Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2017
20:28
Qarabağ dərdimizə məlhəm “Qarabağ”

Təxminən iki ay öncə sosial mediada paylaşılmış bir xəbər Azərbaycan xalqına, futbol ictimaiyyətinə və dünyadakı bütün dostlarımıza olduqca kövrək, duyğulu anlar yaşatdı: "Qarabağ"ın haitili futbolçusu Vild-Donald Gerye Polşaya yollanaraq ağır xəstəlikdən dünyasını dəişən qızının qəbrini ziyarət edir və övladının məzarı üstünə "Qarabağ"da geyindiyi formasını sərir...

Şəklə baxıram: köynəyin üzərində “Qarabağ” sözü aydın sezilir; bunun torpaqda uyuyan körpə vücuda hansı təsiri göstərdiyini deyə bilməsəm də, öz canımın isindiyini, ruhumun pərvazlandığını hiss edirəm… 

22 noyabr 2017-ci il. “Qarabağ” Çempionlar Liqasının 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” klubu ilə görüşür. Matçı 60 mindən çox azarkeş izləyir. 19-cu dəqiqədə sanki marığa yatıb fürsət gözləyən baş hakim əsassız şəkildə Rəşad Sadıqova qırmızı vərəqə göstərir və ağdamlıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edir. Əslində futbol mütəxəssisləri də təsdiqləyər ki, kapitanın rəqib hücumçuya kobud müdaxiləsi qeydə alınsa belə, eyni vaxtda iki cəza olmamalıdır; penalti verilibsə, futbolçunu meydandan kənarlaşdırmağa lüzum qalmır. Amma çifayda..! “Ürəyi soyumayan” Manuel de Souza bir qədər sonra yenə də 11 metrlik zərbə nöqtəsini göstərir… 

Oyuna böyük həvəs və əzmlə başlayıb rəqibin qapısı ağzında çoxsaylı təhlükəli vəziyyətlər yaradan, hətta bir topu qapı dirəyinə dəyib qayıdan doğma komandamız azlıqda qaldığından, ən əsası isə ədalətsiz münasibətdən özünə gələ bilməyərək 0:4 hesabı ilə uduzur... 

Azərbaycanı Avropanın ən nüfuzlu klublararası turnirində uğurla təmsil edən "Qarabağ" dekabrın 6-da İtaliyada “Roma”ya minimal fərqlə (0:1) məğlub olaraq Çempionlar Liqasında mübarizəsini dayandırdı.

Bu ona, daha doğrusu bizə qarşı sərgilənən ikili münasibətlərin gətirib çıxardığı məntiqi nəticə idi. 

Məsələnin başqa heyrətamiz tərəfi isə portuqaliyalı referinin fəaliyyətinin dəyərləndirilməsidir. Yəni Manuel de Souza barədə obyektiv ölçü zərərçəkənlərin tarıma çəkilmiş əsəblərini nisbətən yumşalda, Avropa futbol elitasına inamsızlığı aradan qaldıra bilər, ikili standartların idmana sirayəti şübhələrini möhkəmlənməyə qoymazdı. Lakin bu dəfə də möcüzə baş vermədi: qarşılaşmanın çexiyalı hakim-inspektoru  Miroslav Tulinger fit sahibinin işini 8.4 balla – yüksək qiymətləndirdi (?!).

Hədsiz sarsılıram, səmaya yüksələn ruhum qanadı qırılan quş kimi yerə çırpılır…

İdmanın bir siyasət olması yeni kəşf deyil - Avropanın, Latın Amerikasının mədəniyyətdə, iqtisadiyyatda, beynəlxalq siyasətdə nəzərəçarpacaq uğura imza atmayan bir çox ölkələri özlərini idmanla, konkret futbolla təqdim edə və böyük şöhrət qazana biliblər. Həmin qələbələr onlara sülhsevər imiclə yanaşı, çoxlu pullar da qazandırıb.

Amma idmanda ikili siyasətin yürüdülməsi, haqqın nahaqqa qurban verilməsi, sovet imperiyasının əsarətindən qurtulub müstəqillik əldə etmiş kiçik ölkənin komandasına qarşı ögey münasibət son illərin ab-havasından qaynaqlanır. Bəlkə də indi rastlaşdığımızdan bizə belə gəlir. 

“Qarabağ” təkcə futbol klubu deyil, işğaldakı ərazilərimizin adını daşıyan və yaşadan, nəinki bizə, elə dünyaya da tez-tez xatırladıb unudulmağa qoymayan rupordur; konkret şəkildə təcavüzə uğrayan Ağdamımızın təmsilçisidir. Əsrin dörddə biri qədər yaşı olan Qarabağ dərdimizə məlhəmdir, torpaq itkisindən doğulan kədərimizn şərikidir, acılarımıza təsəllidir. Ən başlıcası isə məlumat daşıyıcısıdır, ətrafımıza çəkilən informasiya blokadasını yaran peykdir, mütərəqqi ictimaiyyəti silkələyib oyadan, maraqlandıran, mürtəce qüvvələrin canına qorxu salan, yuxusunu ərşə çəkən bir sədadır, haraydır…

Bu illər ərzində öz sevimli futbolçularının oyununu izləyən milyonlarla əcnəbi azarkeş bəs rəqibin kim olduğunu öyrənməkdən ötrü internet resurslarda “Qarabağ” yazıb axtarış aparır, xəritələrə, kartotekalara, digər xəbər bazalarına nəzər salırdı. O zaman Azərbaycanın Ermənistan tərəfindən ilhaqa məruz qalan əraziləri – Qarabağ və bitişik rayonlar barədə əsl həqiqətlər ortaya çıxırdı. Tərəqqipərvər dünya yalnız təcavüzkarı və ona dəstək verənləri yox, Xocalı, Daşaltı, Kərkicahan faciələrinə obyektiv siyasi qiymət verməyənləri, münaqişənin həlli ilə məşğul olan beynəlxalq təsisatları – ATƏT-in Minsk qrupunu suçlayır, uzun illərdir dörd qətnaməsinin həyata keçirilməsinə cəhd göstərməyən BMT-ni qınayırdı.    

Bax, elə buna görə də “Qarabağ”ın nailiyyətləri – qısa müddətdə xeyli irəliləməsi, nüfuzlu yarışlarda yerlərə, mükafatlara layiq görülməsi, geniş kütlələrin məhəbbətinə sahib çıxması böyük problemlər yaradırdı. Və həmin səbəblərdən də sevimli klubumuzun UEFA turnirlərində zəfər yürüşünü dünya futbol rəsmiləri həzm edə bilməzdi, etmədilər də..!

Əksər beynəlxalq təşkilatların, güc mərkəzlərinin 25 ildən artıqdır ki, “münaqişə” ifadəsi ilə torpaqlarımızın işğalını mübahisəli ərazi kimi qələmə verərək, guya yazıq ermənilərin öz müqəddəratlarını təyinetmə prinsipindən çıxışlarını əsas gətiməklə dünyada yanlış fikir formalaşdırmağa cəhd göstərmələri danılmaz həqiqətlərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev xəritədə Ermənistan adlı dövlətin artıq mövcudluğunu və Qarabağda ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini dəfələrlə qətiyyətli şəkildə bəyan edib. Amma bədnam ermənilər və onların xarici havadarları azğın niyyətlərini reallaşdırmaq üçün dəridən-qabıqdan çıxır, bütün alçaq variantlara gedir, terrorçu qruplaşmalarla işbirliyi qurur, hətta dövlət səviyyəsində belə, terrordan, təxribatdan çəkinmirlər. Dəfələrlə müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırmış, parlament sədri və deputatların gülləbaranı və digər qətliamlarla masa üzərinə qoyulmuş münaqişənin tənzimlənməsi müqavilələrinin imzalanmasını təxirə salmışlar.

2014-cü ilin 14 iyunundan AŞPA-da start götürən bir proses necə də yaşıl meydanlarda baş verən hadisələrə, “Qarabağ” - Çelsi qarşılaşmasına bənzəyir: Azərbaycan nümayəndə heyəti digər  deputatların da imzası ilə AŞPA katibliyinə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” adlı qətnamə layihəsi təqdim eləmişdi. Qətnamə layihəsindəki “Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı” ifadəsi rəsmi sənədlərdə ilk dəfə işlədilirdi. Həmin səbəbdən AŞPA-nın Siyasi Komitəsində, Büroda və sessiyada bu qətnaməyə məruzəçinin təyin edilməsi üçün kəskin mübarizə getdi. Mübarizənin əsas illəti qətnamə layihəsinin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” şəklində adlandırılması idi. Belə ki, bu ad faktiki olaraq erməniləri və Ermənistan dövlətinin uzunmüddətli işğalçı siyasətini puç edirdi. Erməni lobbisinin çağırışına əsasən, guya Qarabağ problemi ilə məşğul olan ATƏT-in Minsk Qrupu, güc mərkəzləri, bütün beynəlxalq təşkilatlar və QHT-lər, Türkiyə istisna 45 AŞ ölkəsi din amilini əsas tutaraq, məruzənin qarşısının alınması üçün birləşdi. Xristian dünyasının tanınmış siyasətçiləri, dövlət məmurları, din, mədəniyyət və incəsənət xadimləri, müğənnilər, hətta idmançılar da öz din qardaşları olan ermənilərə, işğalçı dövlətə kömək üçün ayağa qalxdılar. Nəticədə, ilyarım davam edən mübarizəyə, Komitədə və Büroda məruzəçinin təsdiqi uğrundakı çalışmalarda qalib gəlməyimizə baxmayaraq,  AŞPA-nın 26 yanvar 2016-cı il tarixli qış sessiyasında məruzə 4 səs fərqi ilə (66 səs lehinə, 70 səs əleyhinə, 45 səs bitərəf) qəbul edilmədi.

Bu ilginc hadisə - demokratiyanı “fantan vurduğu” çılçıraqlı saraylarla yaşıl örtük üzərində baş verənlər arasında aparılan paralellər acı gerçəkliklərin ortaya çıxmasına şərait yaradır. Yuxarıda qeyd elədiyim kimi, “Qarabağ” yüksəldikcə milyonlarla insan Qarabağın Azərbaycanın tarixi ayrılmaz hissəsi olduğu həqiqətlərinə vaqif olur. Beynəlxalq idman elitasının bəzi nümayəndələri isə 30 il öncə erməni lobbisinin gözqamaşdıran brilyantlar, digər bahalı hədiyyələrlə ələ aldığı Mişa-Raisa cütlüyündən təfəkkür və nəfscə elə də fərqlənmirlər. Gizli deyil ki, futbolumuza qarşı sərgilənən qərəzli mövqe də ermənipərəst mərkəzlər tərəfindən verilmiş siyasi sifariş idi - “Qarabağ”ın dayandırılması üçün məqsədli plan qurulmuşdu. Son üç oyunda nəzərə çarpan ədalətsizliklər həmin çirkin strategiyanın tərkib hissəsi sayılmalıdır. Güclülərdən Pedro Enriqe və Dino Ndlovun qırmızı vərəqə alıb iki matça buraxılmamaları, son oyunda Rəşad Sadıqovun meydandan kənarlaşdırılması və iki dəfə 11 metrlik cərimə zərbəsi deyilənlərə bariz nümunədir. Nəticədə, perspektivli bir komanda haqq etdiyi yarışmadan  uzaqlaşdırıldı və yeni pillələr uğrunda mübarizə aparmaq şansını itirdi.

Bütün bunları təkcə biz demirik - adıçəkilən görüş sonrası İngiltərə mətbuatı baş hakim Manuel de Souzanın rüsvayçılığından yazır, “Çelsi”yə belə köməyin lazım olmadığını bildirirdi. Özləri də fərqinə varmadan çox incə mətləbə toxunub ingilis həmkarlarımız… İdmanda minlərlə alınıb-satılan oyunlar, karyera, yaxud “şirinlik” müqabilində konkret qərar verilməsi faktları mövcuddur. Nəzərə alsaq ki, rəqibimiz onsuz da güclüdür, heç-heçəylə belə növbəti mərhələyə vəsiqəni təmin edir və hakimin canfəşanlığına ehtiyacı yoxdur, deməli, söhbətin idman kontekstindən çıxaraq siyasi axara düşməsi bir daha təsdiqlənir. Hələ o zaman ziyalılarımızın və idman şərhçilərimizin vurğuladığı kimi, bu, dünya miqyasında məşhur “Çelsi” klubunun “Qarabağ” üzərində qələbəsi yox, nifrət və küdurət dolu hakimin qərəzinin nəticəsi idi. Bu siyasiləşmiş məğlubiyyət “Qarabağ” klubunun zəifliyi deyil, Avropa demokratiyasının ikiüzlülüyüdür!

Bir ay öncə iki şad xəbərə sevindik: “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həm Azərbaycan milli komandasının baş məşqçisi təyin olundu, həm də jurnalistlər arasında keçirilən ənənəvi sorğuda qalib gələrək “İlin ən yaxşı məşqçisi” seçildi,. Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan 45 yaşlı mütəxəssis 8-ci dəfə demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. 

Qurban Qurbanov 2017-ci ildə “Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. “Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. “Köhlən atlar” qrup mərhələsində Madrid “Atletiko”su ilə qarşılaşmalarda 2 xal qazanıb.

...Ədəbiyyatda belə bir deyim var: kiçik xalqların böyük ədəbiyyatı olmur - fikir daha çox əsərlərin dünya miqyasına çıxmaması, nüfuzlu ödüllərdən, “Nobel” mükafatından kənarda qalmaq zəminində işlədilir. Bunu idmana da aid etmək olarmı..? İstəməzdim. Əvvəla, müəyyən əsəb gərginliyi, ruhi sarsıntı halında dilə gətirildiyinə və ucuz təsəlliyə bənzədiyinə görə. Belə təsəllilərsə mənfi psixoloji aura aşılayır, insanın mübarizə əzmini qırır, onu qlobal proseslərdən təcrid durumunda saxlayır. Mənim xalqımsa böyük xalqdır və inkişaf yolundadır, vaxt gələcək bütün taleyüklü problemlərimiz həllini tapacaq, Azərbaycan dünyanın inkişaf etmiş ölkələriylə bir cərgədə addımlayacaq. O zaman futbolla bağlı müşkülatlarımıza - əcnəbi oyunçu transferinə, qərəzli mövqelərə, ikili standartlara da son qoyulacaq. İşğaldan azad olunmuş Xankəndində keçirilən futbol üzrə dünya, Avropa çempionatlarında yığma komandamız, yaxud “Qarabağ” kubokları Azərbaycana gətirəcək!        

Qurban Cəbrayıl

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com