Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
11:49
2901
`Qüds İslamın və müsəlmanlarındır` adlı konfrans keçirilib

Bu gün Azərbaycan İslam Partiyasının qərargahında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar "Qüds İslamın və müsəlmanlarındır" adlı mətbuat konfransı keçirilib. Konfransda ölkənin ictimai, siyasi təşkilatlarının nümayəndələri iştirak ediblər.

İlk öncə çıxış edən Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl bildirdi ki, İslam aləmi Həzrət Peyğəmbərimizin mübarək mövludu, eləcə də İraq və Suriyada İŞİD üzərində qələbə sevincini yaşadığı günlərdə məhz həmin terror təşkilatının memarı olan ABŞ-İsrail cütlüyünün yeni təcavüzkarlıq planı – Qüdsü sionist rejimin paytaxtı qərar verməsi bərk hiddət doğurub: "Əslində, çoxdan hazırlanan, sadəcə, dəfələrlə icrasına veto qoyularaq daha münasib fürsət gözlənilən mürtəce niyyətin indi gündəmə gətirilməsi də məhz Yaxın Şərqdəki uğursuzluqları – İŞİD-ə ayrılan milyardları, qədim sivilizasiya məskənlərinin dağıdılmasını, yüzminlərlə günahsız sakinin öldürülməsi, yaralanması, yurd-yuvasından didərgin salınmasını və təbii ki, Təl-Əvivdə xalqın küçələrə axışıb korrupsioner, müharibə canisi, uşaq qatili Netanyahuya istefa tələblərini kölgələmək, unutdurmaq məqsədi daşıyır.”

Daha sonra çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, bu qüvvələr dünənə kimi İslam dininin əleyhinə gizli surətdə fəaliyyət göstərirdilər, amma artıq riya pərdələri kənara çəkilib, öz mənfur niyyətlərini açıq-aydın elan edirlər: "ABŞ prezidenti Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımasını göstərən sənədi imzalayandan sonra da kamera qarşısında göstərir və onunla təsəlli tapmaq istəyir, özünü meydanın qələbə çalmış kimi qələmə vermək istəyir. Əslində bu, dolayı yolla öz məğlubiyyətlərini elan etməkdir. Onlar da başa düşüblər ki, artıq bu dünyada hegemonluğun vaxtı başa çatıb. Hərçənd ki, əməldə inadkarcasına bunun əksini təkid edirlər.

Nəinki bütün dünya müsəlmanlarına, hətta BMT-nin qayda-qanunlarına bu cür hörmətsizlik etməyin mənası, heç kimi saymamasını göstərməkdir. Demək istəyir ki, dünyada qayda-qanun mən özüməm. Bundan o yana hegemonluq, quldurluq ola bilməz. Açıq-aydın demək istəyir ki, hamı mənə tabe olmalıdır"

Hacı İlham Əliyevin sözlərinə görə, onlar hələ başa düşmürlər ki, dünya tamamilə dəyişib, hər addımında İslamın, İslamın ümmətinin qələbəsinə, onun xeyrinə hərəkət edir: "Ümid edirik ki, Qüds məsələsi bunların son addımıdır. İşallah onların tam məğlubiyyətinin, İslam ümmətinin qələbəsinin şahidi olacağıq".

"ABŞ prezidenti bu gün İsrailin icra başçısı kimi çıxış edir, onların mənfəətinə uyğun addım atır, diktəsi ilə hərəkət edir, hətta öz milli mənafelərini unudub, gecə-gündüz düşünür ki, necə edək sionistlər bizdən razı qalsın. Bu addımlar heç bir qayda-qanuna, çərçivəyə sığmır. Onları bu həddə İslam ümmətinin dözümü, səbri, əzmkarlığı vadar edib. Bütün dünyanın ən inkişaf etmiş silahlarına, texnikalarına sahib olmalarına baxmayaraq, Fələstin xalqı boş əllə, daşla müharibəsini davam edib", deyə partiyanın sədrəvəzi sözlərini yekunlaşdırıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bu gün İslam və Qərb dünyası arasında qarşıdurma var və bunu biz istəmirik, bunu sadəcə bizə sırıyırlar: "Qərbin  ideoloqları bizi özlərinə düşmən elan edirlər. Sivilizasiyaların toqquşması ideyası ilə, SSRİ dağılandan sonra yeni bir rəqib axtarırlar və bunu İslam dünyasında görürlər. Buna görə də İslam dünyasını sındırmaq, ona qalib gəlmək yolları fikirləşirlər. İŞİD, Avropadakı, Amerikadakı terror hərəkətləri… bunların hamısı İslama qarşı mübarizənin tərkib hissəsidir.

Fələstin, Qüds hadisəsi də Qərb-İslam qarşıdurmasının göstəricisidir. Biz dünyada həm müsəlman, həm dünya sivilizasiyasına məxsus bir hissə kimi qarşıdurmanın əleyhinəyik. Kim hansı məzhəbdə, dindədirsə bəşəriyyətin taleyini qarşılıqlı şəkildə bir yerdə həll etməliyik. Qarşıdurma çıxış yolu deyil. Amma özləri buna məcbur edirlər, yaradırlar. Ona görə də Fələstində, Qarabağda, Yəməndə, Bəhreyndə, Suriyada baş verənlər həmin məsələnin tərkib hissələridir. Bu, İslam dünyası üçün bir sınaqdır, bununla əlaqədar bütün müsəlmanlar bir araya gəlməlidir, İslam ölkələri birmənalı şəkildə dərhal Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsmək barədə qərar verməli idi. İƏT yaxşı olardı ki, bu məsələni koordinasiya edib, ortaya qoyardı, belə bir reaksiya olmalı idi."

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə bildirdi ki, dünyada beynəlxalq hüquq normaları tez-tez pozulur, amma bu beynəlxalq hüququn pozulması deyil, beynəlxalq hüquqa tüpürməkdir: "Dünyanın gözü qarşısında beynəlxalq hüququn üzünə tüpürüldü. Və buna dəsmal çıxardıb "sən düz eləmirsən" deyə, cavab verilməməlidir. Cavabı adekvat olmalıdır.

Nə qədər ekstrentik prezident olsa da, təbii ki, bu işin arxasında daha ciddi məqamlar durur. 1947-ci ildə BMT TŞ-nın qərar çıxardaraq, faşizmlə sionizmi eyniləşdirib və qadağan edib. Amma buna baxmayaraq, İsrail rejimi bu günə qədər sionizm ideologiyası ilə idarə olunur. Nə qədər ağrılı, qəribə səslənsə də, bu belədir. Bu gün Amerikanın qadağan olunmuş ideologiyanın yanında olması, ona dayaq olması, elə faşizmə bəraət vermək, himayədarlıq eləmək kimi qəbul olunmalıdır. Bu işin arxasında nə qədər qan-qada olduğunu görmürlər? Artıq toqquşmalar baş verir. Onsuz da vəziyyət pis idi, indi üstünə bir az da benzin tökdülər ki, alov daha güclü olsun. Bu, göz qabağındadır. 

Amma ruslar deyir ki, hər bir pis işin yaxşı tərəfi də var. Bu pis şeyin yaxşı tərəfi ondadır ki, müsəlman dünyasına, İslam ümmətinə vəhdətə gəlinməsə, birlik olmasa, çəkic bir zindana vurulmasa, çox böyük bəlalarla üzləşiləcəyinə dair çox ciddi bir mesaj oldu. Dünayda baş verən qlobal hadisələr adətən bir məqsədə xidmət edir; yanacaq ehtiyatlarının əldə edilməsinə. Amma gbörürük ki, ikinci bir qlobal məsələ ortaya çıxıb: Qərb anlayır ki, İslam dini xristianlıqdan fərqli olaraq insanların yaşam tərzinə çevrilir."

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com