Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Sentyabr

2017
15:52
854
Millət vəkili: `Müsəlmanların işgəncəyə məruz qalmasının qarşısı alınmalıdır`

"Myanmada baş verənlər təəssüf doğurur. Klassik islam coğrafiyasından bir qədər uzaqda olan Myanmada baş verənlər Yaxın Şərqdə və müsəlman dünyasında baş verənlərin davamı kimi qiymətləndirilməlidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, dünyada dini ayrı seçkiliyin siyasi proseslərin əsas istiqamətlərindən bir kimi müəyyənləşdirilməsi bu vaxta qədər beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən humanitar dəyərlərə ziddir: “Myanmanın Arakan ştatında baş verən hadisələrə də bu konteksdən qiymət vermək lazımdır. Yaxın Şərqdə nə baş verirsə, Arakanda da o baş verir. Müsəlmanları zorla miqrasiyaya məruz qoymaq, onlara işgəncə vermək yolverilməzdir. Bu proseslər qəddarlıqla həyata keçirilir. Öz fəaliyyətini insan hüquqları, humanitar dəyərlər üzərində quran beynəlxalq və regional təşkilatlar bu hadisəyə biganə qalmamalıdır. Birləşmiş Millətlər Təşkilatlarının müvafiq strukturları, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr qətiyyətli addımlar atmalıdırlar ki, XXI əsrdə insanlığın eyibi hesab olunan bu cür hadisələr baş verməsin. Müasir dövrdə şüurlu insanların qətllər törətməsi heç bir halda təqdir oluna bilməz. Bu, heç bir din tərəfindən də qəbul olunmur. Müsəlman dünyasındakı baş verənləri hansı mərkəzlər idarə edirsə, şübhəsiz ki, Myanmada baş verənləri də onlar idarə edir. Təəssüflər olsun ki, bu mərkəzlər dünya siyasətini müəyyənləşdirən islamafob mərkəzlərdir. Bütün bunlar yolverilməzdir”.

"Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə açıqlamasında deyib ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmir: “Düzdür, bəzi dövlətlər - Türkiyə, İran narazılıqlarını ifadə ediblər. Hətta Rusiyada müsəlmanlardan ibarət 1 milyon nəfərlik mitinq keçirilib. Amma yaxşı olar ki, BMT Təhlükəsizlik Şurası səviyyəsində qətnamə qəbul edilsin. Rusiya rəsmiləri hər zaman deyirlər ki, ölkədə 20-30 milyon müsəlman yaşayır. Əgər o qədər müsəlman yaşayırsa, deməli, onların maraqları nəzərə alınmalıdır. Myanmaya qarşı sanksiyalar tətbiq etmək lazımdır. Amma bu barədə fikirlər yoxdur. Çünki həmin dövlət iddia edir ki, ərazidə terrorçu təşkilat var, terrorçular polis postlarına hücum edir. Yəni, guya terrorçu təşkilatla mübarizə aparırlar. Amma terrorçu təşkilatla mübarizə adı altında müsəlmanları qətlə yetirirlər. Bu da rezonansa səbəb olub. Buna adekvat cavab verilməsə, bu cür əməllər gələcəkdə də davam edə bilər. Myanmanın dövlət başçısı Aun San Su Çjin vaxtilə Nobel Sülh Mükafatına layiq görülüb. Amma özü qətliama haqq qazandırır. Bu, SSRİ-nin prezidenti Mixail Qorboçova bənzəyir, o da 1990-cı illin əvvəllərində Nobel Sülh Mükafatı aldı, sonra Bakıda 20 yanvar qətliamını törətdi. Müsəlman aləminin həmrəylik yoxdur, İran və Rusiya istisna olmaqla, digərlərinin etiraz səsi eşidilmir. Görünür, öz problemləri ilə məşğuldurlar. İslam dünyasında baş verən qovğalar ortaq bir reaksiya verilməsinə mane olur”.(Report)

Məqalədə : Myanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru