Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2017
18:26
Milli Şuranın Bakıda keçirdiyi mitinq başa çatıb - FOTO

Müxalifətin "Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!" şüarı ilə keçirilən mitinqi başa çatıb. Aksiyada çıxış edən AXCP lideri Əli Kərimli bildirib ki, hakimiyyət hər vəchlə müxalifətin mitinqlərini pozmağa çalışır. Onun sözlərinə görə, son həftələr 200-ə yaxın fəal saxlanılıb, polisə çağırılıb. 16 nəfər inzibati həbsə məruz qalıb. O, beynəlxalq səviyyədə tənqid obyektinə çevrilmiş hakimiyyəti korrupsiyaya görə tənqid edib: "Biz beynəlxalq birlikdən Azərbaycandan 3 mlrd. dolların yuyulması ilə bağlı qalmaqalın sonadək araşdırılmasını və günahkarların cəzalandırılmasını gözləyirik".

DQMŞ-nin sədri Cəmil Həsənli Azərbaycanda korrupsiyanın ən yüksək səviyyədə olduğunu bildirərək hakimiyyəti "kleptokratik" adlandırıb. Onun sözlərinə görə, Azərbaycanı "nazirlər-oliqarxlar hökuməti" idarə edir.

Bakı şəhər Baş Polis İdarəsi  bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb. İdarədən FaktXəbər-ə bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu da mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyətini araşdırıb.

Şuradan FaktXəbər-ə bildirilib ki, asksiyada hər hansı insident qeydə alınmayıb.  Kütləvi informasiya vasitələrinin nümayəndələri öz işlərini sərbəst şəkildə icra ediblər. Jurnalistlərin fəaliyyətinə hər hansı məhdudiyyət faktına rast gəlinməyib, bununla əlaqədar media təmsilçiləri tərəfindən monitorinq qrupunun üzvlərinə müraciət olmayıb.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadə etmələrinə də diqqət yetirilib. Media təmsilçilərinin heç də hamısının bu zəruri tələbi yerinə yetirmədiyi nəzərdən qaçmayıb.

Mətbuat Şurası ekstremal vəziyyətlərdə, o cümlədən ekstremal vəziyyət riski olan proseslərdə fəaliyyət göstərən jurnalistləri üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadəyə ciddi önəm verməyə çağırır. Şura bildirir ki, bu, onların hüquqlarının qorunması baxımından vacibdir.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı, Daxili İşlər Nazirliyinin təmsilçiləri də daxildir. 

Milli Şura növbəti mitinqi 28 oktyabr saat 15:00-a təyin edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Milli Şura 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 08:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com