Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Sentyabr

2017
10:31
1239
Taksi sürücüləri nə qədər qazanır və müştəriyə nə qazandıra bilirlər?

Son vaxtlar paytaxtda turizmin inkişaf etməsi və paralel olaraq taksi xidmətinə tələbatın artması bu sahədə çoxsaylı şirkətlərin yaranmasına səbəb olub. Bazarda ənənəvi taksilərin payı hələ kifayət qədər olsa da, artıq ayrı-ayrı şirkətlərin əhatə dairəsi də sürətlə böyüməkdədir.

Hazırda Bakı şəhərində bir neçə iri taksi xidməti fəaliyyət göstərir. Fəaliyyət ərazisi eyni olsa da, xidmət səviyyəsi, xidmət çeşidi və digər amillərdən asılı olaraq xidmət haqlarında da fərqlər var. Taxfy, Uber, Ok Taxi, City Taxi, 189 Taxi və s. onlayn və telefon sifarişi ilə xidmət həyata keçirən taksi şirkətlərindən müştəri kimi istifadə ilə yanaşı, orada sürücü kimi də fəaliyyət göstərmək mümkündür. Bəs belə şirkətlərdə çalışan sürücülərin gəliri nə qədərdir?

FaktXəbər-in verdiyi məlumata görə, Sputnik agentliyinin əməkdaşı bir neçə taksi sürücüsü ilə söhbət edib. Onlayn sifarişlə taksi fəaliyyəti həyata keçirən Anar Ağayevin sözlərinə görə, 2 aydan çoxdur ki, taksi şirkətində çalışır. İlk ayda bir qədər çətinlik çəksə də, sonradan işə alışa bilib: "Deməli, şirkətə üzv olursan, şirkət sənə müştəri verir və hər müştəridən 15 faiz şirkətin balansına köçürülür".

A. Ağayev bildirir ki, 8 saat ərzində davamlı çalışan zaman 40-50 manat gəliri olur: "Bu, elə bir işdir ki, çox çalışsan, çox qazanacaqsan. Bəzi günlərdə 12 saat çalışıram. Həmin günlərdə 70 manata yaxın gəlirim olur. İndi düşünün, ayda haradasa 1500 manat qazana bilirəm. Günə cəmi 3-4 manat şəxsi xərcim çıxır".

Sürücü qeyd edir ki, müştərilər şirkətin internet üzərindən olan bağlantısı ilə sürücüyə yönləndirilir: "Naviqasiya sistemi bizim harada olduğumuzu göstərir. Məsələn, mən "Elmlər Akademiyası" metrostansiyası ərazisindəyəm, şirkət mənə müştəri verir. Mən onu "Nərimanov"a aparmalıyam. "Nərimanov" yaxınlığında olanda, şirkət mənə "Nərimanov"da taksi sifariş edən müştəri verir".

"Beləliklə, mən boş yerə avtomobil sürmürəm. Hər dəqiqəmiz hesablanır. Və ən nəhayətində tıxaclarda, bağlı yollarda keçən dəqiqələr müştərinin hesabından çıxılır" — sürücü əlavə edir.

Ağayevin sözlərinə görə, taksidə əlavə yüklərin daşınmasına görə də pul hesablanır. Ancaq bu pulu şirkət tələb etmir: "Məsələn, müştəri taksi sifariş edir, gedib əlində iki böyük çanta görürəm. Mən həmin qiymətə təkcə müştərini aparıram. Yükün aparılması isə ayrı xərcdir. Bunu müştəriyə o, avtomobilə əyləşəndə bildirirəm".

Sürücü qeyd edir ki, onlar sırf "taksist" olmadıqları üçün müştərilərin yüklərini qaldırıb-düşürülməsinə kömək etmirlər.

Taksi sürücüsü Söhrab Abbasov isə deyir ki, o, taksi fəaliyyəti ilə ancaq gecələr məşğul olur: "Mən iki işdə çalışdığım üçün taksi fəaliyyəti ilə şənbə-bazar günləri və gecələr məşğul oluram. Axşam saat 20.00-dan 2.00-a qədər çalışıram. Günə 30-40 manat gəlirim olur".

Sürücü bir neçə taksi şirkətinin xidmətinə qoşulduğunu qeyd edir. Hansı şirkət müştəri versə, onunla da çalışır: "Gecələr taksi sifariş edənlər bir qədər artıq pul verirlər. Ona görə pis deyil. Artıq pul veriləndə yüklərin daşınmasını da həyata keçirirəm. Müştəriyə yükün avtomobilə qoyulması və düşürülməsində kömək edirəm".

S. Abbasovun dediyinə görə, çox zaman şirkətlərə çalışan sürücülər avtomobilin üzərinə "taksi" nişanı qoymaq istəmirlər. Ancaq daha çox xanım müştəri daşıdığına görə, S. Abbasov bu nişanı hər zaman avtomobilin üzərinə qoyur: "Xanımlar çox xahiş edirlər ki, nişanı qoyaq. Çünki xanım sürücülər avtomobillə məhəllələrinə girəndə, ətrafdakı insanların söz-söhbətindən uzaq olmaq istəyirlər. Mən də onları başa düşürəm".

Sürücü onu da bildirir ki, onların müştərilərdən tələb etdiyi xidmət haqqı cüzi olsa da, bəzən bunu da verməkdən boyun qaçıranlar olur. Bu da daha çox gecələr baş verir: "Sifariş edir, gedirsən həmin əraziyə. Aparırsan dediyi yerə, sonra deyir ki, "pulum yoxdur, vur öldür". Yaxud da, deyir vermirəm, sür get. Mübahisə etməyi sevmirəm. Belə müştərilər də az olduğu üçün çox problem yaşamıram".

Bakı sakinləri də daha çox taksi xidməti göstərən şirkətlərin avtomobillərindən istifadə etdiyini deyirlər. Bakı sakini Aysel Zamanovanın sözlərinə görə, o, əvvəllər yol taksilərindən istifadə edirmiş. Onlayn və telefon sifarişi ilə taksi xidmətləri yaranandan sonra bu taksi xidmətlərinə müraciət etməyə başlayıb.

"Yol taksilərinin 7 manata apardığı yolu, xidmət taksiləri 3-4 manata aparır. Onlar arasında çox ucuz olanları da var. Bir problem var ki, bu taksi sürücüləri şəhəri yaxşı tanımadıqları üçün naviqasiya sistemindən istifadə edirlər. Naviqasiya isə çox zaman doğru göstərmir" — Zamanova əlavə edir.

Vaxt puldur. Bunu taksi şirkətlərinə bağlı olan sürücülər də təsdiq edirlər. Sürücülərin sözlərinə görə, müştərini gözləməyin dəqiqəsi 5 qəpikdir. Əgər müştəri sifariş edib gəlməyibsə, sürücünün gözlədiyi müddətdən və sifarişin yerindən asılı olaraq müştərinin balansına hesablanır. Yəni, əgər 1 manat cərimə edilmisənsə, bunu növbəti xidmət zamanı hesabının üzərinə gəlirlər.

Məqalədə : Taksi xidməti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru