Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Noyabr

2017
10:25
2385
`Cəmiyyətdə baş verən əxlaqi-mənəvi hadisələr məktəbə də təsir göstərir`

Məlahət Mürşüdlü: “Cəmiyyətdə baş verən əxlaqi-mənəvi hadisələr məktəbə də öz təsirini göstərir”

Bu yaxınlarda Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin tərbiyəçisi  Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin ona əxlaqsız təklif etdiyini bildirdi. Bunun ardınca isə Xaçmazın Arzu kəndindəki orta məktəbin direktoru 62 yaşlı Gülməz Alxasov məktəbin 6-cı sinfində oxuyan qızlardan birinə qarşı əxlaqsız hərəkət edib. Ötən il isə Şamaxıda bir müəllim şagirdi ilə cinsi əlaqədə olub onu hamilə qoymuşdu...

Əvvəllər müəllim adını daşıyan şəxslərlə bağlı bu cür olaylara rast gəlinməzdi. Son illərdə isə təhsil ocaqlarında baş verən bu hadisələr də intihar hadisələri kimi adiləşib və günlər keçdikcə artmaqdadır. Uşaqlarımızı, onların təlim-tərbiyəsini əmanət etdiyimiz məktəblər də artıq güvənsiz hala gəlib. Sovet dönəmində məktəblərdə bu kimi hadisələr çox az hallarda baş verirdi. Baş verərsə belə o müəllim və ya direktor dərhal işdən azad edilir, həmçinin cinayət məsuliyyətinə cəlb edilirdi. İndi isə bu cür əxlaqsız hərəkətlərə yol verən direktor, müəllimlər işdən azad edilməklə kifayətlənilir. Onlar daha sonra başqa yerdə və mühitdə eyni hərəkəti təkrar edirlər.

Maraqlıdır, məktəblərdəki bu azğınlığın qarşısı necə alınmalıdır?

Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü bildirdi ki, bu cür şəxslər işdən çıxarılmaqla, müəllimlik hüququndan məhrum edilməklə yanaşı ən ağır cəzanı almalıdır: “Məktəb də  cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə baş verən əxlaqi-mənəvi hadisələr məktəbə də öz təsirini göstərir. Tamamilə doğrudur ki, son illər biz məktəbdə əxlaqi dəyərlərə zidd olan hərəkətləri müşahidə edirik. Bu hərəkətlərin birbaşa məktəbə rəhbərlik edən direktorlar tərəfindən edilməsi bağışlanılmaz hərəkətdir. Təhsil müəssisəsinə uşaqların taleyi tapşırılmış, əxlaqi-mənəvi dəyərləri məktəblilərə, müəllimlərə öyrətmək işinin lideri - məktəb direktoru özü əxlaqsız hərəkətlər edir, bu, çox ağır cinayətdir. Ümumiyyətlə, bu, yalnız məktəbdə yox, cəmiyyətdə qınanılası bir işdir. Düşünürəm ki, bu faktlar ictimaiyyətdən gizlədilməməlidir, mətbuatın həyəcan siqnalı verdiyi andan təcili araşdırmalar aparılmalı, belə insanlar məktəbdən uzaqlaşdırılmalıdır. Çünki belə məlumatların özü təkzibedilməz, rəhbərə xələl gətirən bir faktlar, məlumatlardır. Belə insanlar nəinki rəhbərlik, hətta müəllimlik hüququndan məhrum edilməli və sözsüz ki, işlədiyi qəbahətlərin dərəcəsinə görə də cinayət məsuliyyətinə cəlb edilməlidir. Cinayət varsa, cəza da var. Keçən il, səhv etmirəmsə, Beyləqanda belə bir məlumat yayılmışdı ki, qız şagirdi digər oğlanlar tərəfindən qeyri-əxlaqi hərəkətlərə məruz qalıb, şantaj edilib. Bütün bunların hamısı məktəb rəhbərlərinin öz yerində olmamasının və əxlaqi-mənəvi aşınmanın göstəriciləridir ki, bu birbaşa bəzi rəhbərlərdə, məktəb direktorlarında öz əksini tapır”.

Məqalədə : Təhsil Müəllimlər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru