Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
10:31
1080
İctimai cəzaya məhkum olunmuş şəxslər kənd təsərrüfatı işlərinə cəlb ediləcək

Nazirlər Kabineti “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nı təsdiqləyib.

Baş nazir Artur Rasi-zadənin imzası ilə təsdiqlənən bu qayda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.

İctimai işlər cəzası belə cəzaya məhkum olunmuş şəxslərin əsas işindən və ya təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai‑faydalı işləri yerinə yetirməsindən ibarətdir.

Cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növünün və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi, belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların icrası, əmək qanunvericiliyi normalarına və bu Qaydaya əməl edilməklə həyata keçirilir.

Cinayət Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin qanunda nəzərdə tutulmuş hüquq və azadlıqlarına təminat verilir.

İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının icrası zamanı onların əmək qanunvericiliyində nəzərdə tutulmuş əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri ilə əlaqədar hüquqları təmin olunmalıdır.

Əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası normalarına əməl olunmasına, ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin əməyindən səmərəli istifadəyə görə məsuliyyəti ictimai işləri yerinə yetirilən müəssisələrin rəhbərliyi daşıyır.

İctimai işlər cəzasına məhkum olunmuş şəxslər aşağıdakı işlərə cəlb edilə bilərlər:

1. şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması),

2. məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması,

3. yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri,

4. kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi,

5. təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması,

6. ictimai əhəmiyyətli digər işlər.

İctimai işlər növündə cəzanın icrası bu qaydada nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir.

Yerli icra hakimiyyəti orqanı ictimai işlərin həyata keçiriləcəyi yerləri bilavasitə tabeliyində olmayan müəssisələr üzrə yalnız sonuncuların razılığı və müraciəti əsasında müəyyən edə bilər.

Yerli icra hakimiyyəti orqanı ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını ona müraciət edən icra məmuru ilə mütəmadi olaraq razılaşdırır.

Cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır.

Məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı açıq hava altında və kollektiv formada təşkil olunan iş yerlərinə üstünlük verilməlidir.

İş yerlərinin müəyyənləşdirilməsi məqsədi ilə inzibati ərazi vahidinin ərazisində fəaliyyət göstərən mühəndis-kommunikasiya və yol-infrastruktur layihələrini həyata keçirən qurumların siyahısı (bundan sonra - siyahı) şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur və onların internet səhifəsində dərc edilir. Bu siyahı yarım ildə bir dəfə yenilənir.

İnzibati ərazi vahidində fəaliyyət göstərən qeyri-dövlət hüquqi şəxslər ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin işlərə cəlb edilməsi üçün siyahıya müvafiq əlavələrin edilməsi təşəbbüsü ilə çıxış edə bilərlər.

İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin işə cəlb edilməsi təşəbbüsü ilə çıxış edən qurumun rəhbəri həmin şəxslərin siyahıya daxil edilməsi məqsədi ilə müvafiq rayon və ya şəhər icra hakimiyyətinə müraciət etməlidir. Müraciətə işlərin növləri, həyata keçiriləcəyi yerlər, habelə ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin işə cəlb edilməsi üçün əlaqəli vəzifəli şəxslər barədə məlumat əlavə edilir.

İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır.

Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

1. yetkinlik yaşına çatmayanların təhsili və ya əsas işi;

2. yetkinlik yaşına çatmayanların cinsi mənsubiyyəti;

3. yetkinlik yaşına çatmayanların yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri;

4. həyatı qavrama baxışları.

İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin, belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru