Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
14:42
5508
İraq itirdi, Suriya itirdi, Türkiyə itirir - ANALİZ

Aqil Mehdi


Suriyaya gedənlərdən, "nə üçün Suriyaya getdiniz", - deyə soruşanda, İslam Dövləti qurduqlarını, zülmə etiraz etdiklərini bildirirdilər. Bu düşüncənin sahibi olan və dünyanın hər yanında illərlə hücrələrdə yetişdirilən nə qədər vəhhabi var idisə, hamısını hissə-hissə yığıb, Türkiyə üzərindən Suriyaya daşıyırdılar. İllərlə bunu inkar etdilər. Suriyada döyüşənlərin yerli xalq olduğuna hamını inandırmağa çalışdılar, inandırmağı bacardılar da. Körpələri öldürüb, "Əsəd ordusu körpələri qətlə yetirir" yazdılar, göydən bomba yağıdırb, "Əsəd dinc Suriya xalqını qırır", - dedilər, kimyəvi-bioloji silahdan istifadə edib, "Əsəd öz xalqına qarşı kimyəvi silah işlədir” söylədilər. Amma heç kəs bu suala cavab vermədi: Bu hadisələr başlayana qədər Əsəd öz xalqını niyə qırmırdı?

Belə sualı ünvanlayanları isə zülmə dəstək verməkdə ittiham etdilər, hər cür böhtanı atdılar.

PKK/YPG/PYD və bir yandan da İŞİD kimi terror təşkilatları ilə mübarizə aparmaq və ərazilərini toxunulmaz saxlamaq üçün Türkiyəyə güclü qonşular və həmin qonşularla “sıfır problem” lazım idi

Məhz bu cür təbliğatların nəticəsi olaraq Suriyanın demək olar ki, 80 faizi işğal edildi, şəhərlər talandı, kütləvi qətliamlar oldu, amma demək olar bütün dünya mediası susdu.

Lakin qəfildən işlər dəyişdi. 

Suriya prezidenti Bəşşar Əsədin Rusiya prezidenti Vladimir Putinə kömək üçün müraciəti Qərb dairələrində narahatlıqlar yaratdı. İlk günlər var gücləri ilə Rusiya ordusuna qarşı bütün cəbhələrdə döyüşdülər. Təbliğat maşınları işə düşdü. Xəstəxanaları, məktəbləri, uşaq bağçalarını özlərinə sığınacaq qərar vermiş terrorçuları bombaladıqda, həmin obyektlərin şəkillərini yayıb, yenə dinc xalqın qırıldığını yazdılar. Xəzər dənizindən, Aralıq dənizindən atılan raketlər, Himeymim bazasından qalxan təyyarələr İŞİD terror təşkilatının qarşısını ala bildi. Şəhərlər bir-birinin ardınca terrorçulardan alındı.

Analoji proses İranın dəstəyi ilə İraqda da həyata keçirilməyə başlandı. Və proseslər bu gün də davam etdirilir.

Suriya və İraqda baş verən proseslərdə qonşu Türkiyədə də maraqla izlənirdi, hətta demək olar ki, dəstək verilirdi. 900 kilometrlik sərhəd açıq idi. Nə qədər inkar edilsə də, ələ keçən terrorçuların hamısının son daxil olduğu ölkələr Türkiyə idi, bunu özləri də bildirirdilər.

Lakin bütün bunları edənlərin unutduğu və ya bilərək gözlərdən qaçırdığı bir həqiqət vardı. O da Suriyada fitili yandırılan şeyin iddia edildiyi kimi yüz ilin cihadı deyil, tam əksinə, müsəlmanın müsəlmanı qırdığı yüz ilin fitnəsi idi. 

Müstəqil təşkilatların hesablamalarına görə, Suriyada 500 minə yaxın insan öldürülüb. Bu itkilərin çoxu qadın və uşaqlardır. Müharibə başlayanda Suriyanın əhalisi 20 milyon idi. Amma indi bu rəqəm 10 milyona yaxınlaşıb. İnsanlar qırğınlardan canlarını götürüb qaçıblar.

Bu hadisələr baş verən zaman isə qəfildən Türkiyədə dövlət çevrilişinə cəhd edildi. İncirlikdən qalxan F-16 qırıcısı prezident Rəcəb Tayyib Ərdoğanın da içində olduğu təyyarəni vurmaq tapşırığı almışdı. 

Nə baş verirdi? Nəyə görə Suriya müharibəsində yaxından iştirak edən bir dövlətin prezidentinin ölümü də nəzərdə tutulan dövlət çevrilişi həyata keçirilməli idi? Özü də çevrilişə cəhd edən şəxs birbaşa ABŞ-ın ciddi nəzarəti ilə Pensilvaniya ştatında yaşayır və Türkiyəyə təhvil verilməsinə bu gün də müxtəlif bəhanələr gətirilir.

Demək burada söhbət təkcə İraq və Suriya və ya Bəşşar Əsədin zülmü adı altında başladılan təbliğat deyil. 

Əvvəl İraqın işğal edilərək parçalanma həddinə gətirilməsi, sonra Suriyada vətəndaş müharibəsi görüntüsü yaradılması və ən sonda isə Türkiyədə dövlət çevrilişinə cəhd və ölkələrin zəiflədilərək bölünmə təhdidi ilə üz-üzə qoyulması əsl plan idi. İlk ikisi faktiki olaraq həyata keçib. Bu qaranlıq ssenarilər artıq hər kəs tərəfindən danışılır.

İllərdir sayı yaddan çıxan “qırmızı xətt”lər tapdalanır, Qərbin verdiyi sözlərin heç biri yerinə yetirilmir. Türkiyə Avropa Birliyinə yaxın buraxılmır, ABŞ-dan istənilən müdafiə silahları verilmir. Qapıda isə çox ciddi problemin təməli atılıb: Kürdüstan.

Yəni Suriyada və İraqda neçə illərdir aparılan müharibənin əsl hədəfi məhz budur. İraq, Suriya, Türkiyə və İran ərazisində Kürdüstan adlı dövlət qurmaq. Bu dövlətin qurulmasına üçün isə etiraz edəcək ölkələri əvvəlcədən zəif duruma salmaq.

Plan yaxşı qurulmuşdu. İcrası da uğurla icra edilirdi. Amma Əsədin dirənişi, Rusiyanın və İranın aktiv dəstəyi, Türkiyədə çevriliş cəhdinin baş tutumaması (Bunun özü də ayrıca bir mövzudur. Görünür Suriyaya müdaxilə məsələsində istədiklərini tam ala bilməmişdilər – A.M) hər şeyi alt-üst etdi. Çəkilən xərc artıq boşa gedirdi, illərlə çəkilən əziyyət iflasa uğrayırdı, İŞİD sıradan çıxırdı. Bunu görən Qərb dairələri planlarında dəyişiklik etdilər: illərdir İŞİD işğalını qıraqdan seyr edən PKK terror təşkilatını İraqda, onun qolunu isə Suriyada hərəkətə keçirdi. İŞİD isə işğal etdiyi əraziləri heç bir döyüşsüz PKK-nın Suriya qolu olan YPG-yə təslim etməyə başladı. Paralel olaraq eyni addımlar İraqda da atıldı. İraq ordusunun girə bilmədiyi əraziləri PKK ələ keçirdi, rəğbət topladı. YPG-yə isə ABŞ bu günə kimi 3000 TIR dolu silah verib. Artıq onların da silahı var və İŞİD terrorçularından fərqli olaraq öz yaşadığı ərazilərində döyüşməyi daha yaxşı bacarırlar. Nə uğrundamı döyüşəcəklər? Müstəqil Kürdüstan uğrunda. Hansı ki, Kürdüstan Regional Rəhbərliyi artıq elanını verib. Və Kürdüstanın yaradılması planlaşdırılan ərazilərdə də artıq öz mövqelərini möhkəmləndiriblər.

Bəs illərdir İŞİD və ona bənzər terror təşkilatı ilə döyüşmüş və yorğun halda olan Suriyanın, İraqın yeni bir cəbhədə döyüşmək imkanı varmı? İnandırıcı görünmür. Məqsəd də bu idi. ABŞ isə öz növbəsində Məsud Bərzaniyə qurmaq istədikləri yeni dövləti nəyin bahasına olursa olsun 2 il saxlamağı tapşırıb, bundan sonra məsələnin BMT-yə çıxarılacağı sözünü verib.

Görünən odur ki, Suriya və İraq itirib, Kürdüstanın qurulması planlaşdırılan ərazilərin çəkilmiş xəritəsində isə növbəti hədəf Türkiyə və İrandır. Ən böyük ərazinin qoparılması planında isə Türkiyə var. Hansı ki, PKK/YPG/PYD və bir yandan da İŞİD kimi terror təşkilatları ilə mübarizə aparmaq və ərazilərini toxunulmaz saxlamaq üçün Türkiyəyə güclü qonşular və həmin qonşularla “sıfır problem” lazım idi. Xəritəyə baxanda isə deyilənləri görmək olmur.

Hamısı budur.

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru