Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

09 Fevral

2018
14:29
375
Su filtrləri alarkən nəyə diqqət olunmalıdır?

Suyun tərkibində xlor, dəmir, mis, sink, arsen, benzol, fenol, civə, dizenteriya yaradan bakteriyalar, mikroblar və viruslar mövcud ola bilər. Keyfiyyətsiz, tərkibində ziyanlı komponentlər olan su insan sağlamlığı üçün təhlükəlidir. Bu səbəbdən son dövrlər istehlakçılar tərəfindən sutəmizləyici filtrlərə tələbat durmadan artır. Hazırda istehlak bazarında su filtrlərinin müxtəlif çeşidləri təklif edilir. Su filtrləri istehsalçıları tərəfindən kuzə-filtrlər, krana taxma filtrlər, stasionar filtrlər, sənaye təmizləyici qurğuları və s. daxil olmaqla satışa kifayət qədər geniş məhsul növü təqdim olunur. Bəzən satılan filtrlər keyfiyyət tələblərinə cavab vermir və alınan qurğu suyu kifayət qədər yaxşı təmizləmir. Saxtalaşdırılmış, keyfiyyət tələblərinə cavab verməyən bu kimi malların alınmasından sığortalanmaq üçün istehlakçılar bir sıra vacib məqamlara diqqət etməlidir.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib ki, birinci növbədə bazarda tanınmış istehsalçının məhsullarına üstünlük verməli, malın qiymət səviyyəsinə, xarici görkəminə, lazım olan modelin materialına və yığılma keyfiyyətinə, malın üzərində qaloqramın mövcudluğuna, markalanmasına, seriya nömrəsinin olub-olmamasına fikir verilməlidir. Bəzi istehsalçılar öz məhsullarını saxtalaşdırmadan qorumaq üçün onları müxtəlif qaloqram, xüsusi markalanma və seriya nömrəsi ilə nişanlayırlar. Malın nömrəsini istehsalçının rəsmi saytında yerləşdirilmiş formaya daxil etməklə malın saxtalaşdırılmış və ya orijinal olduğunu müəyyən etmək mümkündür. Qeyd olunan amillərə diqqət yetirilməsi saxtalaşdırılmış malı orijinal maldan fərqləndirməyə kömək edə bilər.

İstehlakçılar bilməlidirlər ki, su filtrləri alarkən ixtisaslaşmış firma mağazalara müraciət olunmalı və malın orijinal olmasına əmin olmaq üçün onun keyfiyyət sertifikatı tələb edilməlidir. Əgər filtrlərin uyğunluq sertifikatı varsa, deməli onların keyfiyyəti araşdırılıb və sertifikat verilib. Əgər sertifikat yoxdursa, kustar üsulla hazırlanıbsa belə qurğuya görə təbii ki, heç kəs zəmanət vermir.

Su filtrləri alarkən istehlakçılar tərəfindən bir sıra vacib məqamlara da əməl olunmalıdır. Bu malları alarkən satıcı tərəfindən onların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi ilə malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmaq olmaz. Ölkə qanunvericiliyinə əsasən istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyəti ilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Kustar üsulla hazırlanmış, tələblərə cavab verməyən filtrləri almaq məsləhət deyil.

Eyni zamanda, bu mallar zəmanət müddəti ilə satılmalıdır. İstehsalçı istismar şərtlərini gözləməklə su filtrlərinin keyfiyyətinə zəmanət verməlidir. Zəmanət müddəti satıcı müəssisələr tərəfindən təyin edilir və müxtəlif olur. Ona görə də istehlakçılara zəmanət müddəti daha çox olan malların alınması tövsiyə olunur.

Bu cihazlar əsasən idxal malı olduğuna görə istehlakçılar əksər hallarda onlarda qüsur yarandıqda hara müraciət etmələri barədə çaşqınlıq yaşayırlar. Bu cihazların istifadəsi zamanı ortaya çıxan problemlərlə bağlı birinci növbədə, onu aldığınız ticarət obyektinə müraciət etmək olar. Əgər problem aradan qaldırılmazsa, aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət etməklə istehlakçı hüquqlarınızın təmin olunmasını mövcud qanunvericiliyə uyğun qaydada tələb etmək lazımdır./Azertac

Məqalədə : su filtrləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 06:57

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru