də, bu, "toydan sonra nağara" olacaq - tikinti şirkətləri artıq vəsait qoyduqlarını, binanı dəyişdirməyin gec olduğunu deyəcəklər, hakimiyyət isə Dövlət Komitəsinə təzyiq göstərərək, onun susmasını tələb edəcək", deyə E.Qasımzadə izah edib.

O, hökumətə memarlara məlum olan həqiqəti xatırladıb ki, şəhərsalma qaydalarının pozulması böyük sosial sarsıntılara gətirib çıxarır.

"Arxitektura yunan dilində "baş inşaatçı" deməkdir. DŞAK-dan tikinti normalarına riayət olunmasına nəzarət hüququnu almaqla Nazirlər Kabineti Bakını qorxulu sosial nəticələrə məhkum edir, belə ki, şəhərsalmada səhvlər kataklizmlərə aparıb çıxarır", deyə E.Qasımzadə bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Turan-ın suallarını cavablandırmaqdan imtina ediblər. DŞAK-ın xarici əlaqələr şöbəsindən komitə rəhbərliyinin Nazirlər Kabinetinin qərarını şərh etməmək qərarı olduğunu bildiriblər. E.Qasımzadə bu qərarı Dövlət Komitəsinin yeni rəhbərliyinin hökumətin sərəncamına qarşı çıxmaq istəməməsi ilə izah edib.

Dövlət Komitəsinin saytında mərhum sədrin çıxış mətnini tapdıq. DŞAK-ın 2 iyun 2017-ci il tarixli kollegiya iclasında Abbas Ələsgərov tikinti şirkətlərinin Bakının 9 rayonunda renovasiya üzdə "Pilot Layihə"nin həyata keçirilməsi zamanı şəhərsalma normalarına riayət etməməsinə toxunub.

Ələsgərov bəzi tikinti şirkətlərinin köhnə mənzillərin sökülməsi qaydalarına riayət etmədiyi, bunun sakinlərin təhlükəsizliyi üçün təhdid olduğunu, belə ki, söküntüdən əvvəl hazırlıq işləri aparılmadığını deyirdi. Yeni layihələrdə mühəndis kommunikasiyaları, avtomobil dayanacaqları və piyada yolları, idman qurğuları və istirahət yerləri haqqında tələb olunan normalar nəzərdə tutulmur.

A.Ələsgərli tələb edirdi ki, yerli hakimiyyət Dövlət Komitəsinin işləyib hazırladığı tikinti meydanlarının yol verilən minimum (1 ha) ölçüsü ilə bağlı normalara (2017-ci il yanvarın 13-də kollegiyada qəbul olunub) riayət etsinlər. Mərhum DŞAK sədri tikinti qaydalarının kobud şəkildə pozulmasına diqqət çəkir, rayonun baş memarlarından şəhərsalma normalarına riayət etməyi tələb edir və Dövlət Komitəsinin qaydalara cavab verməyən layihələri İH-yə qaytardığını deyirdi.

Məqalədə : söküntü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 09:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com