Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
18:51
2058
İlham Əliyev: Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında fövqəladə Zirvə toplantısı keçirilib. 

FaktXəbər-in məlumatına görə, toplantıda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. "Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır", - deyə Azərbaycan prezidenti pildirib.

İ.Əliyev: Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərar böyük narahatlıq yaradır

İ.Əliyev daha sonra bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: "Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq."

Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürünü bildirən prezident qeyd edib ki, iyirmi ildən artıqdır Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır."

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarını açıqlayıb. Bu qərar təkcə müsəlman dövlətlərində deyil, dünyanın əksər ölkələrində ciddi etirazlarla qarşılanıb. 

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 01:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com