Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2017
21:22
Quran da müqəddəs deyil, vətən də, bayraq da, lap ana da

Özünü ilahiyyatçı kimi təqdim edən bir nəfər müsahibə verərək deyib ki, “Quran müqəddəs kitab deyil”. Sonra da sözlərini isbatlamaq üçün əlavə edib: “Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”. Bildirib ki, bu Kitabın digərlərindən heç bir fərqi yoxdur. Mübahisə etmək fikrimiz yoxdur. Sadəcə olaraq bəzi fikirlərimizlə bölüşmək istərdik.

Əvvəla qeyd edək ki, həqiqətən də Quranda bu Kitabın müqəddəsliyi haqqında heç bir konkret qeyd yoxdur. Yəni Quranda elə Qurana xitabən “müqəddəs” sözündən istifadə edilmir. Amma...

Özünü ilahiyyatçı kimi təqdim edən şəxs bir qədər düşünüb-daşınsaydı, bəzi parallelər aparsaydı, sözsüz ki, milyonlarla müsəlman üçün məhz müqəddəs olan Quran haqqında belə bir bəyanatı səsləndirib qıcıq yaratmazdı. Məsələn, özünə belə sual verəydi: “Quran müqəddəs deyilsə, o zaman müqəddəs nədir mənim üçün?” Və düşünəydi. Çox düşünəydi, götür-qoy edəydi. Yaddaşının dərinliklərini eşələyib xatırlamağa cəhd edəydi: harda, hansı kitabda “müqəddəslər” bölümünə rast gəlib və yazılanlara beyət edib?

Daha sonra sual verəydi özünə: “Ana müqəddəsdirmi? Ata müqəddəsdirmi? Bəs övladlar?” Cavabı Quranı dəyərləndirdiyi məntiqə uyğun olaraq mənfi olmalıdır. Gəlin biz də elə həmin mətiqlə düşünək bir anlıq.

Həqiqətən də, ananın dünyadakı digər qadınlardan, övladların isə digər uşaqlardan fərqi nədədir? Bir ürəkləri, iki böyrəkləri, iki gözləri, iki qulaqları, iki ayaqları, iki əlləri və s. – eynidir! Yaxşı, valideyn, övlad, ailə - qoyduq bir kənara, müqəddəs deyil. Davam edək.

Vətən müqəddəsdirmi? Yenə də özünü ilahiyyatçı kimi təqdim edən insanın məntiqi ilə cavab verməyə çalışsaq, - yox! Niyə? Çünki bu məntiqdə Azərbaycanı başqa dövlətlərdən üstün edən heç bir amil ortada yoxdur. Eyni səma, eyni hava, eyni torpaq, eyni əhali - iki əlli və iki ayaqlı, Kürdə axan su Volqa və Misisipidə axan suyun bənzəri, Xəzərin üzərində səs-küy salan qağayılar Baltika və Qara dəniz üzərində pərvaz edənlərin oxşarı. Bəs bayraq, bayraq, ay camaat! Braziliyanın, Mozambikin bayrağı ilə Azərbaycan bayrağının nə fərqi var ki? Onu nə məntiqlə öpüb gözümüzün üstünə qoyuruq, qəlbimizə basırıq, hə? Eyni bezdi də, sadəcə üstündəki rənglər fərqlidir! Bəsdirin, Siz Allah!.. Nəyi müqəddəsdir e bu Azərbaycanın, bu vətənin, hə? Harda, hansı dağın qoynunda, hansı meşənin ağacında yazılıb?..

Bu “novator” “ilahiyyatçı” özünə hələ çox sual verə bilərdi, hamısını sadalamağa ehtiyac duymuruq. Sadəcə daha birini təklif edək: “Ümumiyyətlə, müqəddəs nə mənədir və bu “müqəddəs” sözünü bütün dillərdən silib atmağın zamanı yetişməyibmi?” Doğurdan da, əgər heç bir müqəddəs şey yoxdursa, o zaman “müqəddəs” sözü özü nəyə lazımdır? Adını qoyaq “atavizm”, göndərək arxivə də!

Qısaca bir izahata da zərurət duyuruq. Artıq qeyd etdik ki, həqiqətən də Quranda bu Kitaba “müqəddəs” deyə xitab edilmir. Belə bir xitabın olmaması bəzilərinə əsas verir ki, Quranı müqəddəs sanmasınlar. Öz işləridir, özləri bilərlər. Lakin Quranda bu Kitaba “müqəddəs” deyilməməyinə rəğmən Onu milyonlarla müsəlman müqəddəs sayır. Səbəblər çoxdur, birini qeyd edək: çünki bu Kitabda Allahın kəlamları cəm olub.

Eyni zamanda kimsə anasını müqəddəs saymaya bilər, öz işidir. Amma dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, milyardlarla insan üçün onu dünyaya gətirən varlıq müqəddəsdir. Bu müqəddəs qadının ayaq qoyduğu yerə milyardlar baş qoymağa hazırdır. Sonra.

Vətəni də müqəddəs saymayanlar var, yenə də, öz seçimləridir. Amma yenə də planetdə milyardlarla insan var ki, vətənə “ana” deyir, “Vətən = Ana”. Ana isə onlar üçün müqəddəsdir. Bu insanlar, o cümlədən Azərbaycan ərənləri əsirlər boyu yaşadıqları torpağı, vətəni qanları ilə suvarıblar. Vətəni müqəddəs saymayanlar, bu barədə kitablarda və vicdanlarında “dəlil” tapmayanlar isə... Nə isə. Onlar barədə hər kəsin, yəqin ki, öz fikri, öz ürək sözləri var.

Allah bizə agahlıq versin, fitnəkarlardan qorusun və bizi müqəddəsatlarımızdan ayrı salmasın!

Islam.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Quran vətən 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 14:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com