Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Oktyabr

2017
11:43
1191
Heydər Əliyevin cangüdəni olmuş şəxsin bıçaqlanma səbəbi məlum olub

Mərhum prezident Heydər Əliyevin cangüdəni və Nizami rayon polis bölməsinin keçmiş rəisi, uzun illər həbsxana həyatı yaşamış Müşfiq Mədətovun bir neçə gün öncə bıçaqlanmasının bir sıra məqamları məlum olub.

Münaqişənin yaranmasına səbəb oktyabrın 14-də Mədətovun  çayxanaya öz tanışı ilə getməsindən sonra yaranıb.  Dörd nəfər (artıq onlardan üçü — 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü Həsənov Emin Vaqif oğlu saxlanılıb — red.) qonşu stolda oturublarmış. Mədətov onlara davranışları ilə bağlı irad bildirib və bununla da onlar arasında dava başlayıb.

Mərhum prezident Heydər Əliyevin şəxsi mühafizəçisi olmuş Mədətovu, hətta dörd nəfər döyə bilməyib. Axırda onlardan biri dözməyib bıçaq çıxararaq Mədətovun boyun nahiyəsinə zərbə endirib.

Mədətovun çay evini tərk etməsi ilə, dava iştirakçıları münaqişənin başa çatdığını düşünüblər. Lakin Mədətov heç kəsə heç nə demədən birbaşa Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə gedib və tezliklə əməliyyatçılar çay evini əhatəyə alıblar.

Həmin vaxt sözügedən dörd nəfər hələ də çayxanada oturublarmış. Əməliyyatçılar mülki formada olduqlarından xuliqanlar elə biliblər ki, Mədətov onların üstünə öz adamlarını gətirib. Onlar gələnlərin asayiş keşikçiləri olduğunu başa düşməyiblər. Gənclər dərhal 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıblar.

“Koroğlu” metrostansiyası yaxınlığında polislər şübhəlilərə çatıblar. Onlardan biri “Vinçester”dən atəş açaraq Orxan Axundzadəni budundan yaralayıb. Güllə onun venasını zədələyib. Asayiş keşikçiləri avtomobilə atəş açaraq onun təkərini deşəndən sonra xuliqanlar başa düşüblər ki, iş heç də onların düşündüyü kimi deyil.

Axundzadə, əməliyyatçılar onu hansı xəstəxanaya aparmaq barədə düşünərkən çoxlu qan itirib. Bu qeyri-müəyyənlik xeyli vaxt davam edib və yaralı son anda xəstəxanaya çatdırılıb. Əgər azacıq yubansaydılar, polis polkovnikini itirəcəkdilər. Cərrahiyyə əməliyyatı 3 saat davam edib və hazırda Axundzadənin həyatına heç bir təhlükə yoxdur.

Dava iştirakçılarından birinin, adı çəkilməyən avtoritetin qohumu olduğu bildirilir. Bəzi məlumatlara görə, xuliqanların polisdən qaçdığı avtomobil, saxlanmayan dördüncü dava iştirakçısına məxsusdur.

Qeyd edək ki, Mədətov 1994-96-cı illərdə Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinin rəisi olub. O, uzun illər mərhum prezident Heydər Əliyevin mühafizəsinə və təhlükəsizliyinə cavabdeh olub. Mədətovun da cinayət məsuliyyətinə cəlb olacağı ehtimal var, baxmayaraq ki, gənclər onun əlindən salamat qurtarıblar.

Məqalədə : Müşfiq Mədətov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru