Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
14:13
3566
Şahbulaq qıfılı, yoxsa “Tiqrankert” əfsanəsi? - ARAŞDIRMA

Bu ilin payızında Ağdam rayonu ərazisində baş verən məlum zəlzələdən sonra Ermənistan mətbuatı zəlzələ zamanı Şahbulaq ərazisindəki Qarabağ xanlığına məxsus qalanın bir hissəsinin dağıldığı barədə məlumatlar yayıb şəkillər paylaşdılar. Lakin abidənin uçquntusundakı epizodik görüntülər onun uçmasına zəlzələnin yəni təbi proseslərin səbəb olduğuna şübhə yaradırdı.Az zaman içərisində şübhəmiz özünü doğrultdu, elə erməni mətbuatından məlum olduki, abidə Uzundərədə təşkil edilən erməni hərbi təlimləri zamanı təsadüfi raket zərbəsinə tuş gəlib. Bu xəbərdən dərhal sonra qalanın şəkilləri və məlumatlar erməni saytlarından yığışdırıldı.

İşğal altındakı ərazilərdə başıpozuq erməni əsgərləri tərəfindən abidələrdən mişen kimi istifadə edilməsi birinci dəfə deyil bundan öncə Şuşada Yuxarı Gövhər-ağa məscidinin minarələri, Ağdam cümə məscidi, Xocalı rayonu ərazisində Əsgəran qalası, Xocavənd rayonu ərazisinin Hadrud qəsəbəsində bazilika da bu taleyi yaşayıblar.

Şahbulaq qalası işğal dövrü ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir.İşğal dövrü qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi eləcədə daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.

Qalanın adı Ermənistanın müvafiq qurumları tərəfindən dəyişdirilərək “Surenavan”, ətraf əraziləri isə “Tiqranakert”adlandırırlar. Tiqrankert adının nədən yarandığını öyrənmək üçün tarixi vərəqlədikdə məlum olur ki, əslən parfiyalı olan II Tiqran (e.ə.96-55) çox da uzun olmayan bir dövrdə birinci və sonuncu erməni knyazı olmuşdur. O knyaz olduğu dövrdə öz ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirərək, indiki Livanın cənubuna qədər olan ərazini işğal edib.

II Tiqran ölkəsinin paytaxtını Diyarbəkir şəhəri yaxılığında saldırdığı Tiqranakert şəhərinə köçürmüşdü. Lakin II Tiqranın bu özbaşınalığı Roma imperiyasının xoşuna gəlməməyib. Roma qoşunları Qney Pompeyin komandanlığı altında hücum edərək II Tiqranı məğlub edib və II Tiqranın işğal etdiyi bütün əraziləri azad edib və bununlada erməni knyazlığına son qoyulub.

Ağdam ərazilərini işğal etdikdən sonra Ermənistan Şahbulaq ərazisində II Tiqranın saldığı Tiqrankert şəhərin qalıqlarını “axtarmağa” başlamaq barədə qərar verdi. II Tiqranın Suriya ərazilərində inşa etdiyi Tiqrankert şəhərinin qalıqlarını Qarabağda axtarılması erməni həyasızlığının pik nöqtəsinitəşkil etdi.

Şahbulaq qalasının tarixi

Orijinal adı:  Şahbulaq Qıfılı saray kompleksi.

İstifadə:  Qarabağ xanlarının yay iqamətgahı.

Ölkə:  Azərbaycan.

Şəhər: Ağdam.

Bölgə:  Qarabağ.

Tikintinin tarixi: 1750-1752-ci illər.

Memarlıq üslubu:  Qarabağ memarlıq məktəbi.

Forması:  Qala.

Tipi:  İstehkamqala.

Ərazi: Ağdam rayonu Şahbulaq yaylağı.

Ermənilərin “Surenavan” adlandırdıqları Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi öz şəxsi təsəbbüşü kimi irəli sürmüşdür”. Lakin sonralar Pənahəli xan bu qalanın düşmən təcavüzünə davam gətirə bilməyəcəyini düşünərək bundan bir az sonra Bayat qalasını daha sonra isə Şuşa qalasını inşa etdirərək sonuncunu xanlığın mərkəzinə çevirmişdir.

Bəzi mənbələrdə 1758-ci ildə Qarabağ xanlığının yaradıcısı və rəhbəri, böyük sərkərdə, Azərbaycanın milli liderlərindən biri olan Qarabağlı Pənahəli xan vəfat etdikdən sonra, məhz bu kompleksin ətrafındakı İmarət-Qərvənd kəndində dəfn edildiyi güman edilir.

Şahbulaq qalasının memarlıq üslubu

Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid"-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur. 

Şahbulaq qıfılı xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi cəmi iki ilə, yəni 1750-1752-ci illərdə başa çatmışdır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Qıfılının şimal qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.Hal-hazırda ermənilər məscidi sökərək onun bünövrələri üzərində ( “vanqasar” adlandırdıqları) bir erməni kilsəsi tikiblər.

Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu, Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir.

Qanunsuz Arxeoloji qazıntılar

II Tiqranın Suriya sərhədləri yaxınlığında saldığı Tiqrankert adlı şəhərin qalıqlarını Ağdam rayonunun Şahbulaq ərazisində axtarmaq məqsədi ilə Ermənistan Hökuməti 2000-ci ildə ekspedisiya arxeoloji kəşfiyyat qrupu yaratdı. Qrupun rəhbəri İrəvan Dövlət Universitetinin kulturologiya kafedrasının müdiri tarix elmləri doktoru Hamlet Petrosyandır. Bu qrup və qrupun rəhbəri Hmlet Petrosyan 2000 – 2017-ci illər ərzində İşğal olunmuş Azərbaycanın Ağdam rayonunun Şahbulaq ərazilərində qanunsuz arxeoloji fəaliyyətlə məşğul olurlar.

Qrupun digər üzvləri Ermənistanın Milli Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Aqvani Jamkoçyan, Joreza Xaçaturyan, Asmik Marqaryan, Ayka Akopyan, Vardqesa Safaryan, İrəvan Dövlət Universitetinin labarantı Lyuba Kirkosyan, Ermənistan Tarix Muzeyinin şöbə müdiri Ruben Vardanyan və digərlərindən ibarətdir.

Bu anormal layihəyə maliyə dəstəyi Ermənistanın “Erkir” ictimai təşkilatlar birliyi reapitasiya mərkəzinə məxsusdur.

Bu qanunsuz arxeoloji qazıntılar nəticəsində Ağdam rayonunun 10 hektarlarla ətraf əraziləri qazılaraq torpaqqlar yararsız hala salınmış, 15-dən çox Xocalı Mədəniyyətinə aid kurqan (torpaq qəbirlər) dağıdılaraq yerlə yeksan edilmiş, qazıntı nəticəsində əldə edilən maddi sübutlar Ermənistan Respublikasına aparılmışdır.

Hal-hazırda Ermənistan resublikasının arxeoloji qazıntılar adı altında Azərbaycanın Ağdam rayonu ərazilərindəki Ermənistanın bu vandallıq fəaliyyəti fasiləsiz olaraq davam etdirilir.

Azərbaycan torpağında “Tiqrankert” adlı muzey yaradıldı

Erməni başbilənləri Ağdam rayonunun Şahbulaq ərazisini öz xarici təbliğatlarında “müqəddəs” erməni torpaqları adlandırır və Ermənistanın paytaxtını Şahbulağa köçürüləcəyi haqqında fikirlər də səsləndirirlər. Bundan məqsəd Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındırmaq, gələcəkdə bu əraziləri Ermənistana birləşdirmək üçün zəmin hazırlamaqdır. Ona görədə ermənilər öz təqdimatlarını həyata keçirmək üçün işğal altında saxladıqları Azərbaycan ərazilərinə xarici turistləri cəlb etmək üçün müxtəlif layihələr həyata keçirirlər ki, bu layihələrin də içərisində ən önəmlisi muzeylərin yaradılmasılayihələridir.

Muzeylərdə nümayiş etdirdikləri eksponatlar, ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılar zamanı əldə etdikləri Azərbaycanın mədəni dəyərlərinin bir qismidir. Azərbaycan torpaqlarını mənimsəmək üçün yaradılan erməni təbliğatını əsaslandırmaq üçün İşğal altındakı Azərbaycan ərazilərində 10-dan çox muzey yaradılıb. Onlardan da biri Şahbulaq qalasında yaratdıqları “Tiqrankert” adlı muzeydir. Ermənilər bu muzeydə işğal altındakı Azərbaycan torpaqlarının ermənilərəməxsusluğunu təbliğ etmək üçün toplantılar təşkil edir, sənədli filmlər nümayiş etdirməklə öz çirkin niyyətlərini “ermənilərin azadlıq mübarizəsi” kimi insanlara təbliğ edirlər.

Ermənilərin bukimi vandal fəaliyyətlərin qarşısını almaq üçün işğal olunmuş ərazilərimizdəki bütün abidələrimizin qorunmasını və mühafizəsini təmin etmək üçün aşağıdakı hüquqi sənədlər və digər qanunverici aktlar öz qüvvəsini saxlayır. 

"Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası.

"Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyası.

YUNESKO-nun Ali Konvensiyası tərkibinə daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyyələri. 1972-ci il.

"Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il. Avropa Konvensiyası.

“Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanunu Bakı şəhəri, 10 aprel 1998-ci il.

Faiq İsmayılov

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 23:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com