Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2017
15:45
1878
Şahin Cəfərli: İƏT toplantısının nəticəsi olmayacaq
“Bu dövlətlər təzədən yığışıb İsrailin üstünə hücum etməyəcəklər”

ABŞ prezidenti Dolanld Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin fövqəladə toplantısı keçirilib və tədbirdə yekun Bəyannamə qəbul edilib. Sənəddə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırılıb. Bəs yekun bəyannamədən sonra hadisələr hansı məcraya istiqamət edəcək? 

FaktXeber.com məsələ ilə əlaqədar politoloq Şahin Cəfərlidən münasibət öyrənib.

Ankaranın bu mövqeyi ilk dəfə deyil və Amerikaya da, İsrailə də yaxşı məlumdur.

Ekspert ilk öncə bildirdi ki, yekun bəyannamənin qəbul olunması siyasi baxımdan önəmlidir, çünki bütün İslam ölkələri bir məsələdə həmrəy oldular -  o da Şərqi Qüdsün yaranacaq Fələstin dövlətinin paytaxtı olması məsələsində: 

“Amma eyni zamanda bunun əhəmiyyətini böyütməyə də ehtiyac yoxdur. Əvvəla ona görə ki, indiyə qədər İƏT çərçivəsində Fələstin problemi ilə bağlı, İsrail işğalını pisləyən və bu işğalı tanımayan onlarla, hətta yüzlərlə qərar qəbul olunub. Amma bu qərarların heç bir praktik nəticəsi olmayıb. Ona görə, sonuncu qərarın da çətin ki, praktik nəticəsi olsun. Necə ola bilər: Şərqi Qüds təşkilatın qərarı ilə Fələstinin paytaxtı kimi tanındı, bunu necə həyata keçirəcəklər, bunun həyata keçirilmə mexanizmi varmı? Təbii ki, yoxdur və bu dövlətlər təzədən yığışıb İsrailin üstünə hücum etməyəcəklər, müharibə ehtimalı görmürəm. Ona görə də praktik baxımdan əhəmiyyətinin olmadığını düşünürəm.”

Siyasi analitik bildirdi ki, bu, deklativ xarakterli və İslam ölkələrinin hamısının həmrəy olduğunu ifadə edən bir qərardır: “Siyasi cəhətdən əhəmiyyətli olsa da, düşünürəm ki, praktik nəticəsi olmayacaq.”

Türkiyə bu məsələdə fəal göüründü. Tədbiri də o təşkil etmişdi. Belə olan halda ABŞ, İsrail kimi müttəfiq dövlətlər tərəfindən Ankaraya hansı təzyiqlər ola bilər?

Ş.Cəfərlinin sözlərinə görə, bu məsələ Türkiyənin daxilində, Türkiyə mediası tərəfindən yanlış təqdim olunub: “Türkiyə hazırda İƏT-ə sədrlik edir. Ümumiyyətlə, gərgin vəziyyət yarandığı bir dövrdə sədrlik edən ölkənin borcudur ki, bununla bağlı hər hansı bir toplantı çağırsın. Türkiyə sədrlik hüququndan istifadə edərək bu toplantını çağırdı. Amma biz Türkiyə mediasına diqqət etsək görərik ki, orada guya bütün İslam dünyasının Ərdoğanın qərarı ilə Türkiyəyə toplandığı və qərar qəbul etdiyi barədə rəy yaradılır. Xeyr, bu sadəcə prosedur qaydadır.  Sədrlik edən ölkə bir toplantı çağırmalı idi. Məhz buna görə Türkiyə toplantını çağırdı.”

Ekspert digər tərəfdən Türkiyənin Fələstin məsələsindəki həssaslığının iki səbəbi olduğunu bildirdi: “Bilirsiniz ki, Fələstin torpaqları uzun illər Osmanlı imperiyasının tərkibində olub. Bu baxımdan türk xalqı sözügedən məsələdə həssasdır. Bəzən bizdə də narazılıqlar olur ki, nəyə görə Türkiyə Qarabağ məsələsinə Fələstin qədər diqqət yetirmir?! Bu qeyd etdiyim səbəblə əlaqədardır. Eyni zamanda, Türkiyənin siyasətçiləri, xüsusən sağ mühafizəkar siyasi qüvvələr, o cümlədən AKP əhalinin bu həssaslığından öz siyasi məqsədləri üçün istifadə edirlər. Ona görə də bu məsələ Türkiyənin gündəmində həmişə xüsusi yer tutur.”

Politoloq bu məsələyəyə görə, Türkiyəyə təzyiqlər edilə biləcəyinə inanmadığını da dedi: “Çünki Ankaranın bu mövqeyi ilk dəfə deyil və  Amerikaya da, İsrailə də yaxşı məlumdur. Hesab edirəm ki, Türkiyə etirazlarının dozasını yaxşı müəyyən eləməlidir. Hazırkı dozadan artıq etirazlar olarsa, təbii ki, ABŞ və İsrail tərəfindən hansısa cavab addımları ola bilər. Amma hesab etmirəm ki, bu gərginlik daha da artsın. Türkiyənin İsrail və Amerika ilə münasibətləri problemli də olsa davam edəcək.”

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2018 02:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status