Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
15:49
690
Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı

"Bakı şəhərində yol hərəkətinin tənzimlənməsi üçün çoxsaylı işlər görülür. Bununla bağlı yeni yol qovşaqlarının tikilməsindən tutmuş, qaydaları pozan piyadaların inzibati məsuliyyətə cəlb edilməsinə qədər müxtəlif və gərəkli tədbirləri sadalamaq olar. Buna rəğmən, etiraf etmək lazımdır ki, piyadaların üzərinə düşən vəzifələrin icrasında çətinliklər hələ də qalır. Yəni piyada qanunla onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə könülsüz yanaşır".

Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a bildirib.

O deyib ki, qanunvericiliyə görə, avtomobil yolunun hərəkət hissəsini, küçələri yeraltı və yerüstü keçidlərlə keçmək lazımdır, piyada isə yolu istədiyi yerdən keçir.

Qaydalara görə, piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra svetoforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər: "Amma bu qaydalara əməl edən piyadaların sayı o qədər də çox deyil. Təkcə onu qeyd etmək kifayət edər ki, bu ilin 8 ayı ayında səksən minə yaxın piyadaya yol hərəkət qaydasını pozduğuna görə inzibati pratokol tərtib edilmişdi...Bu məsələdə diqqət çəkən bilirsiniz nədir? Qayda pozuntusuna görə ən çox zərər görən də elə piyadaların özləridir. Onlar ya qanunla müəyyən edilmiş məbləğdə cərimə ödəməli olurlar, ya da daha pis aqibətlə üzləşirlər – xəsarət alır, həyatlarını itirirlər.

Qurum rəsmisi qeyd edib ki, qəzalar zamanı xəsarət almış və ya ölmüş insanların statistikasını yazıb onsuz da tənqidi tonda başlamış mövzunu bir qədər də ağırlaşdırmaq istəməzdi.

“Yollarda piyada ölümü nəticədir. Bunun əvəzinə  piyada mədəniyyətinin tam formalaşmamasının səbəblərini – qanuna hörmət etməyi öyrənmək daha çox faydalı ola bilər, çünki şəxsi təhlükəsizlik hamının düşünməli olduğu ilkin şərtdir. İctimai fikir faktoru da var. Əgər piyada qaydaları pozduğuna görə ilk növbədə ətrafdakıların qınağına məruz qalacağını bilsə, bəlkə də yola addım atmazdan öncə düşünər. İctimai qınağın tərbiyə etmək gücünün böyük olduğunu nəzərə alsaq, deməli, əlimizdə olan əsas vasitələrdən biri ictimai rəydir.    

Ümumən belə hesab olunur ki, hüquq pozuntusuna vətəndaşın öz mövqeyini nümayiş etdirməsi həmişə təqdir edilən vətəndaş cəmiyyətinin bəlkə də ilk göstəricisidir. Burada cinayət hadisələrinin qarşısının alınmasında hüquq mühafizə orqanlarına dəstək olmaqdan başlayaraq, işıqforun qırmızı işığına məhəl qoymayıb yolu keçən sürücüyə irad tutmağa qədər müxtəlif situasiyalarda qanunun “müdafiəçisi” olmağın mənəvi məsuliyyətindən söhbət gedir.

Deyəcəksiniz polis var ikən, niyə adi adamlar qanunun müdafiəçisi olsun? Cavab çox sadədir. Birincisi, bu yuxarıda da qeyd etdiyimiz vətəndaş cəmiyyətinin əsas tələbidir. İkincisi, axı, hər hərəkət iştirakçısının, hər adamın yanına bir polis əməkdaşı ayırmaq mümkün də deyil, bunu yazmağı özü belə artıq görünür. Amma bəzən yollarda baş verənlər elə təəssürat yaradır ki, sanki insanlar müdaxilə üçün kimisə gözləyir. Əgər avtobus sürücüsü hərəkət vaxtı telefonla danışırsa və ya sərnişinlə dolu avtobusla yanacaq doldurma məntəqəsinə daxil olursa, buna sərnişindən daha tez kim reaksiya verə bilər? Əlbəttə, yalnız sərnişinlər.

Digər tərəfdən piyadaların vurulmasını önləmək üçün polis inzibati üsullardan onsuz da istifadə edir. Hazırda  piyadaların saxlanılaraq cərimələnməsi qəzaların sayının azalmasına təsir edir, görünən odur ki, elə bu prosesdə nisbətən işə yarayan da inzibati metodlardır. İctimai qınaq institutu isə hələ də işə düşməyib".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru