Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2018
14:57
Teleqüllə uçarsa nə baş verər?
Ekspert FaktXəbər-ə açıqlamasında bununla bağlı həyəcan təbili çaldı

Yanvarın ilk günlərindən bəri Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsi barədə xəbərlər vermişdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov teleqüllənin sürüşmə sahəsinin aktiv fazasında olduğunu bəyan edib. O bildirib ki, bəzi yerlərdə çatların eni 1 metr 40 sm-i keçib. Bəs görəsən, teleqüllə uçarsa, yaxud fəaliyyətini dayandırarsa, ölkədə hansı problemlər yarana bilər? 

FaktXeber.com məsələ ilə əlaqədar Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdən münasibət öyrənib.

Ekspert bu halda çox ciddi problemlərin yarana biləcəyini dedi: “Azərbaycanda yayımla bağlı əsas infrastruktur teleqüllənin üzərindən qurulub. Bu təbii inhisar subyetktidir. Başqa ölkələrdə ola bilsin ki, yayım infrastrukturunda bir alternativliklik var – müxtəlif qurumlar, özəl şirkətlər yayımı gerçəkləşdirə bilər. Azərbaycanda isə yayım bir nöqtədə cəmləşib. Bunun özü də xoşagələn bir hadisə deyil. Bunun da bir alternativləri olmalıdır.”

Osman Gündüz vaxtilə Azərbaycanda internetin bir nöqtədən yayılmasını xatırlatdı: “Həmin vaxt “Deltatelekom”da yanğın nəticəsində ölkəmizdə ciddi problemlər yaranmışdı.”

Forumun prezidenti hesab etdiyini bildirdi ki, hökumət təhlükəsizliyin, xidmətin dayanıqlığının təmin olunması yönümündə ciddi addımlar atmalıdır.

“Ölkəmizdə bütün yayımçılar bu infrastrukturdan istifadə edərək yayım həyata keçirirlər. Ona görə hesab edirəm ki, informasiyanın ötürülməsi, əldə olunması üçün kifayət qədər ciddi məsələdir”, - deyən Osman Gündüz, televiziya qülləsinin fəaliyyətinin dayanmasından bütün yayımçılarının zərər çəkə biləcəyini vurğuladı.

Xatırladaq ki, teleqüllə sürüşmə sahəsi – Bakı Televiziya Qülləsindən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : teleqüllə sürüşmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 07:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com