Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2017
20:35
Azərbaycanı tanıyaq: QAVALDAŞ

Qobustanı nəinki Azərbaycanın ilk musiqi beşiyi, həmçinin ilk rəssamlıq məktəbi, ilk rəqs meydançası adlandırmaq olar. Məhz Azərbaycanın ilk musiqi nümunələri, rəqsləri, rəssamlıq izləri ilə bu ərazilərdə rastlaşırıq. Qobustanda oyma sənətinin, kulinariyanın, ovçuluğun, maldarlığın, nəqliyyatın (araba, qayıq) və s. kimi qədim peşələrin ilk nümunələri əcdadlarımız tərəfindən yaradılıb. Musiqişünas olduğumuzdan, bu qədim ərazinin əsasən incəsənətlə bağlı məqamlarından söhbət açacaq, onu elmi şəkildə araşdıracağıq.

Qavaldaş ifa zamanı xüsusi köklənməyə ehtiyacı olmayan, özən səsli, vurulmaqla səsləndirilən idiofonlu çalğı alətidir. Qavaldaşın yaranma tarixi mütəxəssislərin rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Daş alətlərin hazırlanması texnikasına, forma və tipologiyasına görə Daş dövrü 2 mərhələyə ayrılır: Qədim Daş dövrü – Paleolit və Yeni Daş dövrü – Neolit. Paleolit və Neolit arasındakı keçid dövrü isə Mezolit adlanır. Azərbaycanda Mezolit dövründə cəmiyyətin inkişafında böyük dəyişikliklər baş verib, mədəniyyət sahəsində xüsusi sıçrayışlar olub. Bunu Qobustandakı Böyükdaş, Kiçikdaş və Cingirdağın qayaüstü təsvirləri təsdiqləyir.

Qobustanşünas Cəfərqulu Rüstəmov “Qobustan dünyası” əsərində maraqlı fikirlər söyləyir: “Qobustanda apardığımız arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada – Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövrünün sonu, Mezolit (orta daş) dövrünün əvvəllərindən, ümumən 18 min il əvvəlki dövrdən başlayır. Ola bilsin ki, ondan da 3-4 min əvvəl buraya insan ayağı dəyib və hələlik o dövrün düşərgəsi qayalıqların altında qalıb və ya sadəcə olaraq aşkar olunmayıb. Lakin 30 illik tədqiqat və müşahidələrim əsasında Qobustanda həyat izinin ondan daha qədimdə olmasını güman edə bilmərəm”.

Qavaldaşın da bu dövrlərdən etibarən, 15-20 min il əvvəl ulularımıza məlum olduğu ehtimalı güclüdür. Amma deyildiyi kimi, alət bu dövrdən çox-çox əvvəllər yaranmışdı. Qavaldaş açıq səma altında Qobustanda yerləşir və ölkəmizdə yeganə çalğı alətidir ki, onun bir sahibi var, o da Azərbaycan xalqıdır. Qavaldaşla yaxından tanış olmaq və səsləndirmək üçün 2006-cı ildə TRT Bakı təmsilçisinin bir qrup əməkdaşları ilə Qobustana yollandıq. Düzdür, ilk dəfə 1970-ci ildə orta məktəbdə oxuyarkən (onda 13 yaşım var idi) müəllimlər bizi Qobustana ekskursiyaya aparmışdılar. İndi isə Qobustan qayalıqlarının üzərindəki cizgilərə tədqiqatçı kimi diqqət və maraqla baxır, sanki burada əcdadlarımızın nəfəsini duyuram.

Xatırladaq ki, 1966-cı il sentyabr ayının 9-da Respublika Nazirlər Sovetinin 509 №-li qərarı ilə 4400 ha-dan artıq ərazini əhatə edən Qobustan qayalıqları Dövlət Tarixi-Bədii Qoruğu kimi qeydiyyata alınıb. 2007-ci ildə isə Qobustan qoruğu “Qobustan qayaüstü rəsmləri mədəni landşaftı” adı altında YUNESKO-nun ümumdünya mədəni irsi abidələri siyahısına daxil edilib. 

“Azərbaycan arxeologiyası”nda qeyd olunur ki, aparılmış arxeoloji qazıntıların nəticələrinə görə, Qobustanda ilk qayaüstü rəsmlər və yazılar ən azı e.ə. XVIII-XV minilliklərə aid edilir. Qobustandakı qayaüstü təsvirləri 1939-cu ilin may ayının 12-də Azərbaycanın ə.e.x., arxeoloq İshaq Cəfərzadə (1895-1982) aşkarlayıb. O, sonrakı mərhələlərdə Qobustanı həyat yoldaşı Sofiya Qəhrəmanova ilə birlikdə tədqiq edib. 1965-ci ildən etibarən İshaq Cəfərzadə və Sofiya Qəhrəmanovanı Cəfərqulu Rüstəmov və həyat yoldaşı, qobustanşünas alim, tar.el.nam. Firuzə Muradova əvəz edib, onlar uzun müddət Qobustanda tədqiqat aparıblar.

Qobustanda (Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə sahələrində) 6000-ə qədər qədim şəkil, 20-dən artıq Daş dövrü düşərgəsi, sonrakı dövrlərin yaşayış yerləri, çoxlu qəbir və başqa arxeoloji abidələr aşkar edilib. Böyükdaş dağında qayalıqlara həkk olunmuş latın dilində yazı var. Eramızın I əsrinə aid edilən bu yazı romalılara məxsusdur.

Yazı imperator Domisian Tit Flavinin (51-96) hakimiyyəti dövründə 81-96-cı illər) həkk olunub. Qaya üzərindəki yazı Romanın XII ildırımsürətli legionunun Qobustanda olduğunu təsdiqləyir. Yazı həmçinin o dövrdə Roma və Qafqaz Albaniyasının müəyyən münasibətlərinin olduğunu da üzə çıxarır. Qobustanda Yazılıtəpə sahəsindəki 91 №-li daşın üzərində, orta əsr – daha doğrusu, XIII-XIV əsrlərə aid edilən başqa bir qayaüstü yazı da var. Bu yazı ərəb əlifbası ilə fars dilində 3 sətirdə yazılıb. I sətirdə “İmad”, II sətirdə “Şakki”, III sətirdə: “dua qoftə rəft”. Yəni “İmad Şakki dua dedi, getdi” (tərcümə: fil.ü.f.d. Firudin Qurbansoyundur). İmadın kimliyini müəyyənləşdirə bilməsək də, yazıdan ən azı XIII əsrdə bu ərazinin ziyarətgah olduğu aydınlaşır.

E.ə. XII-XI minilliklərdə Cingirdağda Ovçular qəbiləsi, Kiçikdaş dağında Balıqçılar, Böyükdaş dağında isə Maldarlar qəbilələri yaşayıblar. Xatırladaq ki, Daş dövründə Qobustanda iqlim indikindən fərqli – subtropik olub. İ.Cəfərzadə 1939-cu ildə başladığı tədqiqatları II Dünya (Böyük Vətən) Müharibəsi ilə əlaqədar olaraq bir müddət təxirə salır. İshaq müəllimin tələbəsi Cəfərqulu Rüstəmov qavaldaşın çalğı aləti kimi aşkarlanması ilə bağlı qeyd edir: “Qavaldaş necə tapılıb, onun musiqi aləti olduğu necə müəyyənləşdirilib? Bu haqda İshaq müəllim belə nəql edirdi ki, 1947-ci ildə axtarışda olarkən bir dəfə, yazın istisində yorulub, Cingirdağ zonasında yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa dəvət edirlər, körəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir. Düşərgədəkilər onun başına yığışıb işi ilə maraqlanırlar, söhbət edirlər. Bir azdan çobanların briqadiri yolda görünür (o, düşərgədə yox imiş) və yaxınlaşıb sürünün harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki, “Qaval çalan daşın yanındadır”. İshaq müəllim bu cümləni tutur və soruşur: “Sürü haradadır dediniz?” Çoban cavab verir ki, “Qaval çalan daşın yanındadır”. İshaq müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli, Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir.

Onu nağara kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı və daşdan elə bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm də oynayam. Bir də deyirdi ki, mən maldarların çoxundan, qocasından da, cavanından da soruşanda ki: “Siz nə bildiniz ki, bu daş nağara kimi səs çıxarır və ona “Qaval çalan daş” adını kim verib? Hamısı çiyinlərini çəkib deyirdilər: “Nə bilim, ata-babadan, gözümüzü açandan onu “Qaval çalan daş” deyə, eşidib tanımışıq”.

Qobustanda bir neçə qavaldaş aləti var. Lakin bunların arasında ölçüsünə, yəni böyüklüyünə, səs tembrinə görə iki qavaldaş aləti xüsusi ilə seçilir: Cingirdağda (şimal-şərq ətəyi) və Böyükdaş dağında (şimal-şərq ətəyi) yerləşən alətlər. Deyildiyi kimi, bu sahədə (Cingirdağ və Böyükdaş dağı) ovçu və maldarlar yaşadığından, qavaldaşdan da həmin qəbilənin üzvlərinin istifadə etdikləri zənn edilir. Deməli, bir neçə min il əvvəl bu ərazidə məskunlaşmış əcdadlarımız qavaldaşın ətrafında tonqal qurub, alətin müşayiəti ilə “Yallı”, “Çöppü” gedərmişlər. Bu fikri qayaüstü rəsmlər də təsdiq edir. “Çöppü” arxaik sözlərimizdəndir, adına Azərbaycan şairi Qətran Təbrizinin (1012-1088) “Divan” ındakı beytlərin birində rast gəlirik. Beytin izahında “Çöppü” sözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q.Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər “Çöppü” adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur. Xatırladaq ki, Naxçıvanda (Şahbuz, Şərur) “Çöp-çöpü” adlı vokal müşayiətli yallı növü yaxın keçmişdə (XX əsrin 60-cı illərində) də oynanılırdı. Bəlkə də bu rəqs adı Q.Təbrizinin “Divan”ında çəkilən “Çöppü”nün təhrif olunmuş deyimidir və sonrakı mərhələlərdə tələffüzdə “Çöp-çöpü”yə çevrilib. Bir fakt aydındır ki, vokal müşayiətli yallı növü insrumental müşayiətli yallılara nisbətən daha qədimdir.

Çalğı alətləri yaradılana qədər qədim insanlar vokal müşayiətli yallıları rəqs etmişlər. Prof. Qafar (Kəndli) Herisçi (1924-1997) Cingirdağın toponimiyası ilə bağlı maraqlı məqamlara toxunur: “ “Cingirdağ” sözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verən “cingir” sözündən əmələ gəldiyi ehtimal edilir”.

Deməli, Q.Herisçinin fikirlərinə istinad etsək, bu ərazi indi qavaldaş dediyimiz alətə görə Cingirdağ adlandırılması ehtimalı özünü bir fakt kimi təsbit edir. Xatırladaq ki, qədim dövrlərdə qavalabənzər dınqır adlı alətimiz də olub. Lakin cingir sözü dilimizdə başqa bir fikri də ifadə edir. Cingir – qızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Bəlkə də bu ərazilərdə (Cingirdağda) bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılıb. Türkoloq alim Firudin Ağasıoğlu (Cəlilov) “Azər xalqı” adlı əsərində “cingir” sözü ilə bağlı qeyd edir: “Cingir sözü ilə başlanan inanc yerləri (pir, ocaq) Azərbaycanda geniş yayılıb: Cingir bulaq (Cəbrayıl rayonu), Cingirdağ (Qobustan) və s. Uzmanlar bu adın qədim şumer dilində keçmiş Dingir (Tenqri) sözü olduğunu yazırlar”.

Bu halda qavaldaş qədim tanrıçılıq inamı ilə bağlanır. Qavaldaş aləti həm də birlik simvoludur. Qədim insanlar qavaldaşın ətrafına toplaşaraq müxtəlif dini və bayram mərasimləri keçirirdilər. Onlar qavaldaşın müşayiətilə rəqs etməyi xoşlayırdılar. Şübhəsiz, qavaldaşla bərabər o dövrün qamışdan, dəri, ağac və s. hazırlanmış digər çalğı alətləri də səsləndirilirmiş. Əlihüseyn Dağlı (1898-1981) “Ozan Qaravəli” əsərinin (III hissə) “Daş musiqi aləti, su dəmkeşi, təbii zümzümə” başlıqlı məqaləsində qavaldaşdan geniş söhbət açır. O, həmin məqaləsində təbiətin yaratdığı nəğməli mənzərəni təsvir edir…

Abbasqulu Nəcəfzadə

musiqişünas

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qavaldaş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 16:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com