Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Oktyabr

2017
14:32
6477
Uşaqları pedofillər üçün dəvətnamə olmaqdan necə qoruyaq?

Emilya Vaqif


Son illərin statistikasına görə, cəmiyyətdə ən çox yayılan cinayətlərdən biri pedofilliklə (uşaqbazlıq) bağlıdır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofillik əsas cinayətlərdən biri hesab olunur.

Avropa Şurasının hesabatına görə, inkişaf etmiş ölkələrdə təqribən hər 10-cu uşaq cinsi zorakılığa məruz qalır. Təəssüf ki, son zamanlar ölkəmizdə də belə informasiyalar xəbərlərdə öz yerini tutmağa başlayıb. Məsələn, bir neçə ay öncə Naxçıvanda 23 yaşlı oğlan sərxoş halda 4 yaşlı qız uşağına təcavüz etmişdi. Bundan cəmi bir neçə gün sonra isə Bakıda polis kapitanı Tahir Tahirli 8 yaşlı uşağı pedofilin əlindən zorla almışdı. Bu hələ cəmiyyətə məlum olanlardır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsində uşaqbazlığın cəzası ilə bağlı belə yazılıb: "Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Lakin son günlərdə baş verən hadisələrlə bağlı parlamentdə yeni müzakirələr aparılmış, bunun qarşısının alınması üçün qanunların sərtləşdirilməsi, hətta kimyəvi kastrasiya cəzası təklif olunmuşdu.

Ümumiyyətlə, pedofillərə müxtəlif ölkələrdə müxtəlif cür cəzalar verilir. Məsələn, Çexiyada pedofillər axtalanır, ABŞ-ın isə bəzi ştatlarında edam edilir, bəzilərində isə ya axtalanmaq, ya da 20 il həbs cəzasını seçmək şansı verilir.

Amma bütün bu tədbirlər uşaqlara qarşı törədilən qəddar cinayətin qarşısını almağa kifayət etmir.

Gəlin ilk növbədə araşdıraq, görək uşaqbazlıq nədir?

Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış uşaqlara qarşı cinsi maraqları pedofillik adlanır. Ekspertlərin ümumi rəyi belədir ki, pedofillik xəstəlikdir. Son araşdırmalar göstərib ki, uşaqbazların  beynində neyronlar başqa formada qurulub. Normal insan uşağı görərkən onu müdafiə etmək istəyir, uşaqbazlarda isə hər şey beyinlərində cinsi qıcıqlanma mərkəzi ilə əlaqədardır.

Əlbəttə, belə insanlar az və ya çox dərəcədə özlərinə nəzarət edə bilərlər. Lakin bu hər zaman alınmır. Son hesabatlardan aydın olur ki, dünya ölkələrində pedofillərə qarşı qanunla tətbiq edilən cəzalar da belə cinayətlərin qarşısını almır.

Bəs övladlarımızı belə xəstələrdən qorumaq üçün nə edirik?

Orta məktəb uşaqlarının geyiminə, hərəkətlərinə diqqətlə baxaq. Çox acınacaqlı mənzərə var. Qız uşaqları dizdən 1 qarış yuxarı ətəkdə və dizin üstünə çıxan qara corablarla məktəbə gedirlər. Özü də çox vaxt atalarının yanında... “Küləklər şəhəri”ndə yaşamağımıza baxmayaraq, əksər mini ətəklər də “klyoj”dur. 

Yay vaxtı mənzərə daha acınacaqlı olur. Şəxsən mənim yaşadığım məhəllədə qız uşaqlarının mini şortikdən başqa nəsə geyinməsi elə bil ki, ayıb sayılır. 

Doğrudanmı övladlarını bu cür geyindirən, ya geyinməsinə göz yuman valideynlər əslində pedofillərə dəvətnamə hazırladıqlarını bilmirlər? Mən özüm dəfələrlə görmüşəm ki, belə geyimli azyaşlılar keçərkən nəinki kişilər, hətta qadınlar dönüb baxırlar. Ancaq bir nəfər həmin qızlara, ya onların valideynlərinə demir ki, geyiminin cəzbedici olması cəhənnəm, axı bu həm də orqanizmlərinə ziyandır, uşaqların böyümə mərhələsində qarnı-başı açıq gəzməsi, gələcəkdə sonsuzluqdan tutmuş bir sıra başqa xəstəliklərə səbəb olur. Bu isə gələcəkdə onun hətta ailəsinin dağılmasına  gətirib çıxarır. Bu gün adi bir məsuliyyətsizlik, sabah övladının bədbəxt olması ilə nəticələnir. 

Maraqlıdır ki, bəzən hicablı uşaqların valideynlərini yolda saxlayıb dərs verənlərin, yüksək tribunalardan irad bildirənlərin cəzbedici geyimlərlə təhsil ocağına gedən uşaqları görməməsi sual yaradır.

Məktəbdə oxuduğum dövrlər 90-cı illər idi. Müstəqilliyə qədəm qoyduğumuz həmin dövrlərdə məktəbli formaları azad idi, hər kəs  istədiyi formada geyinirdi. Bununla belə,  xüsusən qızların geyimlərində müəyyən standartlara riayət olunurdu. Saçları açıq qoymaq, qara saç sancağından başqa sancaqlar taxmaq, dizdən bir qarış yuxarı geyinmək, kapron corablardan istifadə etmək, dırnaq uzatmaq olmazdı. Dərs başlayanda direktor qapının ağzında durar, məktəbə o cür gələnləri geri qaytarardı.

Bu gün isə hər bir məktəbin özünün uniforması olmasına baxmayaraq, qızlar məktəbə taxma, uzun dırnaqla gəlir, saçlarını müxtəlif formalara salırlar, hətta tənəffüs zamanı siqaret çəkirlər. “Ağır dərs günündən” sonra isə rəfiqələri, ya sevgililəri ilə şəhərə çıxmaq isə onların ən “təbii” haqqıdır. Nə olsun ki, 13-15 yaşları var, axı biz demokratik cəmiyyətdə yaşayırıq. Baxmayaraq ki, belə hürr cəmiyyətdə uşaqların hicab bağlaması insan haqlarına ziddir.

Əlbəttə, bəziləriniz Azərbaycanın  sürətlə inkişaf etdiyini, Avropaya doğru yol aldığını deyə bilərsiniz. Halbuki, bu inkişaf deyil, kommersiya qurumlarının maddiyyat xatirinə övladlarımızın həyatı bahasına başa gələcək tələləridir. Bizim nümunə götürdüyümüz Qərb ölkələri isə artıq bu təcrübəni yaşayıblar: Avropada, Amerikada və sair inkişaf etmiş ölkələrdə valideynlər artıq həyəcan təbili çalmağa başlayıblar, geri qayıtmaq üçün yollar axtarırlar. Bu səbəbdən Amerikada övladlarını həm ruhi, həm də fiziki sağlam görmək istəyən valideynlər onları bugünkü “mədəni inkişafdan” qorumaq qərarına gəliblər və uşaqların kommersiya maraqlarına qurban verilməsinin əleyhinə “Campaign for a Commercial-Free Childhood” qurumu yaradıblar. Təşkilat bir sıra məsələləri analiz etdikdən sonra belə qərara gəlib ki, bugünkü cəmiyyət uşaqların mənəvi sağlamlığı barədə heç düşünmür, öz maddi maraqları xatirinə uşaqlara vaxtından əvvəl böyüməni sırıyır, onlara yaşlarına uyğun olmayan erotik geyimlər hazırlamaqla pozğun həyata alışdırırlar. Təşkilata bir sıra yazarlar, həkimlər, müəllimlər və başqa ziyalı insanlar üzv olublar.

“Uşaqları istehlakçıya çevirən satıcılar, onları vaxtından əvvəl böyüməni sırıyaraq, valideynlərinin üstünə qaldırırlar”, - deyə, “Bu yaşda belə cazibədar: Pozğunluqla bəslənmiş yeni uşaqlıq, yaxud övladlarımızı necə qoruyaq” kitabının müəlliflərindən Cin Kilburn bildirir.

“Məsələ burasındadır ki, bu gün bir sıra  kompaniyalar 10 yaşlı, hətta 7 yaşlı  uşaqlar üçün cazibədar, erotik geyimlər hazırlayır. Digər korporasiyalar isə 8-12 yaşlı uşaqlar üçün  kosmetika təklif edir. Yeni gəlinciklərdən tutmuş cizgi film qəhrəmanlarına kimi hər birinin geyimi bugünkü modanın diktə elədiklərini uşaqların beyinlərinə yerləşdirir. Hətta 5 yaşlı uşaqlar belə, özlərini “Ledi Qaqa”ya oxşatmağa çalışırlar”, - deyə o, əlavə edib.

“Sindrella mənim qızımı yedi” kitabının müəllifi Peqqi Orenstayn bəyan edib ki, uşaqlara  nümunə kimi təklif olunan  ideallar erotik şəkildə bəzədilib, qızlar ilk növbədə xarici gözəllik, dəb və oğlanlara qoyduğu xoş təsir barədə düşünməyə məcbur edilirlər: “Tacirlər məqsədyönlü  şəkildə erotikanı ixrac edirlər. Artıq “tween” (twelve – on iki, teen 13-19 yaşlı yeniyetmə) sözü yaranıb ki, bu da hələ yeniyetmə olmamış, ancaq cazibədar görünmək istəyən  qızı ifadə edir.”

Tibb işçiləri də bu məsələdə narahatçılıqlarını bildiriblər. Belə ki, Filodelfiyadan olan uşaq həkimi Kris  Feydtner öz hesabatında göstərib ki, 8-9 yaşlı uşaqlarda anoreksiya hallarına rast gəliblər. Onun sözlərinə görə uşaqlıq və yetkinlik dövrü arasında sərhəd itir. Uşaqlıq yoxa çıxır...

Peqqi Orenstayn həmçinin vurğulayıb ki, köhnə cizgi filmləri və komikslərindən olan qəhrəmanlar yeni versiyada analoji dəyişikliyə məruz qalıblar: “Məsələn, “Disney”in məhsulu olan “Piter Pen” cizgi filminin personajı Din-din bu gün “Pleyboy” jurnalının səhifələrindəki qızlara oxşayır.”

Bütün bunlar uşaqlarda təsirsiz ötüşmür. Amerika Pediatriya Akademiyasının  nümayəndəsi və Nyu-Meksiko Universitetinin professoru Viktor Strasburqer əmin olduğunu bildirib ki, erotik obrazlar və zorakılıq səhnələri  uşaqlara real zərər verə bilər: “Bununla bağlı aparılan ən azı yeddi müstəqil tədqiqat göstərir ki, uşaqların tez-tez rastlaşdığı nalayiq mənzərələr, cinsi həyatın erkən başlanması ehtimalı artır.”

Siyahını uzatmaq da olar. Lakin aydın oldu ki, Qərbə doğu inkişaf saydığımız bu üslublar əslində Qərbi tənəzzülə uğradan amillərdən biridir. Onlar bunu başa düşüblər və çıxış yolu axtarırlar. İqtisadiyyatlarını gücləndirib sosial rifahlarını yaxşılaşdırsalar da, əhalinin təbii artımının azlamasına, ailə və mənəvi tənəzzülə məruz qalıblar.

Hər gün qanlı cinayətlərin xəbərini oxuyur və ya eşidirk. Bilmək lazımdır ki, övlada telefon vermək, yaxud ünvanı öyrətmək onu cinayətkarlardan qorumur. Qanun Azərbaycanda pornoqrafiyanı qadağan edir. Amma bunun qarşısını praktikada almaq mümkün deyil. Qanun keçşikçiləri ilə yanaşı uşaqlarımızın müdafiəsində bir az özümüz də səy göstərməliyik. Uşaqlarımız üçün ən azından adət-ənənəmizə uyğun geyim tərzi seçməliyik. Cəzbedici elementləri çıxarmalıyıq. Bu həm onları uşaqlıqlarını yaşamasına şərait yaradar, həm də ən azı onları pedofillər üçün dəvətnamə olmaqdan qoruyar.

Məqalədə : pedofiliya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 15:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru