Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Oktyabr

2017
09:51
510
`Qarabağ`ın legioneri: `İstər Azərbaycanda oynayım, istər Mozambikdə...`

 "Milli komandanın formasını geyinmək mənim üçün hər zaman böyük şərəfdir. Rusiyaya yollanacağımıza inanmasaq, həftəsonu oyuna çıxmağımız əhəmiyyətsizdir. Yığmaya çağırılan futbolçularla qələbə qazanmağa qadir olduğumuzu düşünürəm".

Bunu uzun müddətdən sonra CAR yığmasına dəvət alan "Qarabağ"ın futbolçusu Dino Ndlovu Burkina-Faso ilə oktyabrın 7-də keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib. Bu komandalar arasında ötən il oktyabrın 8-də Burkina-Fasoda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Həmin vaxt meydan sahiblərini uzatma dəqiqələrində məğlubiyyətdən xilas olublar. Hazırda qrup lideri Burkina-Fasonun 4 oyundan 6, CAR-ın isə 3 oyundan 1 xalı var.

Qrup lideri ilə görüşdə 27 yaşlı hücumçu çətin tapşırığın öhdəsindən gələcəklərinə əminlik ifadə edib. O, təzyiq altında olmadıqları üçün özlərini rahat hiss edəcəklərini bildirib. Əvvəlki 8 görüşdə CAR Burkina-Fasoya cəmi 1 oyunda uduzduğu halda, 4 dəfə qalib gəlib.

Ndlovu isə sonuncu dəfə millidə 2015-ci ilin noyabrında çıxış edib. O, özü üçün ideal vaxtda yığmaya dəvət aldığını söyləyib. Təcrübəli hücumçu şans qazanacağı təqdirdə, öz ölkələri ilə fəxr etdiklərini hamıya göstərəcəklərini vurğulayıb.

CAR millisinin baş məşqçisi Stüart Bakster əvvəllər Ndlovuya dəvət göndərməməsini onun Azərbaycan çempionatında çıxış etməsi ilə əlaqələndirib. Hücumçu Baksterin açıqlamasına hörmətlə yanaşdığını söyləsə də, harada çıxış etməsini önəmli saymayıb: "İstər Azərbaycanda oynayım, istər Mozambikdə, hər halda futbolla məşğuluq, yumru əşya dalınca qaçırıq. Çempionlar Liqasındakı çıxışım mənə kömək etdi. Baksterlə faydalı telefon söhbətim oldu. O, mənə yığmaya necə uyğunlaşacağımı söylədi. Amma söhbət təkcə məndən yox, bütün ölkədən, komandamızı dəstəkləməyə gələcək azarkeşlərdən gedir. Qrupda elə bir mövqedəyik ki, oradan həftəsonu aralanmalıyıq".

Ndlovu bildirib ki, milliyə dəvət alıb-almaması klub səviyyəsindəki çıxışından asılıdır: "Çünki mən ailədə stolun üstünə yemək qoyanam. Əsəbiləşərək, "Yığmaya çağırmadıqları üçün oynamayacağam" desəm, körpüləri özüm yandırmış olacağam. Yenidən yığmaya çağırılacağım ümidi ilə yaşayırdım. Fikrimcə, artıq həmin vaxt yetişib".

"Qarabağ"ın hücumçusu CAR yığmasının ev oyununa gələn az olsa belə, evində televiziya qarşısında onları izləyən azarkeşlərdən dəstək hiss edəcəklərini bildirib. O, şans veriləcəyi halda, əlindən gələni edəcəyini deyib: "Hücumda tək qalmağım önəmli deyil. Çünki "Qarabağ"da da 4-3-3 sistemi ilə oynadığımızdan, yeganə mərkəz hücumçusu kimi çıxış edirəm. CAR millisinin əvvəlki oyunlarında Tokelo Ranti əsasən, tək çıxış edirdi. İndi də buna bənzər vəziyyətdir. Düşünmürəm ki, biz digər oyunçulara təsir edəcək problem yaşayacağıq".

Qeyd edək ki, CAR millisinin ehtiyatda Seneqalla oyunu da var. Bu görüş ötən il keçirilsə də, nəticəsi ləğv olunub və yeni tarix kimi 10 noyabr müəyyənləşdirilib. 

Məqalədə : Dino Ndlovu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru