Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Sentyabr

2017
16:19
1781
Aqil Mehdi: Ukrayna xalqının Yuşenkoya, Timoşenkoya, Paraşenkoya və qalstuk yeyən Saakaşviliyə ehtiyacı yoxdur

FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstanın eks prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Lvova gedərək şəhərin meri Andrey Sadovla ilə "Mons Pius" restoranında görüş keçirib. Görüş zamanı Saakaşvilinin təhlükəsizliyini "Donbass" batalyonu öz üzərinə götürüb. Merlə sabiq qubernatorun görüş keçirildiyi restorana kənar şəxslər buraxılmayıb. 

Lvovun meri görüşdən sonra bildirib ki, Mixail Saakaşvilini Ukraynada görməkdən məmnundur və 10 sentyabrda sərhədçilərin sabiq qubernatora qarşı rəftarı yolverilməzdir.

Poroşenkonun Saakaşvilinin əli ilə, özü də silah gücünə devrilmək istəyi Ukraynanın şərqində və nəzarətindən kənarda yerləşən ərazilər də Kırım ssenarisi ilə ilhaq edilə bilər

Son zamanlar Ukraynada baş verən proseslər və Mixail Saakaşvilinin yenidən Ukraynaya dönməsi məsələsi ilə bağlı FaktXəbər-in baş redaktoru, analitik Aqil Mehdinin münasibətini öyrənmişik.

- Saakaşvilinin Ukraynaya qayıdışı ilə bu ölkədə siyasi proseslər gərgin məcraya yönəldi. Artıq hamı Saakaşvilinin president Pyotr Poroşenkonu devirərək hakimiyyətə gələcəyinə inanır. Maraqlıdır, istər hakimiyyətdə təmsil olunanda, istərsə də müxalifətdə Saakaşvili Ukrayna iqtidarını çox sərt tənqid edir, hətta bir az da irəli gedərək nüfuzlu oliqarxlarla, hüquq müdafiə orqanları ilə sərt tonda danışaraq bəzi vətəndaşların sevimli siyasətçinə çevrildi. Necə ola bilər ki, Ukrayna kimi böyük ölkədə bir gürcü bu populyarlığı qazana bilir, amma ukraynalı yox. Doğurdanmı bu xalqın Poroşenkoyo alternativ siyasətçisi yoxdur?

- Başlayaq o məsələdən ki, Mixail Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. Bu həmin Saakaşvilidir ki, barəsində Gürcüstan tərəfindən axtarış olunmasına və iki ölkə arasında siyasi gərginliyə baxmayaraq, Poroşenko 2015-ci ilin 14 fevralında onu özünün ştatdankənar müşaviri və prezident yanında islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin olunmasına dair fərman imzalamışdı. Saakaşvili Gürcüstanı 2013-cü ilin noyabrında yeni prezidenti Georgi Marqvelaşvinin inauqurasiyasından sonra tərk etdi o, bir neçə cinayət işi üzrə, həmçinin 5 mln dollar həcmində büdcə vəsaitlərini israf etməkdə ittiham olunur.

Hadisələr daha sonra o məcrada irəlilədi ki, Saakaşvili Odessanın qubernatoru təyin edildi və Baş Nazirliyin toplantısında daxili işlər naziri Avakovla bir-birini təhqir edəcək səviyyədə mübahisə etdilər. Ötən ilin noyabr ayında isə səs-küylü istefa reallaşdı. Saakaşvili Poroşenkonun və hökumətinin onu aldatdığını açıqladı. Poroşenko isə öz növbəsində Ukraynanın demokratik ölkə olduğunu, Saakaşvilinin müxalifətə qoşulmaq istəyini müsbət qarşıladığını, hər kəsin istədiyi əqidəyə sahib ola biləcəyini söylədi.

Bu, son 2 ildə Saakaşvili barədə Ukraynada yaşanan hadisələrin xülasəsi idi.

Xatırlayırsınızsa, 2005-ci ildə Ukraynada baş verən və Corc Sorosun dəstəyi ilə həyata keçirilən “Narıncı inqilab” Viktor Yuşşenkonu və Yuliya Timoşenkonu hakimiyyətə gətirdi. Sadəcə bir dönəm prezidentlik, bu cütlüyün işin öhdəsindən gələ bilmədiyini göstərdi və demokratik seçki yolu ilə Ukrayna xalqı Viktor Yanukoviçi hakimiyyətə gətridi. Amma Rusiyaya qarşı strateji bir bölgədə yerləşən Ukraynanı ABŞ əldə vermək fikrində olmadığı üçün aparılan təbliğat və qaralama kampaniyaları ilə yenidən “Maydan” hadisələri təşkil edildi, hətta ABŞ dövlət katibinin müavini Viktoriya Nuland mitinq iştirakçılarına buterbrod paylamışdı. Bu isə sözügedən hadisələrin yenidən birbaşa ABŞ tərəfindən idarə edildiyini göstərirdi. Və Yanukoviç 2014-cü ildə, vəzifə səlahiyyətlərinin bitməsinə bir il qalmış ölkədən qaçmağa məcbur oldu. Poroşenko öz komandası ilə hakimiyyətə gəldi. Həmin hadisələrdən 3 il yarım vaxt keçib. Amma Poroşenko və ətrafı Ukraynada heç nəyə nail ola bilmədi. ABŞ-ın dəstəyinə arxayın olub Ukraynanı güllük-gülüstanlığa çevirəcəyi vədini verdi, daha sonra isə ABŞ-ın təklifi ilə Saakaşvilini özünə köməkçi götürdü, Kırımı itirdilər, Luqansk və Donetsk isə silahlıların əlindədir.

Bu gün isə əvvəldə də qeyd etdiyim kimi Saakaşvili Ukraynada dövlət sərhədini pozmaqda ittiham edilir və onu “Donbas batalyonu” adlı silahlı dəstə qoruyur. Bu addım birbaşa prezident Poroşenkoya silahlı qiyam deməkdir. Hadisələrin necə cərəyan edəcəyi isə gün kimi aydındır. ABŞ Rusiyaya qarşı Poroşenko hökuməti ilə heç bir şey edə bilməyəcəyini nəzərə alıb, Rusiyanı özünə düşmən hesab edən Saakaşvilini nə yolla olursa-olsun hakimiyyətə gətirmək istəyir. Amma unutduqları bir şey var, o da budur ki, Qərb mediası bütün dünyaya Poroşenkonu demokrat, islahatçı prezident kimi təqdim edirdi, bu gün isə Saakaşvilinin ağzı ilə onun əleyhinə rüşvətxor, korrupsiyaya bulaşmış biri kimi danışırlar.

Ukraynanı çətin günlər gözləyir. Poroşenkonun Saakaşvilinin əli ilə, özü də silah gücünə devrilmək istəyi Ukraynanın şərqində və nəzarətindən kənarda yerləşən ərazilər də Krım ssenarisi ilə ilhaq edilə bilər. Digər bir ssenari isə ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilən Yuşenko və Poroşenko kimi şəxslərin Ukraynanın başına açdığı oyunlardan bezən xalqın öz namizədini hakimiyyət başına gətirməsidir. Onda nə kənardan diktə ilə gəlib kimlərinsə siyasətini həyata keçirən Yuşenkoya, Timoşenkoya, Paraşenkoya ehtiyac qalacaq, nə də Saakaşvili kimilərinə. Unutmayaq ki, Saakaşvili mübarizə adamı deyil, o təyyarə səsi gəldikdə qorxudan qalstukunu çeynəyir.

Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru