Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2018
10:29
`Təkər istehsal etsəydik indiki problem yaranmazdı`

Bu il idxal gömrük rüsumunun dəyişdirilməsi sosial-iqtisadi məsələlər sırasında əsas müzakirə predmetinə çevrildi. Bəzi avtomobillərin idxal gömrük rüsumu 70 faiz bahalaşıb. Siqaret və spirtli içkilərdə idxal gömrük rüsumu isə 2 dəfə artırılıb.

Bundan başqa, ölkəyə gətirilən qəzet kağızının və bəzi malların idxal gömrük rüsumu ləğv edilib, bir çox malların isə azaldılıb. Onların arasında körpə qidaları da var.

«Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57 faizi dəyişməyib. Dəyişən tariflərin yalnız 7 faizi artırılıb», - Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev bildirilib.

Ancaq bütün bunların içində daha çox diqqət çəkən ölkəyə idxal olunan işlənmiş şinlərin (təkərin) gömrük rüsumunun 3 dəfədən çox artırılması oldu. Yəni bir işlənmiş şinə görə, əvvəl 3 dollar ödənirdisə, bu il yanvarın 1-dən bu 10 dollara qaldırılıb. Yüzdən çox iş adamı bu məsələ ilə bağlı ardıcıl dövlət qurumlarının qarşısında etiraz aksiyası keçiriblər.

Deputat Vahid Əhmədov da bu məsələlərdə əsas problem kimi işlənmiş avtomobil təkərlərinin idxalı gömrük rüsumunu qaldırılmasını hesab edir.

Vahid Əhmədov deyib ki, əhali işlənmiş təkərlərdən çox istifadə edir, xüsusilə imkanı olmayanlar. Ancaq rüsumun artırılması müəyyən qədər problem yaradıb.

“Çox təəssüf ki, Şin zavodu artıq dayanıb”

Vahid Əhmədov xatırladıb ki, bununla bağlı Prezident Administrasiyasına və Gömrük Komitəsinə müraciətlər edilib:

Ancaq burda bir məsələ var, Azərbaycan təkər istehsal etsəydi indiki problem yaranmazdı. Çox təəssüf ki, vaxtilə fəaliyyətdə olan Şin Zavodu artıq dayanıb. Bu amil də təkər bazarına müəyyən problemlər yaradır. Yəni, rüsumu birdən-birə bu qədər artırmaq olmazdı, təkəri gətirib ailələrini dolandıranların vəziyyətini nəzərə almaq lazım idi. İndi bunu ekoloji cəhətdən əsaslandırırlar. Eyni zamanda, Gömrük Komitəsinin sədri Aydın Əliyev 3 avroya alınan təkərin 50 manata satıldığını dedi. Ola bilər Komitə sədri haqlıdır. Çünki bazar iqtisadiyyatı olduğundan bazara nəzarət mexanizmi yoxdur, kim necə qiymət istəyir qoyur. Deməli, tələbat olduğundan həmin qiymət də qoyulur. Bütün hallarda əhalinin problemləri nəzərə alınmalıdır”.

Deputat bildirib ki, Nazirlər Kabineti qərar qəbul etdiyindən hansı addımların atılması barədə fikir yürütmək çətindir:

“Qərarın geriyə oxunması o zaman mümkündür ki, prezidentin göstərişi ilə rüsuma yenidən baxılsın. Ancaq hökumət də daxili bazardakı durumu nəzərə alaraq qərara yenidən baxa bilər. Aydın Əliyevi kifayət qədər təcrübəli mütəxəssis olduğundan spontan şəkildə qərar verilə bilməz”.

İqtisadçı-alim Nazim Bəydəmirli isə fərqli düşünür.

Nazim Bəydəmirli deyib ki, Gömrük Komitəsi həm daxili istehsalı qorumaq, həm onu stimullaşdırmaq, həm də xalqın rifahını yüksəltmək məqsədi ilə Nazirlər Kabinetinə təkliflər verə bilər. Nazirlər Kabineti isə digər qurumlardan alınan rəylərlə birgə statistik araşdırma apardıqdan sonra hər hansı qərar qəbul edər:

“Vətəndaşlar daha keyfiyyətsiz və maya dəyəri baha olan avtomobillər almağa məcbur qalacaq”

“Ancaq Azərbaycanda gömrük rüsumları ilə bağlı tariflər dəyişdirildikdə əks proseslər baş verir. Nə daxili istehsal artır, nə də vətəndaşların həyat səviyyəsinə müsbət təsiri olur. Sonuncu "istifadə olmuş təkərlərlə" bağlı... Hamı bilir ki, ölkədə təkər istehsalçıları olmadığından onların maraqlarının qorunmasının da anlamı yoxdur. Gömrük rüsumlarının artırılmasından əmələ gələn bahalaşma da birbaşa istehlak qiymətlərinə əlavə ediləcək, təbii olaraq bu isə vətəndaşların rifahına mənfi təsir göstərəcək. Onu da xatırladım ki, bu ildən avtomobillərə tətbiq olunan aksiz vergilərinin artırılmasının da avtomobil bazarına öz mənfi təsiri göz önündədir. Haqlı olaraq vətəndaşlarda o fikir formalaşıb ki, qonşu İranın keyfiyyətsiz maşınlarının Neftçalada yığılması planlaşdırıldığı ərəfədə belə bir qərarın verilməsi iqtisadi, ekoloji təhlükəsizliklə bağlı deyil, əksinə gömrüyün hansısa istehsalçıya daha münbit şərait yaratmasıdır. Belə demək olar, vətəndaşlar daha keyfiyyətsiz və maya dəyəri baha olan avtomobillər almağa bir növ məcbur qalacaq, yəni seçim imkanı az olacaq. İkinci, Aydın Əliyevin bəzi açıqlaması Komitənin mandatına uyğun deyil. Əslində, hamı bilir ki, daxili bazarda sahibkarların gəlirləri ilə büdcə arasında olan münasibətlər Vergilər Nazirliyinin səlahiyyətlərinə aiddir...”.

Nazim Bəydəmirli əvvəllər səsləndirdiyi bəzi təklifləri təkrar dilə gətirib:

“Fiskal siyasətin effektivliyi baxımından Gömrük Komitəsi ləğv olunmalı və departament kimi Vergilər Nazirliyinə birləşdirilməlidir. Mahiyyət etibarı ilə komitə bu gün üzərinə düşən əsas missiyanı yerinə yetirmir. Ancaq idxaldan topladığı əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi hesabına guya büdcə qarşısında öhdəliyi artıqlaması ilə yerinə yetirdiyi hər addımda vurğulanır. Komitə hər hansı addım atarkən daxili istehsalın nə artdığının, nə də istehlakçıların rifahının yaxşılaşdığının şahidi olmuşuq. Həmişə bu cür araşdırılmamış gömrük rüsumları artırıldıqda əksinə olur. Monopolistlərin maraqlarına uyğun atılan addımlar nəticəsində həmin malların bahalaşması ilə nəticələnir. Ədalət naminə onu da qeyd edim ki, bu halın davam etməsində təkcə Gömrük Komitəsini günahlandırmaq doğru deyil, bu bütövlükdə Nazirlər Kabinetinin professional olmamasından qaynaqlanır. Heç şübhəsiz ki, keyfiyyətli yerli məhsullar olmayana qədər təkər almaq istəyənlər qonşu Gürcüstana keçib maşınının təkərini dəyişib geri qayıdacaq. Bununla da Gürcüstanın büdcəsinə pul gedəcək. Necə ki, komitə neçə illərdir avtomobil üçün ehtiyat hissələrini gətirməyə maneçilik yaratdığından adamlar qonşu respublikaya gedib maşınlarını orda təmir etdirir, yaxud ehtiyat hissələri alır”.(azadliq.org)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : təkər rüsum 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 01:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com