Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2018
13:05
1413
Seriallarımız gəncliyə nə verəcək?
Millət vəkili və sosioloq FaktXəbər-ə baş verən intiharların səbəbindən danışdı

Daim bu mövzunu gündəmdə saxlamağımıza səbəb baş verən hadisələrin statistikasındakı artımdır. Əlaqədar təşkilatlar kifayət qədər seminarlar, maarifləndirici təldbirlər keçirməsinə baxmayaraq, intihar barədə düşünənlər və bunu həyata keçirənlər hələ də üstünlük təşkil edir. Bəs bunun səbəbi nədir? 

FaktXeber.com məsələ ilə əlaqədar deputat Aydın Mirzəzadədən və sosioloq Cavid İmamoğludan münasibət öyrənib.

Bank maarifçiliyinə böyük ehtiyac var. Azərbaycanda kredit almaq çox asandır. Amma gəlin görək telekanallarda, saytlarda kredit almağın məsuliyyəti barədə neçə sosial çarxımız var.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, ilk növbədə bir neçə il ərzində baş verən intiharların hansı səbəblərdən baş verməsini aydınlaşdırmaq lazımdır: “Əgər bu ruhi vəziyyətlə əlaqədardırsa, psixoloji problemlərlə bağlı işlərimizi gücləndirməliyik: hər bir ailə ilə bunların diqqətdə saxlanılması, problemlər olduqda mütəxəssisə aparılması kimi danışıqlar aparılmalıdır. İntihar edənlərin bir qismi gənclərdir. Onlarla da işimizdə yeniliklərə ehtiyac var. Bilirik ki, gənclər maksimalistdir, çox radikal mövqedə olurlar. Ona görə gənclərlə işlədikdə “hər şeyi zamana buraxmaq lazımdır, hər şey tədricən düzələcək” kimi söhbətlər aparmalıdır. Bundan başqa, gənclərə nümunə olacaq obrazlar olmalıdır. Mən Azərbaycan seriallarına baxmıram, ancaq bəzi hissələr nəzərimə çatanda görürəm ki, mütləq hissəsi kriminal, ailə gərginliyi ilə əlaqədardır. Həmin serial gəncliyə nə verəcək? Gənclər çətinlikdən, problemlərdən keçərək uğur qazanan insanların tərcümeyi-halını görməlidir. Bizdə belə bir hal yoxdur. Ya uğur, ya uğursuzluq görünür. İntiharın digər səbəbi sosial problemlərlə bağlıdır. Bunun özü də sistemləşdirilməlidir. Ailədaxili problemlərdə onlarla çox işləmək lazımdır. Bundan başqa, bank maarifçiliyinə böyük ehtiyac var. Azərbaycanda kredit almaq çox asandır. Amma gəlin görək telekanallarda, saytlarda kredit almağın məsuliyyəti barədə neçə sosial çarxımız var. Qoy insan kredit almazdan əvvəl düşünsün: bunu qaytara bilərmi, bilməzmi. Yaxud böyük məbləğdə almasına nə ehtiyac var?”

Aydın Mirzəzadənin sözlərinə görə, intihar şəraitinin qarşısı alınmalıdır: “Vaxtılə Koroğlu körpüsündə intiharlar olurdu, ora bir post qoymaqla, bunun qarşısı alındı. Yanvar aynda metroda iki intihar hadisəsi baş verdi. Bəzi xarici ölkələrdə qatar platformalarının yaxınlığında döşəmədən yuxarıya kimi xüsusi konstruksityalı sədd çəkilir. Qatar gələndə onun qapıları ilə birlikdə sədd də açılır. Bununla heç olmasa 10 nəfəri xilas edək. Bu təkliflə bağlı metropoliten rəhbərliyinə məktub da yollamışam.” 

Millət vəkili hesab etdiyini bildirdi ki, hər bir nəticə ilə ayrıca işləməyə dəyər: “Yeniliklər gəlməli, fərdi yanaşmalar olmalı, ailələrlə işlənməlidir. Gənclər bəzən maddi çətinliklərə görə intihar edirlər. Bizim gəncliyimiz asanmı olub? Tələbəlik illərimdə, bir sutka ərzində çörək yemədiyim günlər olub. Axırıncı manatımı bir neçə gün üçün çörək və çaya xərclədiyimiz günlər olub, fikirləşmişik ki, düzələcək, keçib gedəcək.”

Uşaqların sosial müdafiəsi üzrə gənc ekspert Cavid İmamoğlu bildirdi ki, biz nə qədər cəmiyyətimizi intihardan qorusaq, ətrafımızı emosional cəhətdən sağlam etsək, statistikada özünü öldürmə hallarının sayı o qədər azalmış olar: “Təbii ki, hər bir motivasiya, ruhun yüksəlişi, mənəvi keyfiyyətlərin artırılması istiqamətində atılan addım, o cümlədən bu layihələr, məscid xütbələr birbaşa azərbaycan insanın mənəvi rifazının yaxşılaşdıılmasına xidmət edir. Bunu şagirdlərimizdə, tələbələrimizdə mənəvi psixoloji dayanıqlılığı formalaşdıran məktəb və universitet müəllimlər də daxildir. Təbii ki, iş görənlərin səyi öz nəticəsini verir, amma görünən işin müqabilində bir də işin görünməyən tərəf var. Tutaq ki, 5-10 il əvvəl depresiyaya düşmə ehtimalı aşağı idisə, bu gün ehtimal çox-çox yuxarıdır.” 

Sosioloq bildirdi ki, mövcud potensiallarla bunun qarşısını almaq üçün artıq səfərbər vəziyyətində olmalıyıq: “Dünyanın indiki gedişatı bizdən bir-birimizə qarşı daha diqqətli, qayğıkeş, məsuliyyətli olmağı, sevgi ilə yanaşmağı tələb edir. Texnologiya nə qədər inkişaf eləsə də, insanların bir o qədər bir-birlərinin səmimiyyətinə ehtiyacları var.”

Xatırladaq ki, statistikaya görə, ötən il intiharlar 2016-cı ilə nisbətən 34 faiz artıb. Belə ki, Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu o deməkdir ki, 2016-cı ildə hər 10 gündə orta hesabla 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə orta hesabla 4 nəfər özünə ölümlə nəticələnən qəsd edib. Onlardan 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərdən 1-i qadın, hər 10 nəfərdən 1-i isə uşaqdır.

Məqalədə : intihar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 11:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status