Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
12:15
Səndən ötrü can verməyə cümlə hazırız!

Leyla Tağızadə / M.Rahim adına 7 saylı orta məktəbin X sinif şagirdi

Lap qədim zamanlardan bəri insanlar müxtəlif şeylərdən - təbiət hadisələrindən, heyvanlardan, hətta bir-birlərindən qorunmaq üçün müxtəlif qruplaşmalar yaratmağa, birləşməyə məcbur olublar. Bu birləşmələr bəzi hallarda uğursuz alınıb, bir çox hallarda bir dəstənin, hətta böyük bir qruplaşmanın məhvinə gətirib çıxarıb. Bəzi insan dəstələri isə tarixin saysız sınaqlarından uğurla keçib, eramızdan əvvəlki dövrlərdən indiyə qədər öz varlığını qoruyub saxlaya bilib. Eyni ərazidə yaşayan, eyni qanı daşıyan və eyni dildə danışan bu insanlar günümüzə xalq, millət olaraq gəlib çatıb. 

Əməliyyatın uğurlu alınmasında isə ən böyük rol oynayanlardan biri Vaqif Qurbanov idi. Məhz o hərbi təyyarə ilə ermənilərin müdafiə xəttini bombalamış və Ağdərə istiqamətində uğurlu hücum başlamışdı.

Təbii ki, belə millətlər çoxdur, amma mən bu gün varlığından qürurla danışdığımız Azərbaycan xalqından və onun bu günə kimi qorunub saxlanılmasında böyük rol oynayan qüdrətli ordusundan danışacağam.

Əsrlər dəyişib, dövlətlər yaranıb və məhv olub, ərazilər böyüyüb və kiçilib, millətlər yer dəyişib. Amma nə xalqımız, nə də əsrlər boyu içlərində qoruduğu Vətən sevgisi dəyişməyib. Tarix bizi çox sınaqlara çəkib, xalq saysız çətinliklərlə üzləşib, amma buna baxmayaraq, ən çətin anlarda belə varlığını qoruyub saxlayıb.

...Nəhayət, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 26 iyun tarixli qərarla Azərbaycan Milli Ordusu yaradılıb. Bu dövrdə Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlınski isə nazir müavini seçilib. Yeri gəlmişkən, bu istedadlı şəxslər də Azərbaycan xalqını layiqincə təmsil ediblər. Əliağa Şıxlınski saysız döyüşlərdə qalib gəlib, göstərdiyi xidmətlərə görə medallarla təltif olunub, hətta faliyyət göstərdiyi dəstədə “Artilleriyanın Allahı” adlandırılıb. Təkcə Azərbaycanda deyil, bütün Rusiya ərazisində tanınan bu şəxs haqqında bir çox yazıçı öz təsüratlarını yazıb, onun necə dözümlü, möhkəm iradəli və ağıllı şəxs olduğundan, döyüşlərdə uğur qazandıran taktikalarından bəhs ediblər. 

Digər böyük şəxs Səməd bəy Mehmandarovdur - Rusiya İmperator Ordusunun tam artilleriya generalı. Vəzifənin adını çəkərkən belə, insanın içinə dolan fərəh hissi hər şeyi açıqlayar yəqin. Bir düşünək, böyük bir imperiyada çox böyük vəzifələr tutan insanlardan ikisi azərbaycanlı idi. Təkcə onlar yox, o vaxtlar istər Rusiya ordusu olsun, istərsə də öz milli ordumuz, belə güclü-qüdrətli o qədər qəhrəmanımız var idi ki, hamısının adını və fəaliyyətlərini sadalasaq, kitablara sığmaz. Amma yenə də misal olaraq Cavad bəy Şıxlinski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Fərrux ağa Qayıbov, İlyas bəy Naxçıvanski, Teymur bəy Novruzov, Həzi Aslanov, Əhmədiyyə Cəbrayılov kimi milli qəhrəmanlarımızın adlarını çəkmək olar.

Yenidən ordumuza qayıtsaq, təəssüflər olsun ki, həm Bakını, həm də başqa bir çox bölgələri düşmənlərdən azad edən, qiyamları yatıran, sərhədlərimizi pozmağa çalışan düşmənləri geri püskürdən bu ordu Cümhuriyyət dağılandan sonra ləğv olundu. Amma ordu ləğv olunsa da, xalqın içindəki hisləri öldürmək əsla mümkün olmadı. 1991-ci il 9 oktyabrında Milli Ordunun yaradılması haqqında qərar verildi. Lakin bu vaxta qədər bir çox dəhşətli hadisələr baş vermişdi...

1988-ci ilin yanvar ayından etibarən Azərbaycan vətəndaşları kütləvi şəkildə Ermənistan ərazisindən qovuldu və fevralın 14-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilmə məsələsi qaldırıldı.

Buna qarşılıq olaraq fevralın 19-da Bakıda erməni millətçilərinin seperatçı çıxışlarına qarşı tələbələrin ilk etiraz mitinqi oldu. Bu zaman Milli Ordu hələ yaranmamışdı və xalq bu hərəkətlə nələrə qadir olacağını bir daha sübuta yetirirdi.

Bundan sonra baş verən Meydan Hərəkatı da xalqın qüdrətinin aydın göstəricisi oldu. Lakin hücumlar dayanmadı...

1990-ci il 12 yanvar tarixindən etibarən Ermənistan tərəfindən sərhədlər pozularaq Azərbaycan torpaqlarına təcavüz edildi. Elə həmin il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı qanlı qırğın törədildi. Etiraz əlaməti olaraq küçələrə axışan xalq, vətəni uğrunda canını belə qurban verə biləcəyini öz qanı ilə sübut etdi. Onlar həm də göstərdi ki, vətəni qorumaq üçün hərbi rütbə daşımaq o qədər də vacib deyil. Xalq birdirsə, birlikdirsə, o mütləq bir gücdür və ən yenilməz ordulardan belə daha qüvvətlidir.

Amma təəssüf ki, tökdükləri qanlar düşmənin gözünü doyurmurdu. Bir-birinin ardınca Xocalı, Şuşa, Laçını da itirdik. Lakin ordumuz təslim olmur, ümidini itirmirdi və nəhayət gözlənilən həmlə gəldi. 1992-ci il iyun ayının 12-də “Ağdərə (Goranboy) əməliyyatı” başladı. Bu əməliyyatda Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçərək işğal olunmuş ərazilərə yol açdı. Əməliyyatın uğurlu alınmasında isə ən böyük rol oynayanlardan biri Vaqif Qurbanov idi. Məhz o hərbi təyyarə ilə ermənilərin müdafiə xəttini bombalamış və Ağdərə istiqamətində uğurlu hücum başlamışdı. Lakin təəssüflər olsun ki, üç uçuşdan sonra onun təyyarəsi vurulur və bu döyüşlərdə daha bir igid vətən oğlu həlak olur.   

Amma nə verilən canlar, nə də çəkilən əziyyətlər hədər getmir. İşğal olunmuş torpaqlarımızın 48%-ə qədəri geri qaytarılır. Bununla belə, bütün bu qəhrəmanlıqlara qarşı edilən satqınlıqlar və başqa ölkələr tərəfindən dövlət səviyyəsində işğalçı Ermənistana edilən yardımlar vəziyyəti dəyişir və bir müddət sonra bir rayonumuzu daha itiririk. 

Yenə də bu xəyanətlər, öz canları bahasına torpaqlarımızı yadelli işğallarından qoruyan vətən oğullarının qəhrəmanlıqlarını kölgə altında qoya bilməz. 

Həm o zamanlar, həm də indi ordumuzun və döyüşçülərimizin qanı bahasına qazandığı uğurlar gözardı edilə bilməyəcək dərəcədə böyükdür. Buna misal olaraq, 2016-cı ilin aprel ayında baş vermiş “Dördgünlük müharibə”ni xatırlatmaq yerinə düşərdi. Verdiyimiz şəhidlərə baxmayaraq, döyüş Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı, işğal olunan bir çox ərazilər geri qaytarıldı. Bunlar Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, həmçinin Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləridir (Madaqiz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu,Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Madaqiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda düşmən yenidən həmin yaşayış məntəqəsini işğal edib. 2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Madaqiz kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi xəbəri yayılsa da, bu barədə Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən heç bir açıqlama verilməyib.) Bu kəndlərin bir çoxu daha sonralar bərpa olunub və uzun illik həsrətdən sonra əhali öz ata-baba yurduna geri qayıda bilib. 

Bu qısa yazı ərzində mən Azərbaycan Ordusunun qazandığı qələbələrin çox cüzi bir hissəsini sadalaya bildim. Ümid edirəm ki, bu qələbələr davamlı olar və biz bir gün elə Qarabağın özündə övladlarımıza bu torpağın alınması uğrunda tökülmüş müqəddəs qanları və tarixin şanlı səhifələrinə qızıl hərflərlə həkk olunmuş Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsini danışarıq.

Ey ulu Vətən! Biz,

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!!!

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com