Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 Noyabr

2017
16:23
2799
Valideyn və övlad arasında İNTİM SÖHBƏTLƏR
Sözügedən söhbətlərdən çəkinənlər hökmən bu yazını oxusunlar

Cinsi istək insanın ən güclü və həssas istəklərindən biridir. Bu istək insana həyat verər və insanın ruhi və cismi həyatında yaxşı və ya pis təsirlər buraxar. İnsanın hal və hərəkətlərinin bir çoxu, hətta ruhi və cismani xəstəlikləri bu istəkdən qaynaqlanar. Əgər doğru tərbiyə edilsə, həyata gözəllik və rahatlıq bəxş edər. Amma ifrat olunsa, yüzlərlə cismi və ruhi problemləri özü ilə gətirəcək. İnsanın həyatını məhv edəcək.

Cinsi istək ilk olaraq həddi-buluğ, yəni yetkinləşmə dövründə yaranmır, əksinə, uşaqlıq çağında insanın bünyəsində gizli olub müxtəlif şəkillərdə ortaya çıxır. Kiçik uşaqlar cinsi orqanlarına əl sürtməkdən xoşlanarlar. Ana və atasının öpüb oxşamalarından xoşlanarlar. Yaraşıqlılığı və eybəcərliyi anlayar və bəzən də bunu deyərlər. İki-üç yaşlarında qız-oğlan ayrı-seçkiliyini anlayarlar. Maraq və diqqətlə bir-birlərinin cinsi orqanına baxarlar. Bir az böyüdükləri zaman çılpaq fotolara baxarlar. Cinsəl söyüş və zarafatları dillərinə gətirərlər və bundan ləzzət alarlar. Yavaş-yavaş qarşı cinsə meyl göstərməyə başlayarlar. Hərdən valideynlərindən açıq, yaxud üstüörtülü cinsi mövzularla bağlı suallar soruşarlar. Valideynlərinin pıçıldaşmalarına diqqətlə qulaq asıb, etdikləri hərəkətlərə baxarlar. Dostları ilə sirlərini bir-birlərinə açıqlayarlar. Bütün bu sadalananlardan aydın olur ki, yetkinlik dövrünə girməyən uşaqlarda da cinsi istək var, amma naməlum və qaranlıq vəziyyətdədir. Ləzzətlərin mənbəyini bilər, amma hansı yoldan onu əldə edəcəyini bilməz. Uşaq təxminən 10 yaşına qədər bu halda yaşayar və cinsi istəyi tamamilə oyanmamış və naməlum haldadır. Amma 12 yaşından 15 yaşına qədər daha sürətli bir şəkildə yetişər.

Valideynlər uşaqlarının cinsi istəklərinə qarşı soyuq yanaşıb, bu mövzuda tədbirsiz qalmamalıdırlar. Çünki cinsəl təlim, təlimlərin ən çətini və ən həssasıdır. Bu mövzudakı ən kiçik bir səhv və ya qəflət uşaqları fəsad və fəlakətə doğru aparar. Ana və atalar, uşaqların fikri və bədəni baxımdan yetkinlikdən əvvəl cinsi istəklərdən faydalanmaları üçün hazır olmadıqlarını bilməlidirlər.  Buna görə Allah-təala yetkinlik dövründən əvvəl onların cinsi istəklərini gizli və naməlum halda yaradıb. Əgər cinsi istəklər yetkinlik yaşından əvvəl oyansa, uşağın həyatında bədbəxtliyə səbəb olacaq problemlər yaradar.

Demək, valideynlər uşaqlarının cinsi istəklərini təhrik edərək oyandıracaq hər əməldən mütləq çəkinməlidirlər. Və onlar üçün fitrətlərinə uyğun olan tərbiyə mühitin şərtlərini hazırlamalıdırlar. Əlbəttə, tədbirli valideynlər hansı işlərin faydalı və hansı işlərin ziyanlı olacağını özləri analiz edə bilirlər. Amma bir neçə xatırlatma məqsədəuyğun olardı.

Uşaqların cinsi orqanına əl vurmaqdan, oxşayıb-öpməkdən, həddindən çox oxşamalardan, qəzet və jurnalların təhrik edici və çılpaq fotoşəkillərinə baxmaqdan, eşq və sevgi ilə əlaqədar mahnı və hekayələri dinləməkdən, başqalarının ayıb yerlərinə baxmaqdan, ana-atanın və ya digərlərinin zarafatlaşmasından və sevişməsindən, şəhvani və cinsi işlərlə əlaqədar mənzərələrə baxıb dinləməkdən uzaq tutulmalıdırlar. Bu və bunun kimi işlərin hamısı uşağın cinsi istəklərinin vaxtından əvvəl təhrik olmasına səbəb olur.

Beş-altı yaşından yuxarı uşaqları tək qoymayın. Çünki onlarda olan marağı aradan qaldırmaq üçün bir-birlərinin övrət yerləriylə oynayıb, təhrik ola bilərlər. Həmçinin uşaqları öz yatağınızda da yatırtmayın, xüsusilə qarşı cins uşaqları.

İslam Peyğəmbəri bu barədə, "uşaqların yeddi yaşı olduğu zaman onların yataqlarını ayırın", - deyə buyurub. 

Bir çox ailələrdə qadınların çılpaq, yaxud yarı çılpaq vəziyyətdə, açıq qıçla evdə gəzmələri var. Təbi ki, burada ifrat çılpaqlıqdan söhbət gedir. Bəzi kişilər də bu mövzuda qadınlardan geri qalmırlar. Onlar yarıçılpaq bədənlərini qız və oğlan uşaqlarının izləməsinə icazə verirlər. Bu ailələrin övladları da valideynlərini təqlid edərək, çılpaq və ya yarıçılpaq vəziyyətdə evdə gəzirlər. Özlərinin düşüncəsinə görə, bütün ailə üzvləri bir-birlərinə doğmadır və buna görə də heç bir məhdudiyyət yoxdur.

Belə valideynlər onların evdə yarıçılpaq gəzmələrinin uşaqlarına heç təsir etmədiyini düşünürlər və buna dəlil olaraq onların doğma və uşaq olduğunu deyirlər. Məsələn, "əşi uşaqdır, nə qanır", "özü böyüyəndə başa düşəcək" və.s fikirlər səsləndirirlər. Eyni ilə də qızlarının açıq sinələrinin və cazibədar baldırlarının oğlanlarının ruhunda ən kiçik bir təsir buraxmadığını və cinsi istəklərini təhrik etməyəcəyini düşünürlər. Çünki bacı-qardaşdılar. Halbuki bu doğru deyil. Təbii, uşaqların bir çoxu buna diqqət yetirmir və həmçinin bel bağlanası fikir də deyil. Amma xəstəlik səviyyəsində olan cinsi istək çox güclü bir istəkdir, məhrəm, naməhrəm, bacı, qardaş, ana, ata tanımır. Bir baxışla təhrik olub, cinsi istəyi həyatı keçirmək zehində canlana bilər və bəzən bunu həyata keçirir də. Biz həyatda bu cür halları da tez-tez eşidirik.

Bu erkən təhrik olmalar saf, təcrübəsiz və məlumatsız uşaq üçün çox pis nəticələr verə bilər. Uşaq və ya yenicə yetkinləşmiş təcrübəsiz gənc, zina yaxud homoseksuallığa sürüklənə bilər. Oğlanlar və qızlar, hətta öz qardaşı və bacısını aldatmaq fikrinə də düşə bilər. İnsan həyatını məhv edən onanizm, mastrubasiya (özü ilə oynayaraq boşalma) xəstəliyinə mübtəla ola bilər. Və burda günahkar, düşüncəsiz və ehtiyatsız davranışları ilə uşaqlarının cinsi instinktlərinin təhrik edilməsinə səbəb olan valideynlərdir.

Mütəxəssislər bildirilər ki, bizlər uşaqlarımızın ruhi sağlamlığı üçün, onlara çılpaq bədənlərimizi göstərməkdən çəkinməli və bacardığımız qədər bu işi etməməliyik. Bəzən duş qəbul edərkən və ya paltarlarımızı dəyişərkən uşaqlarımız gizlicə bizi seyr edə bilərlər, buna mane olmalıyıq.

Bəli, valideynlər uşaqlarına məhrəmdirlər və evlərində istədikləri kimi gəzə bilərlər, amma özlərinin və uşaqlarının ictimai mənfəətlərini, bir ömür boyu həsrət və peşmanlıq çəkməmək üçün yersiz həvəslərə, ağılsız sərbəstliyə bir qədər sərhəd qoymalıdırlar.

Oğlanın 5-6 yaşından sonra anasıyla birlikdə qadınlar məclisinə və ya qadın hamamlarına getməsi doğru deyil və ya uşaqdır deyə atası dörd yaşlı qız ilə birlikdə duş qəbul etməməlidir. Uşaqları, xüsusilə 12-15 yaşlı uşaqları tək buraxmayın, çünki ləzzət almaq və mastirbasiya fikrinə düşə bilərlər. Uşaqların ayıb yerlərini bir-birindən gizləyin. Heç zaman uşaqlara cinsəl söyüşlər söyməyin. Qadın və kişi uşaqların yanında bir yataqda yatmamalıdır. Onların yanında mazaqlaşmamalıdırlar.

Ailəvi problemlərdən biri də qadın və kişinin intim əlaqələridir. Əgər ailədə bir neçə kiçik-böyük uşaq olsa, valideynlər intim əlaqədə problemlərlə qarşılaşarlar. Bir tərəfdən cinsi ehtiyaclarını qarşılamalıdırlar, digər tərəfdən də bu işi uşaqların heç cür anlamamaları üçün gizlicə etməlidirlər. Əks halda, uşaqların cinsi istəkləri təhrik olub, fəsada, günaha səbəb olar.

Bu barədə yenə İslam Peyğəmbərinin bir fikrinə diqqət etməliyik: "Allaha and olsun, əgər bir kişi otaqda oyaq bir uşaq olduğu halda xanımı ilə cinsi əlaqəyə girərsə, o uşaq onları görsə, səslərini və nəfəslərini eşitsə əsla səadətə çatmaz, istər qız olsun, istər oğlan, zinaya bulaşacaq."

Deməli uşaq sahibi olan kişi və qadın əvvəlki kimi sərbəst və rahat ola bilməzlər. Məcburdurlar uşaqlarının mənəviyyatını qorumaq üçün intim əlaqəni uşaqların əsla anlamayacaqları şəkildə gizli etsinlər. Halbuki, bu o qədər asan bir iş deyil. Uşaqlar anlamazlar deməyin. Əksinə, uşaqlar çox yaramaz və hər şeydə maraqlıdırlar. Valideynlərinin gizlində nə etdiklərini öyrənmək istəyərlər. Hətta bəzən onların gizlində nə etdiklərini bilmək üçün yalandan özlərini yuxuya vurarlar və ya otaqları ayrıdırsa, qapılarını dinləyərlər. Cinsi əlaqədə olmaq asan olmayan bir ailə problemidir. Qadın və kişi mümkün olduğu qədər yuxu və istirahətləri üçün uşaqların otağına çox yaxın olmayan otağı seçməlidirlər. Uşaqlarına da istirahət və yuxu saatlarında onların xüsusi otaqlarına icazəsiz girməmələri barədə tapşırıq verməlidirlər. Cinsi əlaqəni uşaqların tamamilə yuxuya getdiyi vaxtda etməlidirlər. Amma hamının belə bir otaq hazırlamaq imkanı yoxdur. Bütün evlər də belə tikilməyib.

Qərb alimlərdən biri belə yazır: "İndiki evlərinin çoxunda cinsi məsələlər nəzərə alınmayaraq tikilib. İçində valideynlərə aid ayrı yataq otağı olan çox az bina tapmaq olar. Ümumiyyətlə, valideynlərə aid yataq otağının divarı incə, uşaqların otaqları da bu otağa yaxındır. Bu acı həqiqətdir ki, valideynlər bu incəliklərə riayət edə bilmədiklərinə görə, məcbur olaraq nəfəslərini, hərəkətlərini və təbii hallarını boğmaq məcburiyyətində qalırlar."

Valideynlər rastlaşdıqları bu problemi hər hansı bir şəkildə həll etməlidirlər. Uşaqlarıyla birlikdə yatmaq məcburiyyətində qalsalar, cinsi əlaqələrini gizləmək üçün məcburdurlar daha diqqətli davransınlar. İlk olaraq onlar eyni yataqda yatmamalıdırlar. Əksinə, ayrı yataqlarda yatmalıdırlar. Mümkün olduğu qədər uşaqların evdə olmadığı saatlarda cinsi əlaqədə olmalıdırlar. Əgər mümkün deyilsə, uşaqların tamamilə yuxuda olduqları gecə yarısından sonra səs-küy salmadan otaqdan çıxıb uşaqlardan uzaq bir yerdə cinsi əlaqədə olmalıdırlar.

Mövzu o qədər əhəmiyyətlidir ki, buna görə Allah-təala Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilaf edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (Nur surəsi, ayə 58)

Uşaqlar yetkinlik çağından əvvəl ümumiyyətlə cinsəl mövzular haqqında suallar soruşarlar. Bəzi valideynlər mövzunun üstünü örtüb, uşaqları yayındırarlar. Ümumiyyətlə, "çox danışma, boşboğazlıq etmə, bunlar səni maraqlandırmaz, böyüyüncə öyrənərsən" kimi sözlərlə uşaqları susdurarlar. Bəziləri də ümumiyyətlə doğru olmayan cavablar verərlər. Hər iki üsul da səhvdir. Çünki sualı soruşan uşaq mövzunu öyrənmək istəyir, əgər siz kömək etməsəniz, başqaları tərəfindən yoldan çıxarıla bilər. Uşaqların yetkinlik çağından əvvəl soruşduqları suallar, ümumiyyətlə qarışıq və cavab verilməyəcək cinsi suallardan deyil. Əksinə, rahatlıqla cavab veriləcək nisbətən sadə suallardır. Bəlkə də ilk mövzu uzun müddət uşaqların zehnini məşğul edən qız və oğlanın ayrı-seçkiliyi və cinsi orqanlarının fərqliliyi ola bilər. Kiçik yaşlı bir oğlan uşağı qız uşağıyla cinsi orqanı cəhətdən fərqi olduğunu yaxşı bilir. Amma bunun səbəbini bilmir. Niyə belə olduğunu anlamaq istər. Ona görə, bu mövzuda valideynlərindən maraqlanarlar. Bu mövzuda ana və ata, onunla açıq danışıb bütün oğlanların belə yaradıldığını və belə cinsiyyətə sahib olduğunu və onun  vasitəsiylə oğlanların sonradan ata olacaqlarını və qız uşaqlarının da bu orqan vasitəsiylə sonradan ana olacaqlarını izah etmələri lazımdır. Bu həm ana, həm də atanın vəzifəsidir.

Uşaq, "balaca körpə harada idi? Necə gəldi?", - deyə soruşa bilər. Burada ana və ata, "bir müddətdir ananın qarnında yaşayırdı, sonra da dünyaya gəldi", - deyə cavab verə bilər. "Necə dünyaya gəldi?" kimi suala, "ana bətnində uşağın bayıra çıxa biləcəyi bir yol var" - deyə cavab vermək olar. Uşağın çıxdığı yeri bir oyuncaq körpə vasitəsi ilə izah etmək olar. "Ana bətnində necə böyüdü?" - deyə soruşarsa, o zaman, "ananın qarnında çox kiçik bir yumurta olar və yavaş-yavaş böyüyər, sonda bir uşaq halına gələr və çölə çıxar" - deyə cavab vermək olar.

Ümumiyyətlə, uşaqların yetkinlik dövründən əvvəlki sualları buna bənzər suallardır. Veriləcək sadə cavablarla onları razı salmaq olar. Uşağın bütün həqiqətləri anlamaq istədiyini düşünməyin. O soruşduğu qədərini anlamaq istəyir. İcazə verin, uşaqların sualları sizi istiqamətləndirsin və bu mövzuda tələsməyin.

Amma hər halda uşaqlara, sadə cinsi mövzuları, onların anlaya biləcəyi dildə yavaş-yavaş başa salın. Siz öyrətməsəniz, məktəb və küçədəki dostlarından bu şeyləri doğru-yanlış öyrənəcək. Siz izah etməsəniz, əxlaqsız uşaqlar tərəfindən pis yollara sürüklənə bilər. Amma siz doğru yol göstərsəniz, onların pis yola düşməsini qarşısını ala bilərsiniz.

Uşağınız yetkinlik yaşına çatdığı zaman cinsi istəklərinin oyandığını və dəyişiklik mərhələsində olduğunu hiss etsəniz, münasib bir yolla onunla ünsiyyət yaradın. Məsələn, "bilirəm artıq müəyyən bir yaş mərhələsinə gəlmisən, bəzən təhrik olub qarşı cinsdən birinə toxunmaq istəyirsən. İçdən sevib, sevilməyi arzulayırsan. Bəzilərini daha çox sevirsən. Bunların heç bir qorxusu yoxdur. Sənin yaşındakı bütün oğlan və qızlar bu duyğuları yaşayırlar. Bunlar yetkin bir şəxs olmağın başlanğıcıdır. Sən ata (və ya ana) olacaqsan. Bütün oğlanlar böyüdükdən sonra ailə qurub ata olmaq üçün evlənməlidirlər. Əgər təmiz, gözəl əxlaqlı, qızla evlənsən, xoşbəxt olarsan. Ailə həyatı çox gözəl və şirindir. Amma oxumağın və həyat şərtləri indi evlənməyinə icazə vermir. Əgər evlənsən, uşaq sahibi də olarsan və ailənin pula ehtiyacı olar. Yaxşı olan budur ki, sən ciddi səylərinlə təhsilinə və ya işinə davam edəsən. Həyat şərtlərin münasib bir səviyyəyə çatanda sənə yardımçı olaram, istədiyin qızı alarıq. Amma evlənməmiş günaha düşmə. Onanizm cismin və ruhun sağlamlığına ziyandır. Böyük günahlardandır. Bir az səbir etsən, hər şey yaxşı olacaq."

Bundan əlavə cinsi istəklərə kontrolsuz cavab verməyin fəsadlarından onlara danışın. Bu cür övladlarınızın ən böyük problemlərindən birini həll edib, onları çox qarışıq düşüncələrə sahib olduğu yaşlarda ruhi iztirabdan xilas edib, pis yollara düşməsinə maneə ola bilərsiniz. 

FaktXeber.com

Məqalədə : intim söhbətlər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru