Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2018
16:18
HƏLƏB SSENARİSİ: Şərqi Qutada nə baş verir? - ARAŞDIRMA

Suriya ordusu Rusiyanın dəstəyi ilə paytaxt Dəməşqin 10 km-lik məsafəsində yerləşən Şərq Qutaya qarşı başlatdığı əməliyyatla yanaşı, Hələbdə aparılan media kampaniyasının oxşarı da səfərbər edilib. Şərqi Qutada olan fərqli qruplara mənsub təxminən 10 min terrorçu ilə birlikdə hərəkət edən xüsusi şəxslər vizual görüntü və məlumatları beynəlxalq mediada yayımlayaraq, müharibənin Şərqi Quta xalqı ilə Bəşər Əsəd arasında getdiyi təəssüratını yaradırlar. Bu işdə məqsəd isə beynəlxalq təzyiqlə Dəməşq rəhbərliyinin geri addım atmasına və əməliyyatları dayandırmasına nail olmaqdır. 

Suriyadakı terrorçuları dəstəkləyən ölkələrin mediaları bir-birinə istinadən məscidlərin bombalandığını, məscidlərdə insanların öldürüldüyünü, dinc sakinlərin dağıntılar altında qaldığı görüntülərini təqdim edirlər. Amma pərdənin arxasında nələr baş verdiyini göstərmək istəmirlər. Misal üçün göstərmirlər ki, əslində bombalanan yer terrorçuların Şərqi Qutaya nəzarətindən sonra məscid kimi fəaliyyət göstərmir və məscidin içərisinə yerləşdirilmiş ağır silahlarla təyyarələr vurulur və təyyarə də onun hədəf alındığı yerə zərbə endirir. 

Və ya “Ağ dəbilqəlilər” deyilən qruplaşmaların səhnələşdirdiklərini media və sosial şəbəkələr vasitəsi ilə insanlara ötürüb, ictimai qınaq yaratmağa çalışırlar. İnsanların kimyəvi silahla vurulduğunu göstərib, eyni uşaqları təkrar-təkrar dağıntılar altından çıxarırlar, 5 dəqiqə əvvəl selfi çəkdirirlər, sonra isə həmin insanı guya dağıntılar altında qalmış kimi təqdim edirlər. Ya da terrorçu dağılmış evdə özünə məskən salır, snayperlə Suriya ordusunun əsgərlərini bir-bir öldürür. Onu yerini müəyyənləşdirib zərbə endirirlər. "Ağ-dəbilqəlilər" isə snayperi götürürlər və cəsədi görüntüləyib, "Əsəd rejimi dinc sakinləri bombalayır", - deyə xəbər yayımlayırlar.

"Əl-Qaidə" və ya "Müsəlman Qardaşlar"a bağlı silahlıların dediklərinin düzgün qəbul edilməsi elə bir görüntü yaradır ki, sanki Şərqi Qutada toplaşmış 10 minə yaxın terrorçu hər gün paytaxt Dəməşqi raket atəşinə tutmur və orada dinc sakinlər ölmür, əksinə, Suriya ordusu vətəndaşlara qarşı Şərqi Qutada müharibə aparır. ABŞ da daxil olmaqla Suriyada hakimiyyət dəyişikliyinə tərəfdar olan ölkələrdəki panika isə Şərq Qutanın 2013-cü ilin yazında Livan sərhədindəki Qusəyr müharibəsi və 2016-cı ildəki Hələb müharibələrindən sonra ölkənin gələcəyini müəyyən edəcək üçüncü böyük dönüş nöqtəsi olması ilə bağlıdır.

Bəs Şərqi Quta niyə bu qədər mühümdür? 

Şərq Quta paytaxt Dəməşqə yaxınlığına görə Suriyaya qarşı 2011-ci ildə başladılan müharibənin ən mühüm cəbhələrindən biri oldu. Birləşmiş Millətlər Təşkilatı 2013-cü ildən bəri mühasirədə olan 100 km²-lik Şərqi Qutada təxminən 250 min vətəndaşın yaşadığını deyir. "International Studies of War" isə sözügedən ərazidə təxminən 10 min terrorçu olduğunu bildirir. Dəməşqi Homs və Hələblə birləşdirən, cənubda İordaniya sərhədinə qədər uzanan M5 avtomobil yolu da Şərqi Qutadan keçir və 2012-ci ildən bu yana bağlanıb. Şərqi Quta həmçinin Dəməşqi Palmiradan keçən və Deyr əz-Zora bağlayan, yəni İraq sərhədinə qədər uzanan magistral yolların da üzərində yerləşir. Əgər Suriya ordusu Şərqi Qutada olan hərbiçilərə qarşı qələbəsini elan etsə, bu yollar açılacaq və paytaxt Dəməşqə qarşı silahlı qrupların hücumu ortadan qaldırılacaq. Bundan əlavə, Suriya müharibəsi yenidən 2012-ci ilin əvvəllərində olduğu səviyyəyə, yəni bir kənd ölçüsünə düşəcək. Bu da Suriyanın gələcəyinə dair danışıqlarda Dəməşqin daha iddialı danışması mənasını verir. Digər tərəfdən, Şərqi Qutanın alınması həm arxa cəbhədə Dəməşqə qarşı təhlükəsizlik təhdidini ortadan qaldıracaq, həm də beş ildir bu cəbhədə əli tətikdə duran Suriya ordusunun da sərbəst qalmasını təmin edəcək. Buna görə də Suriya müharibəsinin üçüncü cəbhəsi olmağa namizəd kimi görünən Şərqi Qutaya qarşı əməliyyat ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya daxil olan ölkələrdə panika yaradıb. Media kampaniyası ilə əməliyyatın dayandırılmasına çalışan Fransa, Böyük Britaniya və ABŞ kimi ölkələr Dəməşq rəhbərliyini silahlı dəstələrin varlığına göz yummağa məcbur edir. Ancaq Hələbdə də sınanan bu ssenarinin nə qədər uğurlu olacağı müəmmadır. 

BMT Təhlükəsizlik Şurası ötən şənbə günü ABŞ, Fransa və İngiltərənin tələbi ilə Suriya daxilində 30 günlük atəşkəs elan edilməsinə dair qərar çıxarsa da, "Əl-Qaidə"nin Suriya qolu olan "Heyət Tahriruş Şam" terror təşkilatının müqavilə çərçivəsindən kənarda qoyulması mühüm məsələdir. Bu qrup Şərqi Qutanın Dəməşq mərkəzinə yaxın mahallarında yerləşir və hər gün onların nəzarəti altında olan bölgədən paytaxta raket və minamyot zərbələri endirilir. 

Şərqi Qutada Suriya ordusu Səudiyyə Ərəbistanı və Qətər döyüşür

"Ceyşul İslam": Səudiyyə Ərəbistanının yardımları ilə regionda ən böyük terrorçu qrup olan "Ceyşul İslam"ın mərkəzi Şərq Qutanın paytaxtı kimi bilinən Dumadır. ABŞ kəşfiyyatının sənədlərində göstərilir ki, Səudiyyə Ərəbistanı 2013-ci ilin martında "İnqilabın ikinci ili" münasibətilə bu qrupa 120 ton partlayıcı ötürüb və "Dəməşqi yandrın" göstərişi verib. Tapşırılıb ki, həmin gün Dəməşq raket və qaubitsa yağışına tutulsun.

2012-ci ilin iyul ayında "Ceyşul İslam"ın bombalı hücumla hədəf aldığı Suriya Milli Təhlükəsizlik Konfransında aralarında müdafiə və daxili işlər nazirlərinin də olduğu 5 yüksək çinli şəxs dünyasını dəyişmişdi. "Ceyşul İslam" "mülayim" kateqoriyasına daxil edilsə də, 2015-ci ildə Suriya ordusunun hava hücumunda ölən liderləri Zahran Alluş demokratiyanı "küfr" adlandırırdı və məqsədlərinin şiə və ələvilərin başını əzəcək Əməvi dövləti qurmaq olduğunu bildirirdi. "Ceyşul İslam" 2013-ci ildə Dumanın yaxınlığında yerləşən Adraya daxil olaraq 40-a qədər dinc sakini qətl yetirmiş, daha sonra buradan qaçırdığı insanları qəfəslərə qoyaraq Şərqi Quta küçələrində nümayiş etdirmişdi.

"Rəhman Korpusları" (Feyləq Ər-Rəhman): Şərqi Qutanın bu ikinci ən böyük qrupu, Qətərə yaxınlığı ilə tanınır. Səudiyyə Ərəbistanı və Qətərin rəqabətinə görə tez-tez "Ceyşul İslam"la qanlı qarşıdurmaya girən "Rəhman Korpusları" 2012-ci ilin noyabr ayında Dəməşqin İsraili izləyən gözü sayılan "Merci əs-Sultan" radar bazasını yerlə-yeksan etmişdi. Bu hadisədən 2 ay sonra İsrail Suriyaya ilk hava hücumunu təşkil etmiş, "Rəhman Korpusları"nın lideri Abdulnasır Şamir "Merci əs-Sultan" radar bazasını məhv etmək üçün Qətərdən 3 milyon dollar aldığını etiraf etmişdi.

"Əhraruş Şam": "Əl-Qaidə" lideri Ayman əz-Zəvahirinin Dəməşq nümayəndəsi Əbu Xalid əs-Suri tərəfindən yaradılan təşkilat Şərqi Qutanın Dəməşq mərkəzinə yaxın Hərasta regionuna nəzarət edir. İdlib cəbhəsindəki ordu əməliyyatlarını dayandırmaq üçün ötən ilin noyabr ayında Hərastadakı zirehli maşınlar briqadasına hücum etmişdi. Bu hücum ilə Şərqi Qutadakı atəşkəs də sona çatmışdı.

"Heyətu Tahriruş Şam" (Keçmiş "Nusra Cəbhəsi"): İŞİD terror təşkilatının məğlubiyyətindən sonra Suriyadakı ən böyük silahlı qrup olan bu qruplaşma Şərqi Qutada daha kiçik gücə malikdir. Bunun səbəbi isə 2013-cü ildə baş verən İŞİD - "Nusra Cəbhəsi" münaqişəndə Dəməşq yaxınlığında yerləşən terrorçuların böyük bir qisminin İŞİD lideri Əbu Bəkr Bağdadiyə beyət etməsi idi. Onlar dəfələrlə Şərqi Qutadan sızaraq Dəməşq mərkəzində terror aktı törədiblər. Təkcə ötən ilin oktyabr ayında təşkil etdiyi son hücumda 37 dinc sakin dünyasını dəyişmişdi.

Vəziyyət bu həddə necə çatdı 

Paytaxt Dəməşqin yaxınlığındakı Şərqi Quta Suriyada silahlı qrupların ən güclü olduğu yerlərdən biridir. Sovet İttifaqının texniki dəstəyi ilə nisbətən müasir suvarma imkanına qovuşmuş Şərqi Quta paytaxt Dəməşqin ərzaq anbarı sayılırdı. Amma aparılan neo-liberal siyasətlər Şərqi Qutanın kənd təsərrüfatına zərbə vurdu. Həmçinin Türkiyədən daxil olan ayaqqabılar da rəqabətə dözməyən kiçik ayaqqabı sexlərinin bağlanmasına səbəb oldu və işsizlik getdikcə artmağa başladı. Vəziyyətin belə olduğunu görən Şərqi Qutadakı qruplaşmalar fəaliyyətlərini artıraraq Körfəz ölkələrindən gələn ianələrlə yardım kampaniyalarına başladılar və 2001-ci ildən 2011-ci ilə qədər etdikləri yardımlar sayəsində Şərqi Qutada geniş ictimai təbəqəyə nəzarəti ələ keçirdilər. Beləliklə, Şərqi Qutanın paytaxtı olan Duma 2011-ci ildə Suriyada başlayan aksiyalara ilk qoşulan şəhərlərdən biri oldu.

2012-2013-cü ilin sonuna qədər Şərqi Qutadakı minlərlə terrorçu İordaniyadan ötürülən silahlarla Dəməşqə qarşı böyük döyüşlərə girişiblər, ancaq uğursuzluğa düçar olublar. Bu zaman döyüşlər Qərb mətbuatında tamamilə başqa yöndən təqdim olunur və terrorçuların törətdikləri faciə gizlədilərək, "Üsyançılar Əsədin evinə gedir" və ya "Döyüşlərin səsi Əsədin Qasiyun dağındakı sarayından gəlir" başlıqları ilə çatdırılırdı. Ancaq terrorçuların sözügedən münaqişələri nəticəsində Dəməşqdən təqribən 600 min nəfər evlərini tərk edərək qaçqın vəziyyətinə düşmüşdü. 2013-ci ildə Suriya ordusunun Şərqi Qutanın şərqində yerləşən strateji Uteybə qəsəbəsini alması, bölgənin İordaniya ilə əlaqəsini kəsdi və buradakı silahlı qruplar mühasirəyə alındı. Ancaq bu gün hələ də terrorçular İordaniyadan olan silah yardımını qaçaqmalçılar və tunel şəbəkələri ilə Şərq Qutaya çatdırırlar.

Məqalənin davamı

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şərqi Quta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 06:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com