Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2018
14:07
Elmar Məmmədyarov: “Çox təəssüf edirəm…”

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibə verib. 

FaktXəbər-in məlumatına görə, XİN rəhbəri Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsinin dominant olduğunu bildirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir: “80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq Azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.”

E.Məmmədyarov bildirib ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. 

XİN rəhbəri bəzən Avropadan olan tərəfdaşlarımızın insan hüquqları məsələsini müzakirələrdə ön sıraya çəkdiklərini, amma onlar tərəfindən Ermənistanda öz tarixi torpaqlarından didərgin salınmış 250.000 azərbaycanlı, 1989-cu ilin statistikasına görə Dağlıq Qarabağın ümumi əhalisinin 20 faizini təşkil edən 40.000 artıq Azərbaycanlı və həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan qovulmuş 700.000 nəfərdən artıq Azərbaycanlının hüquqlarına laqeyd münasibət bəslənildiyini vurğulayıb: “Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır.

İşğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşamışdır. Ermənistan tərəfindən işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət, habelə soyqırım əməlləri törədilib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yer üzərindən silinən, 600-dən artıq dinc sakini, o cümlədən uşaq, qadın və yaşlılar amansızcasına öldürülən Xocalı soyqırımı münaqişənin ən qanlı səhnələrindən biridir.

Münaqişənin digər bir faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir. Aralarında çoxsaylı mülki şəxslər də olmaqla, 4000-dən artıq azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıq dövr ərzində öz yaxınlarının taleyi barədə məlumat gözləyirlər. Bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən iki nəfər soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin humanitar aspektlərinə, o cümlədən itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik və bu bunlar münaqişənin həllinə töhfə verən bilən məqamlardır.”

Jurnalistin, “sizcə münaqişənin bir həlli varmı” sualına isə XİN rəhbəri belə cavab verib:

“Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT TŞ-nın qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.

Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcəkdir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir.”

Minsk Qrupu tərəfindən aparılan sülh prosesi barədə də danışan Elmar Məmmədyarov buna çox təəssüf etdiyini söyləyib: “25 ildən artıq fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk Qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair Təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Elmar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com