Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
16:50
İtkin düşən alpinistlərin əzizlərinə psixoloji dəstək göstərilirmi?
Psixoloq Elnur Rüstəmov suallarımızı cavablandırdı

Bir neçə gün öncə Quba rayonu istiqamətində “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlu itkin düşüb. Xəbər ictimaiyyətdə böyük ajiotaj yaradıb, hər kəs intizarla onlardan bir xəbər gözləyir. Bu mənada ən böyük yük alpinistlərin ailələrinin, yaxınlarının üzərinə düşüb. Azərbaycan qanunvericiliyində belə bir müddəa var ki, hər hansı faciə ilə rastlaşan adama dövlət tərəfindən psixoloji yardım edilir. Bəs alpinistlərin əzizlərinə bu mənada hər hansı bir yardım edilirmi? FaktXeber.com məsələ ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdan münasibət öyrənib.

Müsahibin sözlərinə görə, FHN nəzdində risq qrupları və psixoloqlar çalışır: «Xüsusən fövqəladə hallarda – yanğınlarda, böyük miqyaslı qəzalarda, xilasetmə işlərində və sair hadisələrdə zərərçəkən insanlara psixoloji dəstək göstərilir və bu şəxslər işlərini bilən mütəxəssislərdir. Onlar psixi sağlamlıq mərkəzi ilə də əməkdaşlıq edirlər».

Alpinistlərin ailələrinə psixoloji dəstəyə gəldikdə isə o, bildirdi ki, hazırda  bütün diqqət gənclərin axtarışına, xilas edilməsinə yönəlib: «Biz bu işə köklənmişik deyə, psixoloji dəstək arxa planda qalıb. Valideynlər də psixoloq dəstəyi istəməyiblər. Təklif etdikdə isə onların qəbul edib-etməməsi ayrı məsələdir. Ancaq FHN-nin tərkibində psixoloq briqadası var».

Müsahibimiz bldirdi ki, bəzən şəhərlədə intiharlar zamanı həmin FHN-nin nəzdində olan psixoloq briqadası müdaxilə edib və insanı fikrindən daşındırıblar.

Elnur Rüstəmov bununla belə, ölkəmizdə psixoloji təfəkkürün o qədər formalaşmadığını da vurğuladı: «Belə hallarda zərərçəkənlərə psixoloji dəstəyi yaxınları doğmaları göstərir. Əslində bu psixoloji dəstək deyil - güzəran psixologiyasıdır; onları sakitləşdirməyə, müəyyən qədər təskinlik tapmağa yönəlmiş bir işdir». 

Dr.Rüstəmov ümumiyyətlə psixoloji dəstəyin könüllük prinsipi ilə həyata keçdiyini dedi: «Fərd istədiyi təqdirdə müraciət edib o dəstəyi ala bilər. Məsələn Bakıda bina yananda bizə hətta rayondan gəlib müraciət etdilər, qorxularından danışdılar. Elələ var idi ki, gecə 10 dəfə durub qazı yoxlayır, digərləri uşaqlarına baxır, onları itirəcəklərindən qorxurdular. Lakin psixoloji dəstək icbari deyil. Hətta bir şəxsin problemləri olsa belə, yaxınlarının imzası, yaxud özünün razılığı olmasa kimsə onu məcburi xəstəxanaya apara bilməz. Ən son halda isə məhkəmə yolu ilə bu həll olunur».

Xatırladaq ki, Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam edir. Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edir. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 14:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com