Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
09:50
1380
Eşitmə və nitq məhdudiyyətli insanlar namazı necə qılmalıdır? - İslamda gözəllik danışan əllərlə - FOTO
Azərbaycanda ilk dəfə olaraq işarət dilində İslamın gözəlliyi bağlı seminar keçirildi

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkilati dəstəyi ilə Abşeron Mədəniyyət Mərkəzində "İslamda gözəllik danışan əllərlə" adlı tədbir keçirilib.  Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq işarət dilində İslamın gözəlliyi bağlı seminar keçirilib.

FaktXəbər-in məlumatına görə, tədbiri giriş sözü ilə açan “ENMŞ” İB-nin təlimçisi, Azərbaycanın məşhur vayneri Mahmud Səfərov gələn qonaqlara öz təşəkkürünü bildirib. 

Tədbirin aparıcısı, ENMŞ İctimai Birliyinin müəlliməsi, tədbirin idea müəllifi Aidə Səfərova bildirdi ki, bu tədbiri keçirməkdə əsas məqsəd eşitmə qüsuru olan insanların İslami vacibatları öyrətməyin yollarını araşdırmaqdır: "İmam Sadiq (ə) buyurub ki, düşmənlərinizin sizin övladlarınızın azdırmaması üçün onlara dini hədis və İslamı təbliğ edin". 

Tədbirin aparıcısı Aidə xanım bildirdi ki, texnikanın bu qədər inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə işarət dili ilə başa salınan İslami mövzu tapmaq çətindir: "Çox istərdim ki, məscidlərimizdə işarət dilində də azan verilsin və namaz öyrədilsin".

Sonra Aidə xanım seminarı keçirmək barədə ideyanın necə yarandığını danışdı: "Biz Əhya gecəsi Mahmudun (eşitmə məhdudiyyətli  - red.) təklifi ilə məscidə getdik. Gecə ibadətlərini etdikdən sonra sübh azanında onu qapının ağzında çox pərişan halda gördüm. Səbəbini soruşduqda işarət dili ilə dedi ki, sağımda və solumda ilahiyyatçının sözlərindən təsirlənib ağlayanlar var idi. Mən isə eşitmədiyim üçün heç nə hiss etmirdim və bundan utanırdım. Bu hadisədən sonra biz “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdullayevaya yaxınlaşdıq və seminar barədə təklifimizi irəli sürdük".

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslər”İctimai Birliyinin direktoru Cəmilə Abdulova çıxış edərək bu seminarın eşitmə məhdudiyyətlilər üçün ilk dəfə keçirildiyini qeyd edərək, bu seminarın cəmiyyətdə olan eşitmə və nitq məhdudiyyətli gənclər üçün çox önəmli olduğunu deyərək, tədbir iştirakşılarına İB adından təşəkkürünü bildirdi.

Psixoloq Nümunət Əmrahlı insanda fiziki məhdudiyyətin olmasının qüsur olmadığını bildirdi: "Bizim üçün həqiqi qüsur apatiyalı, məsuliyyətsiz, ləyaqətsiz, həyata heç bir marağı olmamasıdır. İnsanın qüsuru onun görünüşündə deyil, mənəviyyatında olur."

Uşaq psixoloqu Nailə Həsənova isə insanlarda eşitmə məhdudiyyətinin yaranma səbəbi və müalicə yolları barədə danışdı: "Ağır eşitmək xəstəlik deyil, fəsaddır. Bunun müxtəlif səbəbləri ola bilər - irsi, ana bətnində, doğuş zamanı, doğuşdan sonrakı periodda və sair ola bilər. Əsas bunu vaxtında aşkar etmək və tədbirlər görməkdir". Psixoloqun sözlərinə görə, xaricdə bunun üçün skrininq deyilən metoddan istifadə edilir, hansı ki, ilk gündən bu problemi göstərir: "Amma təəssüf ki, bizdə hələ belə imkan yoxdur".

Araşdırmaçı yazar Fərid Abdullah belə insanların maariflənməsində əsas məsuliyyətin bizlərin üzərinə düşdüyünü bildirdi: "Qurani-Kərimə baxsaq, fiziki məhdudiyyətlər qüsur kimi göstərilməyib. Məsələn, deyilir ki, gözlər var ki, görmür; qulaqlar var ki, eşitmir. Bu onu göstərir ki, İslamda əsl məhdudiyyət mənəviyyatın çatışmamasıdır."

İlahiyyatçı Samir Əzizov eşitmə və nitq məhdudiyyəti olan insanların namaz qılmasının şəri yolları barədə məlumat verdi: " Məsumlarımızdan İmam Sadiq  (ə) buyurub ki, belə insanlar namazı barmaqlarını və dillərini tərpətməklə qılmalıdırlar. Həmçinin ifadələri qəlbindən keçirməlidir. Allah qəlblərdən agahdır. Bundan başqa, danışa bilən, ancaq zəif eşidən insanlar da var. Onlar namazı tək qılanda heç bir problem olmur. Amma camaat namazında imamı eşitmədikləri üçün çətinlik yaranır. Bunun üçün onun özündən qabaqda duran şəxsin hərəkətlərini təkrar eləməsi kifayətdir"

Samir Əzizov həmçinin eşitmə məhdudiyyətli insanlar üçün İslami video roliklərin hazırlanmasının məsuliyyətinin onların üzərində olduğunu bildirdi və bunun üçün işlər görməyə çalışacağına vəd verdi.

İlahiyyatçı Rauf Hüseyn isə uşaq doğularkən onun qulağına azan və iqamənin deyilməsinin fəlsəfəsindən danışdı: "Azan və iqamə körpənin Allahla ilk tanışlığıdır".

"Milli Hüquq Evi"nin rəhbəri Nicat Gözəlov İslamın həm də hüququn əsası olduğunu bildirdi: "Quranı hüququn mənbələrindən biri hesab edirəm". O həmçinin insanların sosial yardımla maddi yardımı dəyişik sadıqlarını bildirdi. Onun sözlərinə görə, sosial yardım təkcə pul yox, həmçinin sevgi, məhəbbət, qayğı, mehribançılıqdır.

Məqalədə : eşitmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru