Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Sentyabr

2017
21:40
2055
Prezidentin iştirakı ilə keçiriləcək Nazirlər Kabinetinin toplantısı çox gərgin olacaq - ANALİZ

Sentyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,4 faizi, yaxud 935,5 min hektarı biçilmiş və həmin sahələrdən 2 milyon 675,3 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz az məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib.

Bundan əlavə, 14,9 min hektar qarğıdalı sahəsindən 84,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 56,8 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 milyon 759,8 min ton olub.

Xatırladaq ki, ölkə əhalisi, eləcə də mal-qara və quşların baş sayı nəzərə alınmaqla, Azərbaycanda taxıla olan illik tələbat təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon tondur. Statistika Komitəsinin hesabatından görünür ki, toplanmış taxıl illik tələbatdan ən azı 1 milyon ton azdır.

Qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyev taxılçılığın inkişafına yönəldilmiş irihəcmli subsidiyalara baxmayaraq Azərbaycanın özünü hələ də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini araşdırmaq üçün göstəriş vermişdi. O, bu məsələyə aprel ayında keçirilən Nazirlər Kabinetinin son toplantısındakı çıxışı zamanı toxunmuşdu.

Prezident hələ illər əvvəl ərzaq təhlükəsizliyinin təmin edilməsi strategiyasının tərkib hissəsi kimi hökumətin qarşısında ölkənin ərzaq buğdasına olan tələbatın daxili istehsal hesabına ödənilməsi vəzifəsini qoyub. Və hər il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyaların böyük hissəsi də məhz taxılçılığa yönəldilir. Ən azından Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı statistik rəqəmlərə görə bu, belədir. Lakin bu sahədə vəziyyət prezidenti qane etmir.

Prezidentin Nazirlər Kabinetinin son toplantısındakı çıxışından sitat: “Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”.

Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırıldığını və avqust ayında da 2.8 milyon ton taxılın toplandığını bildirsə də, Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının böyük qisminin idxal hesabına təmin edildiyi görünürdü. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Bu qədər çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir. Bəs o zaman ölkədə istehsal olunan 3 milyon ton taxıl hara gedir və əgər doğrudan da bu qədər taxıl istehsal olunursa, niyə onu un istehsalında istifadə etmirlər?

Ekspertlər isə hesab edir ki, Kənd Təsərrüfat Nazirliyinin açıqladığı rəqəmlər əslində həqiqəti əks etdirmir. Və Azərbaycanda heç bu qədər taxılı saxlamaq üçün anbar da yoxdur. İkincisi, ölkədə istehsal edilən taxıl ərzaq buğdası üçün standartlara o qədər də uyğun gəlmir və nəticədə un istehsalçıları idxal buğda ilə işləməyə üstünlük verirlər. Digər səbəb isə taxıl əkilən sahələrin təxminən 500 min hektarında sürətlə şoranlaşmanın getməsi, bunun isə məhsul istehsalına və keyfiyyətinə mənfi təsir göstərməsi ola bilər. Hər halda ötən il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan 600 milyon manata yaxın subsidiyanın əsas hissəsinin taxılçılığa yönəldildiyi və nəticənin bu cür ziddiyətli olduğu halda prezidentin məsələnin araşdırılmasına kosmik peyki də cəlb etməsi təəcüblü deyil.

2017-ci ildə 57 rayon (şəhər) üzrə 372042 istehsalçıya 1025916,15 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 68421933,95 manat məbləğində yardım ayrılıb. İstehsalçıya ayrılan bu məblğin isə təyinat nöqtəsi ilə maraqlanan yoxdur. Yəni sənədlərini hazırlayıb ver icraya və pulunu al. İcra isə öz sənədlərində qeyd etsin ki, filan ərazidə bu qədər taxıl əkilib. Taxıl biçini başa çatdıqda isə məhz kağız üzərindəki rəqəmlə statistik göstərici hazırlayaraq filan qədər taxılın yığıldığını qeyd edir. Amma heç kəs maraqlanmır ki, istehsalçı aldığı pulu hara xərcləyib, taxılı susuzluqdan yanıbmı, gəmiricilər ona taxıl yığmağa imkan veribmi, biçin zamanı kombayn tapa bilibmi. Bütün bu intizamsızlığın nəticəsi olaraq isə Azərbaycan hər il tələbatı ödəmək üçün 100 minlərlə ton taxıl idxal edir.

Qısası, yığılan taxıl göz qabağındadır. Ötən ilkindən 5,6 faiz az. Ötən il isə öz tələbatımızı ödəyə bilməmişik. Bu isə onu göstərir ki, Nazirlər Kabinetinin növbəti toplantısı çox gərgin keçəcək. Ayrılan milyonlarla manat dövlət dəstəyinə baxmayaraq, bu il də xadicdən asılı vəziyyətdə qalacağıq. Prezidentin son xəbərdarlığını isə icra başçıları və aidiyyatı qurumlar unutmamış deyil...

FaktXəbər

Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru