Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
14:35
1461
Kərbəla hadisəsi qədər danışılan MUXTAR QİYAMI

Muxtarın qiyamı - Kərbəla şəhidlərinin qisasını almaq üçün Muxtar bin Əbu Ubeyd Səqəfinin komandanlığında başlayan bir hərəkətdir. Bu qiyam hicrətin 66-ci ilində Kufədə başlayıb və Ubeydullah ibn Ziyad, Ömər ibn Səd, Şimr bin Zil-Cövşən və Sinan bin Malik bin Ənəs kimi İmam Hüseyn (ə) və silahdaşlarının şəhadətinə səbəb olan çoxlu sayda Əhli-beyt düşməni öldürülmüşdü. Muxtarın qiyamı Məhəmməd ibn Hənəfiyyənin icazəsi ilə başlayıb. Bəzi İslam alimləri isə Muxtarın qiyamının İmam Səccadın (ə) əmri ilə başladığı düşüncəsindədir.

Qiyamın hədəfi

Muxtar bin Səqəfi Kərbəla hadisəsində həbsdə idi. Həbsdən çıxan kimi İmam Hüseynin (ə) qatillərindən intiqam almağa söz verir. İlk əvvəl Yezidin hakimiyyətinə qarşı Hicazda baş qaldıran Abdullah bin Zübeyrə qoşulub. Ancaq Abdullah bin Zübeyr onunla eyni fikirdə olmadığını başa düşüb və ondan ayrılaraq qiyam üçün Kufəyə geri qayıdıb.

Abdullah bin Zübeyrlə vəhdəti

Əvvəlcədən Abdullah bin Zübeyrlə görüşlər keçirən Muxtardan Abdullah bin Zübeyr beyət edilməsi istənilir. Amma Muxtar Abdullahla öz hədəfləri arasında fərqlər olduğunu söyləyib və ona beyət etməyin məsləhətə zidd olduğunu irəli sürüb. Ancaq ətrafının israrından sonra Abdullah bin Zübeyrə iki şərtlə beyət edib: Birinci şərt: Abdullah bin Zübeyr gördüyü işləri onunla məsləhətləşəcək, təkbaşına qərarlar verməyəcək və ona qarşı çıxmayacaq. İkinci şərt: Hökumətdəki ən yüksək məqamı Muxtara verəcək.

Yezid ordusu Məkkəyə hücum edəndə və Abdullah bin Zübeyri mühasirəyə aldıqda Muxtar onun yanında Yezid ordularına qarşı vuruşub. Bəzi mənbələrin bildirdiyinə görə, Muxtar Abdullah bin Zübeyrin hiylə və aldatmaqla pərdə arxasından işlər gördüyünü və xilafət iddiasında olduğunu görəndə, ondan uzaqlaşıb və qiyam hazırlıqlarını görmək üçün Kufəyə yollanıb. 

Məhəmməd ibn Hənəfiyyə ilə görüşü

Muxtar Kufəyə doğru yola çıxmamışdan əvvəl Məhəmməd ibn Hənəfiyyə ilə görüşüb və qiyam edəcəyinə dair niyyətini ona açıqlayıb. Məhəmməd bin Hənəfiyyədən icazə istəyib, o da ümumi sözlərlə ona icazə verib və ondan təqvalı olmasını istəyib. Bəzi mənbələr isə Muxtara açıq şəkildə icazə verdiyini yazır.

Kufə yolunda

Muxtar Məkkədən Kufəyə doğru yola çıxıb. Kufə yaxınlığında İmam Hüseynin (ə) və köməkçilərinin şəhid edildiyi yerdə dayanaraq göz yaşları töküb. Yaxınlarda olan müsəlmanlar da onu qoşulublar. Muxtar cümə günü Hiyrə çayına çatıb və orada qüsl alıb. Daha sonra Kində meydanındakı Səkun məscidinə gedib. Yolu boyu gördüyü insanlara qələbə qazanacağına dair müjdələr verib.

Kufəyə girişi

Muxtarın Kufəyə girişi Yezidin ölümündən altı ay sonra və Ramazan ayının ortasında olub. İbn Zübeyr isə Abdullah ibn Mutini Kufəyə vali olaraq göndərib.  

Muxtar və Təvvabin qiyamı

Muxtar Kufəyə girdikdən sonra Süleyman bin Suradın dəvəti və Təvvabin qiyamı ilə qarşılaşıb. Qiyam uyğun görmədiyi üçün onlarla əməkdaşlığı qəbul etməyib. Kufəlilər də Süleymanın müharibə üçün lazımi avadanlığa və döyüş fəndlərinə malik olmadığını deyirlər. Ömər bin Saad də Kufə hakiminin yanına gedərək Təvvabinin onlar üçün zərər təşkil etmədiyini, əksinə, Muxtardan qorxması lazım olduğunu və Kufə üçün təhlükə olduğunu söyləyir. Buna görə də, Təvvabin qiyamı zamanı Muxtar Abdullah bin Zübeyrin zindanında idi.

Təvvabin qiyamından qalanlar 

Təvvabin qiyamı məğlubiyyətə uğradıqdan sonra Muxtar onlardan qalanlara məktub yazaraq öz yanına dəvət edir. Onlar da Muxtarın dəvətinə müsbət cavab verirlər və zindana hücum edərək onu həbsdən azad edəcəklərinə dair mesaj göndərirlər. Muxtar isə hələlik səbr etmələrini və bir neçə gün ərzində normal şəkildə azad ediləcəyini bildirir. Muxtar Abdullah bin Ömərin həyat yoldaşı olan bacısı Safiyə bint Əbu Übeydə məktub yazaraq həbsdən çıxması üçün vasitəçilik etməsini istəyir. Abdullah bin Ömər təklifi qəbul edir və Muxtarın azad edilməsi üçün lazımi addımları atır, Muxtar həbsdən çıxır.

Kufə valisinə bağlılıq əhdi

Kufə hakimi İbrahim bin Məhəmməd Muxtar həbsdən çıxanda ondan hökumət əleyhinə fəaliyyət göstərməməsinə dair söz alır və əgər hökumət əleyhinə cəhdlər olsa, min dəvə qurban kəsəcəyinə və bütün kölələrini azad edəcəyinə dair ondan and içməsini istəyir. Muxtar da and içir və həbsdən çıxır.

"Həbsdən çıxandan sonra məqsədlərim uğrunda min dəvə qurban etməyim kiçik bir şeydir və yenə məqsədlərimə çatmaq üçün bütün qullarımın olmamasını üstün tuturam", - deyir. Beləliklə, yoluna davam edir.

Qiyam hazırlıqları

Hökumət qüvvələri Muxtarı təqib etdiyi üçün Muxtar ilk əvvəl gizlicə adamları vasitəsi ilə güc toplamağa çalışır. Muxtarın elçi və yaxınları aşağıdakılardır:

- Saib bin Malik Əşəri.

- Yezid bin Ənəs.

- Əhmər bin Şamit.

- Rufai bin Şədad.

- Abdullah bin Şədad Bəcəli.

Məhəmməd ibn Hənəfiyə tərəfindən nümayəndəlik

Muxtar Kufədə özünün Məhəmməd ibn Hənəfiyyənin vəkili olduğunu, özünü əmin, vəzir və əmir olaraq göndərdiyini və onun tərəfindən Əhli-Beytin qisasını almaq üçün tapşırıq verildiyini açıqlayır. 

Muxtarın iddialarında qeyri-müəyyənlik

Bir qrup isə Sar ibn Əbu Sar Hənəfinin evində oturmuşdu. Əbdürrəhman ibn Şarih belə deyir: "Muxtar Məhəmməd ibn Hənəfiyyənin nümayəndəsi olduğunu iddia edir, bizim Mədinəyə gedib, hadisədən xəbərdar olmağımız lazımdır."

Kufəlilərin Məhəmməd ibn Hənəfiyə ilə görüşü

Əbdürrəhman ibn Şarihin rəhbərliyi ilə bir qrup Mədinəyə gedərək Məhəmməd ibn Hənəfiyə ilə görüşür. Görüşdə Muxtarın qiyamı və onun tərəfindən nümayəndəsi olub olmadığı soruşulur. Məhəmməd Hənəfiyə belə cavab verir: "Allaha and olsun ki, Allah qullarından hər kim düşmənlərimizdən qisasımızı alsa, xoşbəxt olaram."

Onlar Kufəyə qayıdaraq Muxtara qoşulurlar.

İbrahim bin Malik Əştərin rolu

Muxtar bin Səqəfi qiyamın məqsədinə çatması üçün tayfa rəhbərlərinin təklifini qəbul edir və İbrahim bin Malik Əştəri qiyama dəvət göndərir. İbrahim ilk öncə tərəddüddə qalır, ancaq Məhəmməd ibn Hənəfiyyənin Muxtarı dəstəkləyən məktubunu gördükdən və tanınımış tayfa rəhbərlərinin məktubu təsdiq etmələrindən sonra Muxtara beyət edir. İbrahim bin Malik Əştər qiyamın ikinci adamı kimi qiyamda çox mühüm rol oynayır.

Qiyamın başlama tarixi

Qiyamı hazırlayanlar  qiyam tarixini hicrətin 66-ci ilində, rəbiul-əvvəl ayının 14-dündə, cümə günü kimi müəyyən edirlər. Ancaq İbrahim bin Malik Əştərin Kufə ordu komandanı İyas bin Muzarib ilə gözlənilməyən münaqişəsində İyas ölür və qiyam tarixi məcburən iki gün qabağa, 12 rəbiul-əvvələ çəkilir.

Qiyamın şüarı

Muxtar Abdullah bin Şəddaddan, "Ya mənsur ümmət!" - deyə şüar səsləndirməsini istəyir. Bu şüar Bədr müharibəsində və Bəni Mustallak döyüşündə Həzrət Rəsulullahın şüarı idi. Başqa bir şüar isə "Ya ləsaratil-Hüseyin!" idi.

Qiyam başlayandan Kufə hakimi Abdullah bin Muti qaçır.

Abdullah bin Muti qiyama qarşı qələbə qazanması üçün Abdullah bin Zübeyr tərəfindən Kufə hakimi təyin olunmuşdu.

Kufə sarayına giriş

Hicrətin 66-cı ilində, rəbiul-əvvəl ayının 15-ində, cümə günü Muxtar Kufə sarayına girir və cümə namazı onun imamlığı ilə qılınır. Özü cümə xütbəsində iki xütbə oxuyur və orada qiyamın məqsədlərini xalqa açıqlayır. Cümə namazından sonra xalqdan beyət alma mərasimi keçirilir.

Hökumətdəki mövqelərin müəyyənləşdirilməsi

- Abdullah bin Həris Nəhai, İbrahim bin Malikin əmisi - İrəvan valisi

- Məhəmməd bin Umeyr - Azərbaycan valisi

- Əbdürrəhman bin Said bin Qeys - Mosul valisi

- İshaq bin Məsud - Mədain valisi

- Said bin Hüzeyfə bin Yəman - Hilvan valisi

- Abdullah bin Malikə Tai - Kufə qazisi

- Əbu Ümrə Keysani - Kufənin hərbi qüvvələr komandiri.

İmam Səccadın bədduasının qəbul olması

Mədinəyə gedərək İmam Səccadla (ə) söhbət edən Minhal ibn Amrın dediyinə görə, İmam Səccad (ə) Muxtarın qiyamı haqqında məlumat alıb Kərbəla qatillərinin öldürülüb öldürülmədiyini soruşanda Hərmələ bin Kahili də soruşur. Hərmələnin həyatda olduğunu eşidəndə belə buyurur:

"Allahım! Atəş və dəmirin istiliyini ona dadızdır".

Minhal bin Amr Həcc ziyarətindən Kufəyə qayıdanda Hərmələnin ölüm səhnəsini yaxından müşahidə edir və İmam Zeynal Abidinin (ə) duasının qəbul olduğunu görür.

Ömər bin Sədin amannaməsi

Həzrət Əlinin (ə) yaxınlarından olan Abdullah bin Cudə Muxtarın yanına gələrək ondan Ömər bin Səd üçün amannamə istəyir. Muxtar müəyyən əsaslarla ona aman verir, ancaq onun qarşısına heç bir xəta və səhv etməməsini və Kufədən kənara çıxmamaq şərtini qoyur.

Amannamənin pozulması

Ömər bin Sədin azad edilməsinə görə Məhəmməd ibni Hənəfiyyənin narahat olduğu xəbəri Muxtara çatdıqda, Muxtar Ömər ibn Sədi öldürmək fikrinə düşür. Muxtar Ömərin yaxınlarının da olduğu toplantıda Kərbəla vaqiəsinin əsas ünsürlərindən olan Ömər bin Sədin yaxında öldürüləcəyi xəbərini verir. Muxtar amannaməyə istədiyi an Ömər bin Sədi ələ keçirə biləcəyi maddə əlavə etmişdi. O maddə də heç bir xəta və səhv etməməsi bildirilirdi. İmam Muhəmməd Baqir (ə) bu maddənin açıqlaması haqqında belə buyurmuşdur: "Muxtarın xəta və səhv məsələsində məqsədi dəstəmazı batil edən şeylər idi." 

Muxtar Əbu Ümrəni Ömər ibn Sədi öldürməsi üçün onun evinə göndərdi və o, bu işi icra etdi.

Dəməşq hökuməti ilə müharibə

Kufədə yerləşən Kərbəla şəhidlərinin qatillərinin çoxu öldürülmüş, ancaq az bir qismi qaçmağı bacarmışdı. Muxtar daha sonra Kərbəla vaqiəsinin əsas ünsürləri olan Əməvilərə qarşı hərəkətə keçmək qərarı verdi. Bəzi rəvayətlərdə İmam Hüseynin (ə) qatillərini öldürdükdən sonra Muxtarın ən böyük arzusunun İbrahim bin Malikə Əştərin komandanlığı altında ordunu Dəməşqə göndərmək olduğu deyilir.

İbrahim bin Malikin göndərilməsi

İmam Hüseynin (ə) qatilləri öldürüldükdən sonra İbrahim hicrətin 66-ci ilində zilhəccə ayında Dəməşqə doğru yola çıxır. Muxtar İbrahimin başçılıq etdiyi ordunu müəyyən bir nöqtəyə qədər müşayiət edir. Digər tərəfdən isə Ubeydullah bin Ziyad İbrahim bin Malikin ordusu ilə qarşılaşmaq üçün yola çıxır. İki ordu Mosul yaxınlığında üzləşir.

İbrahimin ordusu 8 mini iranlı 4 mini ərəb olmaqla 12 min nəfərlik ordudan ibarət idi. Bəzi mənbələrdə 20-30 min arasında olduğunu deyilir.

İbrahim bin Əştərin 12 min nəfərlik ordusu İbn Ziyadin 80 min nəfərlik ordusu ilə Mosul yaxınlığında qarşı-qarşıya gəlir. İbrahim bin Malikin qələbəsi ilə nəticələnən bu müharibədə İbn Ziyad, Husayn bin Numeyr və Şərhəbil bin Zil-Kila kimi əhəmiyyətli şəxslər öldürülür. Ubeydullah İbn Ziyadin ölümü növbəti Aşura günü baş verir. Onun bədəni öldürüldükdən sonra yandırılır, başı isə Muxtara göndərilir.  

Haşəbiyə ordusu

Abdullah bin Zübeyr Məhəmməd bin Hənəfi, Abdullah bin Abbas və aralarında Həsən Müsənnanın da olduğu Bəni Haşimdən 17 nəfəri Şəbu Arim adlı mağarada həbs edərək, ona beyət etməməsi vəziyyətində hamını yandıracağı ilə hədələyir. Məhəmməd ibn Hənəfiyyə Muxtara bir məktub yazaraq ondan kömək istəyir. Muxtar da əllərində yalnız dəyənək olan bir qrupu Məkkəyə göndərir. Ona görə də onlara Haşəbiyə (ağac, çubuq) deyilir. Ordunun qılınclarla deyil, çubuqlarla Məkkəyə göndərilməsinin səbəbi Məkkənin nüfuzunu qorumaq idi.

Musab və Muxtarın müharibəsi

İmam Hüseynin (ə) qatillərindən bir qrup qaçmağı bacarmışdı. Onların başında Məhəmməd bin Əşəs və Şəbəs bin Rabii var idi. Bu adamlar İrana qaçmış və Muxtarla döyüşməsi üçün Musab bin Zübeyri təhrik edirdilər.

Kufədən kənarda müharibə

İki qrup ilk əvvəl məzar adlanan yerdə qarşı-qarşıya gəlir. Muxtar Səqəfinin ordu komandanı Ahmər bin Şumeyt, köməkçisi Abdulla bin Kamil və Əbu Ümrə Kəysan idi. Musab bin Zübəyrin ordu komandiri özü və Muhlib bin Əbi Safrə idi. Bu müharibədə Muxtarın ordusu ağır məğlubiyyətə düçar olur, İbn Şumeyt, İbn Kamil, Əbu Ümrə və çoxlu sayda döyüşçü ölür. 

Sonra müharibə Muxtarın komandanlığında Kufə kənarında davam edir. Bu müharibədə də Muxtarın ordusu ağır məğlubiyyət alır və Kufəyə doğru geri çəkilir. Bu döyüşdə Məhəmməd bin Əşəs öldürülür.

Kufə içində müharibə

Musabın qoşunu Kufənin daxilinə doğru irəliləməyə davam edir və daxildə də aparılan qarşıdurmalardan sonra Muxtarın qoşununu məğlubiyyətə uğrayır, Darul-İmarə mühasirəyə alınır. Muxtarla birlikdə 6000 nəfər içəridə qalır. Muxtar onlardan düşmənə hücum etmələrini və şərəfləri ilə ölmələrini istəyir, ancaq onlar qəbul etmirlər.

Muxtarın öldürülməsi

Muxtar 19 nəfər ilə birlikdə bayıra çıxır və ədalətli olmayan bir döyüşdə öldürülür. Bu hadisə Ramazan ayının 14-ündə, hicrətin 67-ci ildə baş verir. 

Muxtarla birlikdə həmin gün Hücr bin Adiyynin oğulları Abdullah və Əbdürrəhman, həmçinin Saib bin Malik Əşər kimi şəxslər də öldürülür.

Mühasirəyə alınanların aqibəti

Muxtarın istəyinə qarşı çıxaraq şərəfləri ilə döyüşməyi qəbul etməyən 6 min nəfərlik ordunun hamısı həbs olunur və boyunları vurulur.

Bir gün Musab Abdullah bin Ömərin yanından keçərkən Abdullah bin Ömər ona, "sən bir gündə qiblə əhlindən 6000 nəfəri öldürən adamsan", - deyir. Musab isə onların kafir olduqlarını iddia edir. Buna cavab olaraq Abdullah belə söyləyir: "Əgər atandan sənə miras qalan bu qədər qoyunları da öldürmüş olsaydın, o da haram və israfdır, qaldı ki öldürdüklərinə, onların hamısı müsəlmanlar idi".

Muxtarın həyat yoldaşının öldürülməsi

Musab bütün əsirləri öldürdükdən sonra Muxtarın iki həyat yoldaşı Samrə bin Cundəbin qızı Ümmü Sabit və Nüman bin Bəşirin qızı Ümrənin ardınca düşür. Onları həbs edəndən sonra onlardan Muxtara söyüş və təhqir etmələrini istəyir. Ümmü Sabit onun dediyini edərək, azad olunur. Amma Ümrə, "Allah ona rəhmət etsin. O Allahın saleh bəndələrindən bir bəndədir", - deyir. Bunu eşidən Musab onun öldürülməsi əmrini verir. Matar adlı bir nəfər onun boynunu vuraraq öldürmüşdü. Ümrə İslamda boynu vurularaq öldürülən ilk qadındır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru