Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2018
15:10
Siqaret kötüyünü yerə atanlar da cərimələnməlidir
İradə Polad: Siqaretin ekoloji problemləri ilə bağlı yaşayış binalarında da maarifləndirmə həyata keçirilməlidir

"İctimai iaşə obyektlərində, qadağan olunmuş məkanlarda siqaretdən istifadənin azalması artıq irəliləyişdir”.

FaktXəbər-in məlumatına görə bu barədə "Şərq" qəzetinə "Siqaretsiz həyat” İctimai Birliyinin sədri İradə Polad bildirib. 

O qeyd edib ki, xüsusilə gənclər qadağaların tətbiq olunmasından sonra məsuliyyət hiss edir:

"İctimai məkanlarda, iaşə obyektlərində siqaret istifadəçiləri çalışırlar ki, kənarda bunu istifadə etsinlər. Nazirliklərin bu məsələyə nəzarət etməsi məsələni bir qədər nizama çərçivəsinə salacaq. Bütün bu tədbirlərlə yanaşı maarifləndirmə həyata keçirilməlidir ki, insanların siqaret aludəçiliyinin qarşısını ala bilək. Bu qısa müddətdə həll ediləcək məsələ deyil”.

Siqaretin yaratdığı ekoloji fəsadlara gəlincə, İ.Polad bunu aradan qaldırmaq üçün daha geniş təbliğat aparmağın, yeni layihələr həyata keçirməyin vacibliyini vurğulayıb:

"Çox zaman küçələrdə, yollarda hər addımbaşı siqaret kötüklərinə rast gəlirik. Bu, tək siqaret çəkən şəxsin deyil, ətrafdakı insanlarında sağlamlığına təsir edir. Siqaretin ekoloji problemləri ilə bağlı tək orta məktəblərdə, təhsil müəssisələrində deyil, adi yaşayış binalarında da maarifləndirmə həyata keçirilməlidir. İnsanların sıx yaşadığı yerlərə, binaların ətrafına, park və ictimai məkanlara siqaretin zərərləri, siqaret kötüyünün yerə atılmaması ilə bağlı plakatlar yerləşdirilməli, dayanacaqlarda və reklam monitorlarında sosial çarxlar yayımlanmalıdır. Siqaret vərdiş halı alıb. Qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Üstəlik, yaşayış binalarının ətrafının, park və küçələrin siqaret kötükləri ilə çirklənməməsi üçün cərimələr də tətbiq oluna bilər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər. Siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : siqaret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 07:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com