Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Noyabr

2017
16:08
633
Neftin qiymətinin 1 dollar düşməsi büdcəmizə 13 milyon manat zərər vurur

“Dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Çünki bir çox hallarda dövlət zəmanəti ilə ayrılan kreditlər təyinatı üzrə xərclənmir. Bu məsələdə pərakəndəlik aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır”.

Bunu 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır. “Biz bank sistemində sağlamlaşmanı da görmürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. Amma yenə də faiz dərəcələri aşağı salınmır.

Banklar yenə də yüksək faizlərlə kredit verir…Axı, nəyə görə? “Bank Standard"ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 milyon manat ayrıldı.

Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq". 

Deputat bildirib ki,xarici amil kimi neftin qiyməti, daxili amil kimi bank sistemində yaranmış problemlər dövlət büdcəsinə təsir edir.

"Dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi təqdirəlayiq haldır. Amma yaddan çıxarmaq olmaz ki, dünyada baş verən siyasi proseslərin fonunda neftin qiyməti hər an dəyişə bilər. Neftin qiymətinin 1 dollar dəyişməsi dövlət büdcəsinə 13 milyon manata başa gəlir. Bundan başqa, neftin qiymətinin manatın məzənnəsinə təsirini də nəzərə almaq lazımdır. Bundan başqa, 2017-ci ildə biz Dövlət Neft Fondundan cəmi 6,1 milyard manat transfert etmişdiksə, 2018-ci ildə 9,2 milyard manat transfert nəzərdə tutulub. Bu da böyük rəqəmdir. Bununla bağlı düşünməyə dəyər. Neft sektorundan daxilolmalar qeyri-neft sektorunu 40% üstələyir. Yəni, 11 milyard manata yaxın neft sektorundan daxilolmalar təşkil edir. Düzdür, 2018-ci il və sonrakı illər üçün qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi nəzərdə tutulub. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri yaradılır, digər sahələrdə işlər görülür. Amma rəqəmlər məyusedicidir. ÜDM-ə nəzər salanda neft sektoundan daxilolmalar 70%, qeyri-neft sektorundan daxilolmalar cəmi 30% təşkil edir. Yəni, bu məsələlərin üzərində işləməyə dəyər”.

Millət vəkili dövlət borcu ilə bağlı məsələyə də toxunub və bildirib ki, ölkənin dövlət borcu dünya praktikasında qəbul olunmuş göstəricidən aşağıdır. "Azərbaycanda dövlət borcu ÜDM-in 18%-nə yaxındır. Amma Avropanın bəzi ölkələrində bu, ÜMD-in 80%-nə, bəzi ölkələrdə ÜDM-in 100%-nə yaxındır. Amma dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Bu kreditlərin vaxtında qaytarılması məsələsi öz həllini tapmalıdır".(modern)

Məqalədə : Neftin qiyməti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru