Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
16:09
2018-ci ildə estafeti Bakıya verməyə hazırlaşan Təbriz

2015-ci il 12 dekabr tarixində Niger Respublikasının paytaxtı Niameydə keçirilən İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin turizm nazirlərinin doqquzuncu konfransında Təbriz şəhərini 2018-ci ildə İslam mədəniyyəti və turizm paytaxtı elan etdilər.

Elə həmin vaxtdan etibarən Təbrizin tarix, mədəniyyət və gözəlliklərinin bir hissəsini dünya xalqına göstərmək məqsədilə bu şəhərin rəhbərliyi və qonaqpərvər xalqı yerli və xarici turistlərə ev sahibliyi etmək üçün hazırlıqlara başlayıb. Bu hazırlıqları 2017-ci ilin avqustunda Azərbaycandan dəvət olunan bir qrup jurnalist də müşahidə etdi. Hazırlıqlar çərçivəsində dünyanın hər tərəfindən beynəlxalq səviyyədə qonaqların dəvət olunaraq Təbrizdə Novruz bayramı şənliklərinin təntənəli şəkildə keçirilməsi gözlənilir.

Bəs Təbriz doğrudan da bu ada layiqdirmi? 

Təbriz ölkənin iqtisadiyyatnın qütbü hesab edilir. Bundan əlavə, Asiya və Avropa olmaqla dünyanın mühüm nöqtələrini birləşdirən körpü rolunu da oynayır.

Təbriz İranın Şərqi Azərbaycan əyalətində yerləşir. Təbriz təkcə bu əyalətin mərkəzi olmayıb, öz növbəsində regional, milli və beynəlxalq fəaliyyətlərin mərkəzi də sayılır. Ərazisi təxminən 324 kvadrat kilometr və əhalisi təxminən 2 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə, İranın şimal-qərb bölgəsinin və azərbaycanlıların məskunlaşdığı bölgənin ən böyük şəhəridir.

Şəhər şimaldan Eynalı dağı ilə əhatələnib və bu üstünlük təbii turist yerlərinə töhfə verir.

Təbriz xalqının dili Təbrizin gözəl ləhcəsində tələffüz edilən Azərbaycan türkcəsidir və onun söz gözəlliyi, zənginliyi hər zaman dəyərli, parlaq ədəbi-elmi əsərlərin yaranma mənbəyi olub.

Şəhərin mədəni və sənaye keçmişi olduqca zəngindir. O qədər zəngindir ki, bu şəhər İranın “İlklər şəhəri” ləqəbini qazanıb. Müasir tərzdə ilk məktəb, ilk bələdiyyə, ilk Şəhər Şurası, ilk mətbəə, ilk qəzet, ölkənin ilk universiteti, ilk mədəniyyət göstəriciləri, müasir mədəni və sənaye inkişafının bir çoxu məhz Təbrizin adı ilə bağlıdır.

Təbriz dünyanın qədim şəhərlərindən biri sayılması iddiası bu şəhərin 4 min illik keçmişi ilə bağlıdır. Təbriz üç mühüm tarixi dövrdə paytaxt seçilib. 1500-cü ildə dünyanın ən böyük dördüncü şəhəri olub.

Bir çox tarixi abidələrindən olan “Örtülü Bazar” dünyaca məşhurdur və dünyanın ən böyük örtülü bazarıdır. İllərlə Asiya və Avropa ticarətinin mərkəzi kimi fəaliyyət göstərib və bu gün də istifadədədir. Bu bənzərsiz kompleks qırmızı kərpicdən tikilib və özündə mağaza, tacir bazarı, məscid və mədrəsəni birləşdirir. Bazar 2010-cu ildə YUNESKO-nun dünya irsi siyahısına salınıb.

Bu qədim şəhərdə xalq sənəti hələ də yaşadılır. Dulusçuluq, xəttatlıq, nəqqaşlıq və hər şeydən daha əhəmiyyətli Təbriz xalçası xalq sənətinin şah əsəri olaraq bu şəhərə beynəlxalq şöhrət gətirib.

Təbriz xalçası; xalqın barmaq uclarındakı sənət vasitəsilə incə və yumşaq hissləri ilmələrdə nümayiş etdirən min bir rəngli tablodur. Bu sehrli və gözəl əsər bəzən ev divarlarının bəzəyi, bəzən də ayaq altının yumşaq məxmərdir. Amma bu sənət əsərinin yanından biganə keçib, onu bəyənməyən kimsə yoxdur.

Turistlər üçün yeməyin və şirniyyatın da öz yeri var. Bu şəhərin yemək və şirniyyatlarının müxtəlifliyi dünyanın ən uzaq nöqtələrində belə məşhurdur.

Öz növündə əvəzsiz olan Təbrizin digər tarixi əsərlərindən biri də Göy Məsciddir. 1465-ci ildə inaşa olununan bu tikili İslam dünyasının digər oxşar əsərlərinin yanında ən gözəl çini işlərə sahibdir. Saxsılarda istifadə edilən firuzə və göy rəng o qədər gözəl və canlıdır ki, bu məscidin “İslam dünyasının firuzəsi” adlanmasına səbəb olub. Saxsıların küncündəki xəttatlıq nümunələri də gözə çarpır və mükəmməl gözəlliyi tamamlayır.

Bəlkə də Təbrizin turist göstəriciləri arasında tarixi Elgölü kolleksiyası digərlərindən daha qabarıqdır. Məsələn, yaşıllıq ərazi, böyük, tarixi hovuz və ortasındakı restoran həm turistlər, həm də Təbriz xalqı üçün xoş xatirələr yaradır. Bu kolleksiyanın tarixi Elxanlı dövrünə əsaslanır, amma ortadakı binanın inşası Qacarlar dövründə həyata keçirilib.

Təbriz barədə yazdıqda Ərk qalasından danışmamaq olmaz. Bu böyük tikili Təbrizin mərkəzində yerləşir. 700 illik tarixi olan bu qədim divarlar Təbriz şəhərinin ən mühüm simvollarındandır. Deyilənlərə və tarixi səyyahların qeydlərinə görə, bu qala Təbrizin uzaqdan görünən yeganə binası olub.

Bu şəhərin İslam turizm paytaxtı seçilməsi təsadüfi xarakter daşımır. Dünyada sadəcə üç yerdə mükəmməl gözəlliyə sahib kənd var ki, bunlardan biri də Təbrizdə yerləşən Kəndovandır. Bu kəndlərdən biri Türkiyədəki Kapadokiya, digəri isə ABŞ-dakı Dakotadır.

Kəndovan kəndi Təbriz yaxınlığındakı Səhənd dağının ətəyində yerləşir. Kəndovan fars dilindən tərcümədə arı pətəyi deməkdir. Qayalıqda yerləşən kəndə kənardan nəzər yetirdikdə onun arı pətəyinə bənzədiyi görünür. Bu kəndin digərlərindən fərqi ondadır ki, buradakı evlər qayaların içində yerləşir. Təbii olaraq yaranan oyuqlar sonradan ev kimi düzəldilib.

Hazırda kəndin 1000 nəfərdən artıq əhalisi var. Turistlər üçün maraqlı məkan olan Kəndovan kəndində 5 ulduzlu otel də inşa edilib. Otel də qayanın içindədir. Lakin müasir avadanlıqlarla təchiz edilib.

Daşların arasında tikilmiş evlər kəndə özünəməxsus gözəllik verir. Kəndin yaxınlığına yerdən çıxan mineral su böyrək xəstəliyindən əziyyət çəkənlərin müalicəsində istifadə edilir.

Təbriz şəhəri Bakı və Gəncə ilə yanaşı dünyanın bir çox böyük şərəhləri ilə dostluq, qardaşlıq müqavilələri imzalayıb.

Qeyd edək ki, 2019-cu il İslam turizm paytaxtı Bakı şəhəri olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Təbriz Kəndovan Elgölü 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 10:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com