Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
16:27
1056
Stalinin dövründə bir məna səhvinə görə jurnalistlər güllələnib
Qulu Məhərrəmli: “Dilçilik institutu elmi müəssisəsdir.Adıçəkilən qurum bununla bir gün məşğul olacaq, bir ay ola bilməyəcək”

Ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu yeni layihə hazırlayır. Belə ki, Azərbaycanda ləhcə ilə danışan televiziya-radio proqramları, reklam çarxları və reklam lövhələrindəki dil pozuntularına yol verən hüquqi şəxslər cərimələnə bilər. Bəs bu nədərəcədə effektiv olacaq?

FaktXeber.com məsələ ilə əlaqədar teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmlidən münasibət öyrənib. 

Əməkdar jurnalist hesab etdiyini bildirdi ki, bu cərimələrin tətbiq olunması mənasız və səmərəsizdir: «Əgər məqsəd kimdənsə pul qopartmaqdırsa, bu başqa məsələ, ancaq hədəf dil qaydalarına riayət olunmasını təmin etməkdirsə, cərimələr çıxış yolu deyil. Bunun üçün televizalarda da, küçə reklamlarınının yazılışında da məsul olan şəxslər var. Dilçilik İnstitutu onlar üçün həm yazı, həm tələffüz qaydaları, onlara riayət olunması ilə bağlı yaddaş, metodik tövsiyələr hazırlanmalı və rəhbərlikdən də bunu tələb etmək lazımdır».

Televiziya rəhbəri və yaxud əməkdaşlarının yersiz saydığını bildirən professor sözlərinə belə davam etdi: «Bu cəriməni kim edəcək, qaydaları kim müəyyənləşdirəcək? Bunun üçün hansı mexanizm var? Dilçiliklə bağlı davamlı, təşkilatlı, inzibati, yaradıcı tədbirlər gerçəkləşməsi üçün Azərbaycanda dil qurumu yaradılmalıdır və o, bu işlərlə intensiv məşğul olmalıdır. Dilçilik institutu elmi müəssisəsdir.Adıçəkilən qurum bununla bir gün məşğul olacaq, bir ay ola bilməyəcək. Çünki onların elmi planları, işləri və sair var».

Müsahib Sovet dövründə redaksiyalarda dil qüsuruna yol verildiyi halda işçilərin inzibati qaydada cəzalandırıldığını bildirdi: «Struktur rəhbəri töhmət alır, bəzən işdən kənarlaşdırılırdı. Hələ Stalinin dövründə bir məna səhvinə görə, redaksiyanın bütün kollektivi güllələnib. Həmin dövrdə redaktor, korrektor və sair əməkdaşlar ciddi olmalı idi. AzTV-nin tarixində yüzlərlə fakt var ki, televizaya sədri üslub səhvinə görə cəzalandırılıb, işçilərin vəzifəsi aşağı salınıb. Amma hanı indii dilə o cür sayğısı, sevgisi olan rəhbərlər?»

Teletənqidçinin sözlərinə görə, efirlərdə dili yaxşı bilənlər, peşəkar insanlar olmalıdır: «Canlı efirdə bəzən dil xətaları olur, bunu başa düşmək lazımdır. Amma bəziləri bütövlükdə sözün yazılışını, deyilişini bilmir, söz sırası, tələffüz qaydasını pozur və bunun üçün heç kim məsuliyyət daşımır. Dili bilməyən aparıcının ekranda nə işi var ki, o da o cür kobud səhvlərə yol versin».

Professorun sözlərinə görə, burda əsas məsələ məsuliyyət, peşəkarlıq, dili bilib-sevməkdir: «Bunlar olmadıqdan sonra istəyirsiniz 1000 manatlıq cərimə yazın, nəyi həll eləmək olar? Ona görə dillə bağlı iclaslar edib, sonra dağılışırlar, bir də 3-5 aydan sonra yenə toplaşıb müzakir edirlər. Bununla kimsə davamlı məşğul olmalıdır. Dil qaydalarına bu cür sevgi ilə yanaşırıqsa, mütləq Azərbaycanda ya akademiya sistemində, ya prezident yanında dil qurumu yaradılmalıdır. Bu təcrübə Türkiyə, Gürcüstan, Rusiya, Baltikyanı ölkələrdə və dünyanın bir sıra inkişaf etmiş dövlətlərində var».

«Bunun üçün dillə bağlı problemləri – həm yazılış, orfoqrafiya, həm orfoepiya ilə bağlı məsələləri həll eləmək, struktur rəhbərlərinə, redaksiya kollektiviya, saytlara, televiziyalara tələbkarlığı artırmaq lazımdır. Anlamaq lazımdır ki, dil bu xalqın sərvətidir və dillə bu cür davranmaq olmaz», deyə filologiya elmləri doktoru Qulu Məhərrəmli sözlərini yekunlaşdırdı. 

Məqalədə : Qulu Məhərrəmli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru