Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Sentyabr

2017
16:10
1677
İqtisadçı ekspertlər yeni neft Sazişini FaktXəbər-ə şərh etdilər
"Bəlkə də 20 ildən sonra artıq neftdən istifadə edən olmayacaq"

Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

Yeni imzalanan müqavilə Azərbaycan üçün nə qədər uğurludur? FaktXeber.com bununla bağlı iqtisadçı ekspertlər İlham Şaban və Natiq Cfərlidən münasibət öyrənib. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban Azəri Çıraq Günəşli yatağında neftin 78 faizinin hasil edildiyini xatırlatdı: “Ümumilikdə götürdükdə bu blokda hasil olan neft Azərbaycanın ixracının 82 faizini təmin edir. Ona görə də iqtisadiyyatı neftdən asılı bir ölkə üçün çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, dövlət üçün ötən il təkcə bu yataq 5,1 milyard dollar xalis mənfəət verib. Ona görə dövlətin qarşısında vəzifə dururdu ki, orda olan ehtiyatları komersiya baxımından rentabelli şəkildə bundan sonra da hasilatı davam etdirə bilsin. Çünki hasilat get-gedə azalırdı.”

Ekspert buna səbəb kimi 1994-cü ildə imzalanan müqavilənin bitməsinə 7 il qaldığını göstərdi: “Xarici şirkətlər ora investisiya qoymaqda maraqlı deyildilər: Hasilatı stabilləşdirmək üçün yeni platforma tikmək, sualtı infrastruktur yaratmaq, modernizasiya işləri etmək, bir sözlə 78 milyard dollarlıq bir investisiya lazım idi. Ancaq şirkətlər hesab etdilər ki, neftin aşağı qiymətlərində bu müddətdə qoyduqları pulu çıxara bilməyəcəklər. Ona görə də təklif etdilər ki, müqavilə uzadılsın. Sazişdə belə bir maddə var ki, Azərbaycan tərəfinin razılığı ilə müqavilə 5 il uzadıla bilər. Lakin Azərbaycan tərəfi bu şərtə razı olmadı. Çünki 94-cü ildə imzalanan sənədin şərtləri faktiki olaraq həmin illərin ab-havasını özündə əks etdirir, o dövrün siyasi, iqtisadi risklərini, geosiyasi, geoiqtisadi vəziyyəti nəzərə alıb. Üstündən 23 il keçəndən sonra o risqlər minimuma enib. Faktiki mənzərə dəyişib. Bir müddət davam edən danışıqlardan sonra ortaq məxrəcə gəlindi ki, yeni müqavilə imzalansın.”

İlham Şaban yeni sazişdə də Azərbaycan tərəfinin 3,6 milyard dollar civarında bonus alacağını, mənfəət bölgüsünün də 75 faiz civarında saxlanacağını bildirdi: “Bunun müqabilində dövlət neft şirkətinin payı xarici şirkətlərin payı azalmaqla 11,6 faizdən 25 faizə qədər artacaq. Bu, o deməkdir xərclərinin artmasına baxmayaraq ARDNŞ gəlirləri artacaq. Xarici dövlətlər isə 25 faiz gəlir götürəcək və bu gəlirin vergisini Azərbaycanın dövlət büdcəsinə ödəyəcək. İndiki şərtlər belədir.”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri yeni müqavilənin əhəmiyyətindən danışarkən bildirdi ki, ölkə üçün neftin hasil edilməsi lazımdır: “Bəziləri düşünür ki, neft çıxarılmamalı, gələcək nəsillər üçün saxlanılmalı idi. Ancaq dünya enerji balansında neftin rolu azalmağa doğru gedir, bəlkə də 20 ildən sonra artıq neftdən istifadə edən olmayacaq. Əsas məsələ onu kapitala çevirməkdir. Dövlətin minimal mənfəəti 150 milyard dollar olacaq. Bu az pul deyil.”

İqtisadçı ekspert Natiq Cəfərli isə 1994-cı ildə bağlanan ilkin müqavilədə 80 faiz gəlirin xarici şirkətlərə, 20 faizinin Azərbaycana aid olduğunu xatırlatdı: “Bu qoyulmuş vəsaitin tam çıxarıldığı vaxta - 2008-ci ilin iyul ayına kimi davam etdi. Bundan sonra proporsiyalar dəyişdi: 80 faiz Azərbaycana, 20 faiz isə xarici şirkətlərə konsersiuma qaldı. Burda bir məsələ var ki, Azərbaycan ərazisində neftin çıxarılması, daşınması ilə bağlı əməliyyat xərcləri müqaviləyə əsasən Azərbaycanın payından çıxılırdı. Bu da təqribən 5 faiz idi. Ona görə də 2008-ci ilin iyul ayından 75-in 25-ə bölgüsü var idi. İndi isə ilkin mərhələdə 75-in 25-ə anlaşması olub.”

İqtisadçının sözlərinə görə, ən vacib məsələ odur ki, qoyulan vəsait həm konsorsium, həm SOCAR tərəfindən layihənin işlənməsi üçün yatırımlar çıxdıqdan sonra bu bölgü olacaq: “Bu tipli layihələrdə investorlar ilkin növbədə qoyduqları vəsaiti geri götürməlidirlər. Bu da bir neçə il çəkə bilər. Layihənin dəyəri kimi ilkin açıqlanan məbləğ 40 milyard dollardır. Amma aşağı da ola bilər, çünki təxmini hesablamalardır. Qoyulan vəsaitin tamamı çıxdıqdan sonra, yəni bütün payçılar öz paylarını götürdükdən sonra hasilatın pay bölgüsü indiki müqavilə şərtlərinə uyğun olaraq (75-in 25-ə) bölünməsinə başlanacaq. Bu da təqribən 10-15 ildən sonra baş verə bilər. Bu da neftin qiymətlərindən asılıdır. Neftin qiymətləri  kəskin artarsa, qoyulmuş vəsait daha tez götürüləcək, azalarsa daha uzun çəkəcək.

SOCAR-ın payı birinci layihədə 11,5 faiz idi, indii 25 faizdir. Bunun müsbət və mənfi tərəfləri var. Ümumi götürsək müsbətdir, çünki pay artıb. Amma bu həm də o deməkdir ki, nə qədər invesitisiya qoyulacaqsa, onun 25 faizini SOCAR, yəni Azərbaycan dövləti təmin etməlidir. Bununla bağlı problemlər yaşana bilər. Azərbaycan böyük investiya layihələrində  iştirak payının  maliyyələşdirilməsi üçün kreditlərə baş vurur. Azərbaycan tərəfi yeni layihənin investisiya tərəfini ödəmək  üçün ya neft fondundan vəsait cəlb olunmalıdır, ya da yenidən daha böyük kreditlərə baş vurmağa məcbur olacaq. Ancaq bir müddətndən sonra qoyulmuş vəsait geri çıxdıqdan sonra  SOCAR-ın payının 25 faiz olması həm şirkətə, həm ölkəyə daha çox gəlir gəlməsinə səbəb olacaq.

Biz bunu ancaq birinci müqavilə ilə müqayisə edə bilərik. Çünki əlimizdə başqa açıqlanan şərtlər yoxdur. Müqayisə eləsək, birinciyə nisbətən daha yaxşı şərtlərdir. Amma bundan da yaxşı şərtlərlə müqavilə imzalamaq olarmı? Təbii ki, uzun zaman danışıqların aparılmasına, bütün detalların daha ciddi araşdırılmasına ehtiyac var idi və Azərbaycanın xeyrinə olacaq hər bir addım uğrunda konsorsiumda, danışıqlarda daha sərt mövqe qoymaq olardı məncə.”

Məqalədə : Əsrin Müqaviləsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru