Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Dekabr

2017
11:35
1806
Azərbaycanda 2017-ci ildə yadda qalan hadisələr

Yanvar

- Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən görüntülər yayıldı. Belə ki, azyaşlı Nuray bioloji atasından imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Atası baş verənlərdən sonra qızın zorla alınmasından imtina etdi və 17-18 yaşına çatanda hər şeyi ona başa salacağını bildirdi.

- ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən 162006055 saylı cinayət işi başlanıldı.

- Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib.

- Deputat Vahid Əhmədov ilk dəf olaraq açıqladı ki, 10 ildir Milli Məclisdə Rəqabət Məcəlləsi qəbul eilmir: “Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik?”

- Aİ-95 premium markalı benzinin qiyməti qaldırılaraq 1,05 AZN təşkil etdi.

- İlk dəfə olaraq dolların rəsmi məzənnəsi 1.9165 AZN səviyyəsinə qalxdı.

Fevral

- Rusiya və Ukrayna vətəndaşları olan, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edən Aleksandr Lapşin Bakıya gətirildi.

- Nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdi. Onun nazir olduğu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Ramin Namiq oğlu Quluzadə isə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi.

- Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqların dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olunması barədə Konstitusiya Məhkəməsi qərar verdi. 

- Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlanıb: 819,15 milyard ABŞ dolları.

- Azərbaycan prezidenti İlham Əliyev Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi barədə sərəncam imzaladı və Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev Mehriban Əliyevanı təqdim edib.

- Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirildi və məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edildi.

-  Millət vəkili Zeynəb Xanlarova parlamentdəki çıxışı zamanı bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqları ona çatmır:“ Bu danışıqlardan sonra nə dəyişir?! Heç nə. Gəlin birdəfəlik müharibə edək də. Ermənilər bizim torpağı işğal ediblər. Bura bizim evimizdir, onlar evimizə giriblər. Gəlin müharibə edib onları məhv edək. Kim nə deyə bilər ki? Biz öz torpağımız uğrunda vuruşuruq.”

- Ruhani Sərdar Babayev Cinayət Məcəlləsinin 168. 1.3.1 maddələri ilə ittiham olunaraq həbs edildi.

Mart

- Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun məhkəməsi keçirildi. Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verildi.

- Prezident İlham Əliyevin sərəncamı ilə 423 nəfər əfv edildi.

- Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpıldı. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə dünyasını dəyişdi.

Aprel

- Dövlət İmtahan Mərkəzi DİM 2016/2017-ci tədris ilində şəhər və rayonlar üzrə ali məktəblərə qəbul olmayan və ümumiyyətlə universitetlərə sənəd verməyən məktəblərin adlarını açıqladyı.

- Ermənistan bazarlarında Azərbaycan almalarının satıldığı ilə bağlı Ermənistan Ərzaq Məhsullarının Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Xidməti açıqlama yaydı.

- Təhsil Nazirliyi xaricdə təhsil alan 930 tələbənin diplomunu tanımadı.

- İllərdir tikintisi gözlənilən və aztəminatlı ailələr üçün nəzərdə tutulan “sosial mənzil”ləri almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlandı. 

- "Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü məsələsi gündəmə gəldi. Yasamal rayon icra hakimiyyətinin başçısı  İbrahim Mehdiyev icma üzvlərinə məsləhət gördü ki, ölkə rəhbərliyinə müraciət etsinlər.

May

- Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yaydı. Onun əl çantasından bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar edildiyi qeyd olundu. Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlandı.

- IV İslam Həmrəyliyi Oyunlarına start verildi. Oyunların yekunlarına görə Azərbaycan ümumilikdə 162 medal qazandı. Qızıl sayına görə (75 qızıl) Azərbaycan oyunlarda ilk sırada yer aldı.

İyun

- Azərbaycanlı Günel və Xeyrənsə Musayeva bacıları Türkiyədə tarixi uğura imza atdılar. İstanbulun ingiliscə təhsil verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən böyük nailiyyət əldə edərək məzun olan bacılardan Günel Musayeva universitet birincisi, Xeyrənsə Musayeva isə, universitet üçüncüsü olaraq təhsillərini yekunlaşdırıblar.

- Azərbaycan Dillər Universitetində tələbələrin etirazından sonra Prezident İlham Əliyev rektoru vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevi universitetə rektor təyin etdi.

- Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyev dünyasını dəyişdi.

- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması işləri başa çatdı. Kənddə Şuşa məscidinə oxşar məscid inşa edilərək istifadəyə verildi.

- Bakının “Sovetski” məhəlləsində aparılan söküntü işləri zamanı Hacı Cavad məscidi də söküldü.

İyul

- Prezident İlham Əliyev general Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Buna səbəb generalın avtomobil idarə etmək hüququndan məhrum edilmiş oğlu Rüstəm Orucovun qanunsuz olaraq 10-OG-300 nömrə nişanlı BMW markalı avtomobilin sükanı arxasında yol hərəkəti qaydalarını pozması və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovu döyməsi idi.

- İşğalçı Ermənistan ordusunun dinc sakinlərə qarşı həyata keçirdiyi hücum nəticəsində Füzulinin Alxanlı kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı şəhid oldular. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralandı.

- Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov qızına etdiyi 400 min dollarlıq toyla gündəmə gəldi. 

Avqust

- Bakı məktəblərinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.

- Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Turan İnformasiya Agentliyinə qarşı cinayət işi açdı və agentlikdə səyyar vergi yoxlaması başladı. Agentliyin direktoru Mehman Əliyev şübhəli şəxs kimi saxlanıldı.

- Paytaxt Bakının Nərimanov rayonu ərazisində  Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Elman oğlu Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi. 

- Binəqədi rayonunda, A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən 29 yaşlı Orxan Cəmil oğlu Orucov üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Onun, “Diqqətli ol, hörmətli ol” ibarəsi isə uzun müddət gündəmdə oldu. 

- Ağdamın “Qarabağ” klubu Azərbaycanın futbol tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazandı. Ağdamlılar pley-off mərhələsində “Kopenhagen” (Danimarka) komandasını ümumi nəticəyə əsasən üstələyərək qitənin ən nüfuzlu turnirinə vəsiqəni təmin etdi.

Sentyabr

- Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Əliyev Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “İsaak Nyuton” qızıl medalı ilə təltif olunub. Q.Əliyev “İsaak Nyuton” qızıl medalı alan ilk Azərbaycan alimidir. 

- "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyüldü.

- Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlandı. H. Abutalıbov jurnalistlərə açıqlamasında, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməz olduğunu bildirdi: “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, “26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur”.

- Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmiş "Turan informasiya agentliyi"nin direktoru Mehman Əliyev azadlığa buraxıldı. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunurdu. Sonuncu maddəyə görə o, 7 ilədək həbs edilə bilərdi.

- Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçiril

Oktyabr

- Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi.

- 20 ildən artıq həbsxanada cəza çəkən, 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmuş, kriminal dairələrdə “Lotu Quli” kimi tanınan Nadir Salifov Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında azad edildi.

- Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçdılar. Qəsdən adam öldürməkdə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. E.Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınırdı. Əli Ağami daha sonra həbs edilərək həbsxanaya qaytarıldı. Onların qaçmasına yardım edənlərdən biri kimi tanınmış müğənni Fədayə Laçın da həbs edildi.

- Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) doqquzuncu sinif şagirdi Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində ixtirası ilə (yağış suyundan enerji alınması) iştirak edərək dünyanın diqqətini Azərbaycana yönəltdi.

Noyabr

- Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında tanınmış vəkil Yalçın İmanovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edildi.

- "Aİ-95" premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verdi. "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN oldu.

Dekabr

- Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobillə qəza törətmiş Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edildi.

- Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” ilə əlaqədar həbs edilən ruhani Zülfüqar Mikayılzadəyə 17 il, Elman Ağayevə isə 13 il həbs cəzası verildi.

- Vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən yzaqlaşdırıldı. Onun yerinə tahsil naziri Mikayıl Cabbarov təyin edildi.

- İllərlə MTN-nin təcridxanasında, daha sonra isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar etdi.

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Roma” və “Atletiko Madrid” klubları ilə eyni qrupunda yer alan “Qarabağ” yarışları iki xalla başa vurdu. 

Məqalədə : Azərbaycan 2017 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 09:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru