Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
12:21
1077
“Ən yeni Azərbaycan dili” qrammatikası yazılmalıdır
Professor İsmayıl Kazımov bu barədə açıqlama verib

"Dövlət Dil Komissiyasının yeni tərkibi Azərbaycanın sayılıb seçilən, dövlətçiliyimizi, dilimizi qəlbən sevən humanist təbiətli, dərin savadlı şəxsiyyətlər və alimlərdir. Onlar ana dilinə hörmət və məhəbbətlə yanaşan, dilin təmizliyi və saflığı, həmçinin inkişafı üçün əzmlə mübarizə aparan, bu işə nəzarət edən cavabdeh insanlardır. Yeni tərkibin təsdiqi ilə yeni bir elmi-linqvistik mərhələ başlanır. Həmin mərhələdə dil haqqında köhnə stereotiplər dağıdılmalı, ümumi fikirlərdən konkret işlərə keçilməlidir."

FaktXəbər-in məlumatına görə, bunu AzərTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov deyib. “Yeni tərkibdə olan alimlər nəzarət etməlidir ki, danışıq aktı ən çox öyrənilən sahələrdən birinə çevrilsin. Son dövrlərdə nitq aktının öyrənilməsinə həsr edilmiş tədqiqat işləri dilçiliyin bir neçə sahəsinin - kommunikativ, tətbiqi, praqmatik, funksional dilçilik sahələrinin sintezini yada salır. Dilimizin leksik zənginliyi, onun qrammatik və üslub sisteminin uyğunluğu cəmiyyətin inkişafının nəticəsi, onun elmi və mədəni yüksəlişinin göstəricisi, insanların idrak fəaliyyətinin yekunudur. Dil insanların sosial təcrübəsinin qorunub saxlanılmasının işarəvi, yəni kodlaşdırılmış vasitəsidir”, - deyə İ.Kazımov bildirib.

Müasir Azərbaycan dilinin çoxcildlik qrammatikasının yenidən hazırlanmasına başlanıldığını deyən professor vurğulayıb ki, bütövlükdə dil vahidlərinin konseptual-linqvistik təsviri işləri müəyyənləşdirilməlidir. İndiyə qədər dilçilik mövzularının tədqiqi əsas etibarilə ənənəvi-təsviri, tarixi-müqayisəli və müqayisəli-tarixi aspektlərdə aparılıb. Lakin həmin mövzular hazırda konseptual istiqamətdə öyrənilməlidir. “Ən yeni Azərbaycan dili” nin qrammatikası yazılmalıdır. Sovet dönəmində yazılmış qrammatikaların çatışmazlıqları və tutarsızlıqları yeni bir elmi-konseptual kontekstdə düzgün müəyyənləşdirilməlidir. Azərbaycan dilinin quruluşuna müasir dilçilik nəzəriyyələrinin, müxtəlif linqvistik istiqamətlərin başqa inkişaf etmiş dillərdəki tətbiqinin işığında yanaşılmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiq edilib.

Məqalədə : Azərbaycan dili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru