Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2018
08:31
1313
Prezident seçkisinə 9 ay qaldı
Partiyaların əksəriyyətinin namizədi bəlli deyil

Azərbaycanda prezident seçkisi 2018-ci il oktyabrın 17-də keçirilməlidir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən, Azərbaycan prezidentinin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan prezidentinin seçki günü kimi nəzərə alınır.

Azərbaycan seçki ilinə daxil olub. 2018-ci ilin oktyabrında prezident seçkisi keçirilməlidir.

Bu gün yanvarın 17-si olduğunu nəzərə aldıqda seçkiyə tam olaraq 9 qalıb.

Prezident seçkisində iştirakla bağlı artıq bəzi partiyalar namizədlərini elan ediblər. Prezidentliyə namizədini ilk irəli sürən Müsavat Partiyasıdır. Müsavat Partiyası 2014-cü ilin 27 sentyabrında keçirdiyi qurultayda lideri İsa Qəmbərin 2018-ci il prezident seçkisinə namizədliyini irəli sürmək qərarı verib.

Namizədini irəli sürən ikinci partiya Vətəndaş və İnkişaf Partiyasıdır. Bu partiya 2017-ci il mayın 28-də keçirdiyi qurultayında sədri Əli Əliyevin növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmiləşdirib.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bir müddət əvvəl bildirib ki, prezident seçkisində namizədliyini irəli sürəcək. Partiyanın hələ ki rəsmi qərarı olmasa da Tural Abbaslı mövqeyində qəti olduğunu deyib və seçkilərə hazırlaşdıqlarını bəyan edib. 

Hakim Yeni Azərbaycan Partiyası da namizədini rəsmən elan etməyib. Digər partiyaların isə hələ ki, namizəd irəli sürməklə bağlı qərarları yoxdur. Ümid Partiyası, KXCP, AXCP, AMİP, ADP, VHP kimi tanınmış partiyalar yekun qərarlarını verməyiblər. Onların bir neçəsi bu il qurultay keçirməyi planlaşdırırlar və seçki ilə bağlı qərarı da qurultayda verəcəklərini bəyan ediblər. Partiyaların bir çoxu nəinki namizədlərini müəyyənləşdirməyiblər, hətta seçkidə iştirak edib-etməyəcəklərini dəqiqləşdirməyiblər.

Partiyalılığı olmayan, xaricdə yaşayan bir neçə şəxs (Rəsul Quliyev, Hüseyn Abdullayev) isə seçkidə iştirak edəcəklərini açıqlayıblar.

Seçkiyə qatılmaq istəyənlərin sırasının artacağı gözlənilir.

Seçki ilə bağlı yekun qərarını hələ ki verməyən KXCP-nin sədr müavini Xəzər Teyyublu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyada prezident seçkiləri və namizəd məsələsi hələ müzakirə olunmayıb: “Müzakirələr olacaq. Seçkidə iştirakla bağlı qərar verməyə partiyanın qurultayının və Ali Məclisinin də səlahiyyəti var. Qərar qəbul ediləndə ictimaiyyətə açıqlanacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, rəhbərlik etdiyi partiyanın prezident seçkilərində iştirakını və namizədini müəyyənləşdirməyi qurultay həll edir. Nizamnaməyə görə, Ümid Partiyasının qurultayı bu il keçirilməlidir: “Ona görə də biz seçkiyə siyasi partiya kimi hazırlaşırıq. Amma iştirak və namizədlə bağlı qərarı qurultay verəcək. Qurultay nə qərar verəcəksə, ona uyğun hərəkət edəcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu isə namizədliyin indidən irəli sürülməsinin tərəfdarı deyil: “Prezidentliyə namizədliyi seçki kampaniyası başlayanda da vermək olar. Çünki o zaman situasiya aydın olacaq və bu situasiyaya uyğun da namizədliyi irəli sürmək və ya sürməmək olar. Ona görə də biz seçkidə namizədliyimizlə bağlı indidən qərar vermək istəmirik. Gözləyəcəyik, görək hadisələr necə inkişaf edir”.

S.Cəlaloğlu hesab edir ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi bugünkü vəziyyətdən yanaşdıqda mümkün görünmür. Bunun da bir sıra səbəbləri var. Kim ki, vahid namizəd olmaq istəyir, gərək vahid namizəd psixologiyasına malik olsun, hər kəsə eyni yanaşsın, öz partiyası ilə digərlərinin arasında fərq qoymasın".

AMİP-də də hələ ki prezidentliyə namizəd məsələsi müzakirə edilmir. Etibar Məmmədovun seçkidə namizədliyini irəli sürmək niyyətinin olmadığını açıqlaması bu partiyanın seçkilərlə bağlı hansı mövqe tutacağına təsir edəcəyi şübhəsizdir.

Məqalədə : prezident seçkisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 09:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru