Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Oktyabr

2017
09:26
1374
Mikayıl Cabbarov:İnnovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək
"600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb"

“Təhsil Nazirliyinin sifarişinə əsasən, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək. Bu işlər növbəti ildə də davam etdiriləcək, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək.”

FaktXəbər-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Təhsil naziri bildirib ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin başlıca prioritet elan olunduğu nəzərə alınaraq, 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib: “İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək.”

Nazir daha sonra bildirib ki, son illərdə ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam edir: “Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.”

M.Cabbarovun sözlərinə görə, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib, bu məqsədlə olimpiada hazırlıq mərkəzləri yaradılıb: “Cari ildə respublika fənn olimpiadalarına 30 minədək şagird qatılıb ki, bu da ötən ilə nisbətən 9 faiz çoxdur. 2017-ci ildə Azərbaycan məktəbliləri dünya fənn olimpiadaları və bilik müsabiqələrində 2 qızıl, 6 gümüş və 32 bürünc medal qazanıblar.”

Nazir daha sonra əlavə edib ki, ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib: “Tələbə adını qazanmış abituriyentlərin bilik səviyyəsinin yüksəlməsini aşağıdakı rəqəmlər ifadə edir. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb.”

Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 10:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru