Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

25 Noyabr

2017
13:21
7953
`Quran müqəddəs deyil` deyən Elşad Miriyə CAVAB

Qurnani-Kərimin müqəddəs hesab edilməsinin onun insanlara açıq olması ilə heç bir ziddiyyəti yoxdur.

FaktXəbər-in məlumatına görə, bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a ilahiyyatçı Elşad Mirinin “Yaşıl orta” verilişində “Quran müqəddəs kitab deyil” fikirlərinə münasibət bildirərkən deyib.

Hacı Şahin bildirib ki, “Qurani-Kərim”də yazılanlar Allah kəlamı olduğu üçün müqəddəs kitabdır:

“Bir kitab müqəddəsliyini qorumaq şərtilə insanlar üçün açıq ola bilər, hər kəs o kitabı mütaliə edə bilər. “Allah kitabının digər kitablardan heç bir fərqi olmadığını demək kökündən yanlışdır. “Qurani-Kərim” Allah kitabıdır və müqəddəsdir. Bu kitabı hər kəs oxuya bilər. Müsəlmanlar isə bu kitabı mütləq oxumalıdır. “Qurani-Kərim” hər hansı peşə sahiblərinə aid deyil, bütün bəşəriyyətə göndərilmiş hidayət kitabıdır. “Qurani-Kərim” islamla tanışlıq kitabıdır. Onun müqəddəsliyi ilə əlçatmazlığını eyniləşdirmək olmaz”.

İlahiyyatçı “Qurani-Kərim”in heç bir yerində onun müqəddəsliyi barədə ifadənin olmamasını belə izah edib:

“Qurani-Kərim”də bir torpaq haqda müqəddəs ifadəsi işlədilir. Ayədə göstərilir ki, Həzrəti Musaya deyilir ki, “çarıqlarını çıxart, sən müqəddəs bir vadiyə daxil olmusan”. Bu torpaqda Musa peyğəmbərə vəhy nazil olduğuna görə, həmin yer müqəddəs hesab edilir. Bir halda ki, Allah kəlamının nazil olduğuna görə yer müqəddəs olursa, Allahın kəlamının özünün müqəddəs olmadığını iddia etmək tamamilə yanlışdır. Onun müqəddəs olmasınını kitabın özündə yazılmaması ilə əsaslandırmaq da düzgün yanaşma deyil. Çünki hər bir şeyin Quranda yazılması önəmli deyil. Əgər bu kitabda torpaq müqəddəs hesab edilirsə,bu müqəddəsliyin hansı mənaya gəldiyini düşünüb, nəticə çıxartmalıyıq. Allah özü müqəddəsdirsə, onunla bağlı olan hər şey də müqəddəs hesab edilməlidir. Hər bir şeyin Quranda açıq mətnlə yazılmasına ehtiyac yoxdur. Bu bir qədər zahirpərəst yanaşma olar. Bir təfəkkür etməliyik, çünki dinimiz təfəkkürə önəm verir. Quranın mahiyyətini anlamalıyıq”.

“Qurani-Kərim”dəki yazılara yalnız dəstəmaz aldıqdan sonra toxunmaq tələbinə gəldikdə, Hacı Şahin bunun da kitabı oxumağa qarşı bir məhdudiyyət yaratmadığını deyib:

“Bu bir əlavə məhdudiyyət deyil, ədəb-sayğı əlamətidir. Bəzi insanlar dövlət atributlarına sayğı ilə yanaşır. Bayrağı öpüb gözümüzün üstünə qoyuruq. Parça baxımdan yanaşsaq, bayrağın adi parçalardan fərqi yoxdur. Amma dövlət bayrağı atributdur, Vətən, dövlət anlayışlarını ehtiva edir. Biz dövlətə sayğımızı bayrağa hörmətlə ifadə edirik. Quran da Allah kəlamı olduğu üçün onu oxuyuruq. Allah kəlamı olduğuna görə onun yazıldığı vərəqlərə hörmət etməliyik. Biz müqəddəs məkan-Kəbəyə gedəndə ehramla gedirik. Bunun məhdudiyyət olduğunu deyib, ehramsız gedə bilmərik. Bu, Kəbəyə hörmətin əlaməti və ziyarətin qaydalarıdır. Bu hal Kəbəyə ziyarəti məhdudlaşdırmır. Eyni hal Qurana da aiddir. Yalnız ərəbcə olan ayələrə dəstəmazsız toxunulmaması tələb edilir, digər dillərdə olanda isə ancaq Allah sözünə toxunmaq olmaz. Bu da ərəb dilinin müqəddəs olması ilə bağlıdeyil, orijinal mətn, Allahın vəhyi bu formada nazil edildiyinə görə belədir və sayğı əlaməti olaraq dəstəmaz tələb edilir. Bir məsələdə islahat aparmaq üçün zahiri islahatçılıq görüntüsü yaradıb, hər şeyi sual altına almaq doğru deyil. İnsanın dəstəmaz alıb Quranı oxumasında heç bir məhdudiyyət görmürəm. Məsələni şişirdib, insanların bu səbəbdən Qurandan uzaqlaşdığını deməkdə bir məntiq görmürəm. “Qurani-Kərim”in əlçatmaz olmasının bir ilahiyyatçı olaraq mən də əleyhinəyəm. Bu kitabla yalnız ilahiyyatçılar deyil, hər bir müsəlman tanış olmalıdır. Şübhəsiz ki, ədəb qaydalarına riayət etməklə”.

Məqalədə : Quran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:53

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru