Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
13:50
1932
Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən verilən məlumata görə, İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, ardınca Şəhidlər xiyabanını ziyarət edib.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib.

Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq, Ə. Hatəmi “Şərəf kitabı”nı imzalayıb.

Müdafiə nazirləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

Z. Həsənov Ə. Hatəmini müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.

Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində Heydər Əliyevin və prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan Z. Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını da bildirib.

İki dövlət arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Ə. Hatəmi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

FaktXbər bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İranın "İRİNN" saytı məlumat yayıb. 

Əmir Hatəmi azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə Bakıya səfər edib.   Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər fevralın 22-dək davam edəcək.

Məqalədə : Əmir Hatəmi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 21:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com