Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
09:31
381
Polad Bülbüloğlu YUNESKO-nun rəhbəri postuna seçkilərdə namizədliyini geri götürüb

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postuna seçki yürüşündən çıxmağı qərara alıb. O, bununla əlaqədar mətbuata bəyanat verib. Bəyanatda deyilir:

“Mən ölkəmiz tərəfindən YUNESKO-nun baş direktoru postuna namizəd irəli sürülməyindən qürur duyuram, hökumətə və şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mənə göstərilən yüksək etimada və dəstəyə görə minnətdaram.

Seçkilərə qədər olan çox qısa vaxt ərzində biz intensiv seçkiqabağı kampaniya təşkil etdik. Bu çətin işdə mənə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm.

YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər təşkil edildi, onlarca görüşlər, çıxışlar və təqdimatlar keçirildi, beynəlxalq nəşrlərdə məqalələr dərc olundu, burada Azərbaycan Respublikasının namizədinin YUNESKO-nun gündəliyi və təşkilatın gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, böyük diqqət və dəstəklə qarşılanan məsələlər üzrə mövqeyi işıqlandırıldı.

Seçkiqabağı kampaniyanın gedişində YUNESKO-nun İcraiyyə Komitəsinin bir çox üzvləri tərəfindən ifadə edilən dəstək bizim uğur qazanmağa ümid bağlamağımıza əsas verdi.

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda yüksəkrəqabətli mübarizədə Azərbaycanla yanaşı, Çin, Fransa, Misir kimi böyük dövlətlər, ümumilikdə 8 dövlət, o cümlədən BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü iştirak edib. Çox təəssüflər olsun ki, biz seçkiqabağı kampaniyanın uğurunu inkişaf etdirə və lazımi miqdarda səs toplamağa nail ola bilmədik.

Ona görə də mən seçki yürüşündən çıxmağı təəssüflə qərara aldım, lakin bunu borcumu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı olan bütün mümkün və zəruri olan hər şeyi etmişəm.

YUNESKO bütün dünyanın əsas humanitar təşkilatı olaraq, bütün qitələrin bütün ölkələrində təhsilin, elmin, mədəniyyətin və kommunikasiyaların inkişafında böyük rol oynayır. Bu nüfuzlu təşkilatın rəhbəri vəzifəsinə irəli sürülməsi faktının özü istənilən insanın həyatında böyük nailiyyətdir. Onunla qürur duymaq olar ki, postsovet tarixində bu yüksək vəzifəyə irəli sürülən və seçimdən keçən ilk yaradıcı insanam.

Düşünürəm ki, bu hadisə gənc Azərbaycan diplomatiyası üçün böyük məktəbdir. Bu yolda məni dəstəkləyən hər kəsə səmimi qəlbdən bir daha minnətdarlığımı bildirmək istəyirəm”.

Məqalədə : Polad Bülbüloğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru