Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
12:02
`Vətəndaşlar öz talelərinə o qədər laqeyiddirlər ki...`

Xəbər verdiyimiz kimi Azərbaycan Demokrat Partiyası (ADP) da aprelin 11-nə təyin olunmum növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar verib. Digər tərəfdən bir sıra müxalif siyasi partiyalar növbədənkənar seçkiləri boykot edib.

Belə olduğu halda ADP müxalifətin qınağına tuş gələ bilərmi?

FaktXeber.com məlumat verir ki, ADP sədri  Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında deyib ki, müxalifətin qınamaq haqqı yoxdur:

“Peyğəmbərimizin gözəl bir sözü var: “Düz hesab etdiyiniz yolu gedin, kim nə deyir desin”. Əvvəla, seçkilərin boykot edilməsi zəruridirsə və Azərbaycan Demokrat Partiyasının da seçkiləri boykot etməsini istəyirdilərsə, müxalifət bizimlə məsələhətləşərdi, vahid qərar qəbul edərdik. Əksinə, biz müraciət etdik, hətta bundan öncə  partiyalar bir araya yığıldı. Amma hərə ağzını bir kənara tutdu, heç kəs vahid mövqedən çıxış etmək istəmədi. Aydın oldu ki, partiyaların ümumi mövqeyi yoxdur,  öz maraqlarına uyğun  hərəkət edirlər. Bu səbəbdən biz öz marağımıza uyğun belə mövqe tutduq. Heç kəs bizə seçkilərə getmək, yaxud boykot etməklə bağlı müraciət etmədi. Belə olan halda müxalifət bizi qınaya bilməz. O ki qaldı, sadə vətəndaşların  qınağına, onlar öz taleyinə uzun illərdir, o qədər laqeyddir ki... Nə onların haqlarını müdafiə edənlərin tərəfində durublar, nə onlardan ötrü küçələrə  çıxanda bizə dəstək veriblər. Onlarınkı ancaq sosial şəbəkədə oturub boş-boş danışmaqdır”.

S.Cəlaloğlu qeyd edib ki, seçkilər demokratik prosedurdur və bu prosedur demokratik nəticələrdən çox vacibdir:

“Hər hansı seçkidə qalib gəlməyi düşünüb seçkilərdə iştirak etmək demokratik düşüncə deyil. ADP 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir  qərar verib. Biz başqa müxalifətlərdən fərqli olaraq eyni mövqedə çıxış edirik və qərarımız dəyişməyib. Digər tərəfdən biz beynəlxalq situasiyanı , Yaxın Şərqdə baş verən hadisələri, bunun Azərbaycana təsirini, müxalifət münasibətlərinin gərginləşməsini, bunun  gələcəkdə ölkə siyasətinə təsirini müzakirə etdik. Biz gördük ki, seçkiləri boykot etməyin heç bir mənası yoxdur. Hətta seçkilərlə bağlı qərar verməmişdən qabaq bəyanat vermişdik ki, müxalifət seçkilərə getməlidir. Müsavat Partiyası seçkilərdə iştirak edəcəyi halda, onu dəstəkləyəcəyimizə qərar vermişdik. Təbii ki, seçkilərdə qalib gəlmə və ya hakimiyyəti dəyişdirmə şansımız yoxdur. Bunu dərk edərək ADP seçkilərə gedir. Qeyd etdiyim kimi seçkilərlə bağlı vahid mövqeyi olmayan müxalifətin ADP-ni qınamasına mənəvi haqları yoxdur”.

Partiya sədri bildirib ki, artıq namizədliyinin irəli sürülməsi ilə bağlı dəqiq qərar verilib:

“Dünən sənədlərimi Mərkəzi Seçki Komissiyasına təqdim etdim. Gözləyirik ki, imza vərəqlərini alaq və imza toplama kampaniyasına başlayaq. Lakin 40 min imzanı toplamaq həddindən artıq çətindir. Keçən seçkilərə də bilirsiniz, gec qatılmışdıq. Sadəcə, imza toplama kampaniyasına çox adam cəlb edə bilsək, demək olar ki, çətin olmaz. Haradasa 200 nəfərin bu kampaniyada iştirakını təmin etsək, imzaları təxminən 2-3 günə toplamaq mümkündür. Sadəcə, problem daha çox adamın prosesə cəlb edilməsidir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sərdar Cəlaloğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 17:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com